22 Dekabr 2024, Bazar

Son illər Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi digər sahələr kimi, cərrahiyyənin də inkişafında yeni mərhələ açıb. Əməliyyat bloklarında ən müasir tibbi avadanlıq, aparat və cihazların alınıb qurulması ümumi cərrahi, ginekoloji, uroloji, travmatoloji, ortopedik, oftalmoloji, neyrocərrahi, plastik cərrahi və burun-qulaq-boğaz əməliyyatlarının kəmiyyət və keyfiyyət göstəricilərinə öz müsbət təsirini göstərir. 

Naxçıvanda ilk dəfə böyrək köçürülməsi, qastrektomiya əməliyyatlarının aparılması, yemək borusunun stendləşdirilməsi və plastikası, süni oynaq köçürülməsi, kardiostimulyatorların qoyulması, diafraqmal yırtıqların bərpasının uğurla həyata keçirilməsi yerli kadr hazırlığının yüksəldilməsi ilə yanaşı, həm də müasir tibbi avadanlıqların tətbiqi ilə bağlıdır. Cərrahi əməliyyatlar zamanı ötən ildən tətbiq edilən Ekstrakorporal Membran Oksigenasiyasından həyati funksiyaları yerinə yetirə bilməyən ürək və ya ağciyər çatışmazlığı xəstələrinə müvəqqəti dəstək məqsədilə istifadə olunur.
Kardiocərrahiyyə kabinəsində artiraskop cihazı vasitəsilə diz oynağı əməliyyatları, o cümlədən müxtəlif oynaq əməliyyatları həyata ­keçirilir.

Diaqnostika-Müalicə Mərkəzində muxtar respublika üçün daha bir yenilik olan laparoskopik, transuretral və sistoskopik yolla endos­kopik əməliyyatların aparılması da təqdirə­layiqdir. Laparoskopiya üsulu ilə xüsusi kamera və manipulyatorların köməyilə qarın boşluğunu açmadan cərrahi müdaxilələrin aparılması mümkündür. Bu üsulla öd kisəsinin, böyrəyin kistalarının və xoşxassəli şişlərin çıxarılması, qarın boşluğu orqanlarının zədələnməsi və şişləri zamanı diaqnozun dəqiqləşdirilməsi ilə yanaşı, digər mühüm əməliyyatlar da uğurlu nəticələr verir.
Ümumi cərrahiyyə şöbəsində aparılan mədə rezeksiyası, qastroektomiya, hemokoliektomiya, laparoskopik xolesistoektomiya əməliyyatları da son illərin uğurlarından biridir. Əməliyyat blokunda tibbi texnologiyanın son nailiyyətlərindən biri olan Ligasur-Triad cihazı özündə üç funksiyanı birləşdirir. Cihazdan qarın boşluğunda aparılan istər açıq, istərsə də qapalı əməliyyatların icrasında istifadə olunur. Onun ən böyük üstünlüyü aparılan cərrahi əməliyyatların müddətinin qısaldılması və çətin texniki əməliyyatların asanlaşdırılmasıdır. Digər cihaz isə “ŞTORZ” firmasına aid endoskopik əməliyyat komplektidir. Bu komplekt bir neçə mürəkkəb cihazın birləşməsi nəticəsində əmələ gəlib. Həmin cihazlar vasitəsilə qarın boşluğunda qapalı əməliyyatlar aparılır. Onun istifadə sahəsi çox genişdir. Belə ki, bu cihaz vasitəsilə uroloji, ginekoloji və abdominal əməliyyatlar uğurla icra olunur. Onu da qeyd edək ki, onun vasitəsilə ilk dəfə yerli kadrlar hesabına qapalı appendektomiya, qapalı öddaşı, qapalı yumurtalığın kistası və prostat vəzinin rezeksiyası əməliyyatları uğurla icra olunur.
İstifadəyə verilən müasir tibbi avadanlıqlardan biri də C-qövsvarı rentgen aparatıdır. Bu cihaz vasitəsilə birbaşa əməliyyat zamanı, yəni xəstə əməliyyat masasından qalxmadan mürəkkəb müayinələr aparılır.
Əməliyyat bloklarında katarakta, göz yaşı axacağının bərpası, çəpgözlük kimi göz əməliyyatları da mərkəzin həkimləri tərəfindən uğurla həyata keçirilir.
Mərkəzin Kardiocərrahiyyə şöbəsində yüzlərlə xəstədə angioqrafiya aparılıb, daralmış ürək damarları balonla genişləndirilib, stendlər qoyulub, müxtəlif anadangəlmə və qazanılmış ürək qüsurları bərpa edilib. Şöbədə, həmçinin ürəyin işemik xəstəlikləri zamanı açıq ürək əməliyyatı yolu ilə xəstələrin həyatı xilas edilib. Bu da muxtar respublikada tibb sahəsində əldə edilən mühüm yeniliklərdən biridir. Fərəhli haldır ki, artıq kardiocərrahi manipulyasiya və əməliyyatların hamısı – laparoskopik, transuretral, sistoskopik və oftalmoloji əməliyyatlar kənardan heç bir mütəxəssis dəvət etmədən, yalnız Naxçıvan Diaqnostika-­Müalicə Mərkəzinin həkim kadrları tərəfindən həyata keçirilir və muxtar respublika əhalisinin bu problemlərlə bağlı Bakı şəhərinə, xarici ölkələrə getmələrinə ehtiyac qalmır.
Son zamanlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə artıq humanitar yardım aksiyalarının təşkilində təcrübəsi olan Naxçıvan Diaqnostika­-Müalicə Mərkəzi Kəngərli, Babək və Culfa rayonlarında dəfələrlə humanitar aksiyalar keçirmiş, xəstə­lərin qəbulunu, müayinəsini və onlar üzərində cərrahi müdaxilə­lər aparılmasını yüksək səviyyədə ­reallaşdırmışdır.

Hüseyn ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR