Muxtar respublikamızda yanvar ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib. İnfeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Yeni doğulmuş uşaqların 302 nəfəri idarəolunan yoluxucu xəstəliklərə görə BSJ, hepatit B, poliomielit peyvəndi alıb. Ay ərzində aşkar olunan hepatit xəstəliklərinə qarşı müvafiq profilaktik tədbirlər görülüb, yoluxma mənbələri müəyyənləşdirilib və səhiyyə maarifi işi aparılıb.
Gözəllik salonlarında, bərbərxanalarda, stomatoloji kabinələrdə, oyun zallarında sanitar-gigiyenik qaydalara əməl olunması, işlədilən alətlərin sterilizasiya edilməsi, obliqat qrup kimi işçilərin tibbi müayinələrdən keçmələri, dezinfeksiya istiqamətində müvafiq tədbirlər görülüb.
Uşaq və yeniyetmə müəssisələrində maarifləndirici və dezinfeksiya tədbirləri aparılıb, eyni zamanda kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd gömrük məntəqələrində profilaktik sağlamlaşdırıcı əks-epidemik tədbirlər həyata keçirilib.
Yanvar ayı ərzində Bakterioloji laboratoriya fəaliyyətini davam etdirib. 74 su, 17 yuyuntu və 1143 digər nümunələrin müayinələri aparılıb.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 159, təhsil üzrə 792, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 98, kommunal sahələr üzrə 45, sürücülük üzrə 8 nəfər olmaqla, bütövlükdə, 1102 nəfər müayinədən keçib.
Sanitariya-kimyəvi laboratoriyalar şöbəsinin Qidalanma gigiyenası laboratoriyasında 3 nümunədə 11 müayinə aparılıb, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun norma daxilində olduğu, həmçinin dəmir preparatı ilə unun zənginləşdirilməsinə görə 1 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının tələbata uyğunluğu aşkar edilib.
Kommunal gigiyena laboratoriyasında 14 nümunədə 36 müayinə, Toksikoloji, xarici mühit və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 2 nümunədə 8 müayinə aparılıb.
Əhalinin sanitariya sahəsində maarifləndirilməsi məqsədyönlü şəkildə həyata keçirilib, 41 mühazirə oxunub. Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən tikinti və inşaat obyektləri sanitar-gigiyenik vəziyyətə görə yoxlanılıb, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün xəbərdarlıqlar edilib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti