Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimovun və baş həkimin müavini İlkay Əliyevanın “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çap olunmuş “Məktəblərdə və bağçalarda tibbi xidmətin təşkili” adlı kitabı oxuculara təqdim olunub.
Səhiyyə maarifi xarakteri daşıyan metodik vəsaitdə qeyd olunur ki, bu gün ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nın icrası ilə ana və uşaqlara tibbi xidmət göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb.
Muxtar respublikada uşaq əhalisinin sağlamlığını qorumaq və onlara daha yaxşı xidmət göstərmək üçün uşaqlar bağça və məktəblərdə tibbi xidmət ilə əhatə olunub, tibb otaqları və məntəqələri təşkil edilib. Yeni metodik vəsait həmin məntəqələrdə çalışan tibb işçilərinə müəyyən kömək göstərmək məqsədilə hazırlanıb. Kitabda məktəb tibb işçilərinin vəzifələrindən bəhs olunarkən bildirilir ki, tibb məntəqəsinin həkim və tibb bacısı məktəbdə təhsil alan şagirdlərin sağlamlıqlarına nəzarət etməklə yanaşı, şagirdlərin tibbi maariflənməsinə, məktəbdə sanitar-gigiyenik tədbirlərin aparılmasına, epidemioloji rejimin qorunmasına ciddi diqqət yetirməlidirlər. Onlar cari və profilaktik tədbirlərin həyata keçirilməsinə, məktəbdə satılan və hazırlanan ərzaqların təhlükəsizliyinə nəzarət etməli, hər gün şagirdlərin sağlamlıq vəziyyəti ilə maraqlanmalı və xəstəliklə əlaqədar dərsə gəlməyən uşaqlar haqqında məlumat aldıqda dərhal uşaq poliklinikasına məlumat verməlidirlər.
Hər bir məntəqənin həkim və orta tibb işçisi üçün stolüstü kitab olacaq bu vəsaitdən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin və Naxçıvan Tibb Kollecinin tələbələri də istifadə edə bilərlər.
Metodik vəsait Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qərarı ilə çap olunmuşdur.
Hüseyn ƏSGƏROV