22 Dekabr 2024, Bazar

Tibbi xidmətlərin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı bu gün dövlətin qarşısında duran vəzifələr kimi mühüm yer tutur. Bu prinsip əsas götürülərək ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi muxtar respublikanın səhiyyə sistemində həyata keçirilən mühüm tədbirlərdəndir.
1996-2016-cı illər ərzində 266 səhiyyə obyektinin tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi muxtar respublikada səhiyyə sahəsində görülən işlərin əsas göstəricisidir. Təkcə ötən il Şərur Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri aparılaraq yeni avadanlıqlar quraşdırılmış, Ordubad rayonunun Üstüpü kəndində həkim ambulatoriyası, Naxçıvan şəhərinin Tumbul, Qaraxanbəyli, Şərur rayonunun Çəmənli, Arpaçay, Qarahəsənli, Ələkli, Babək rayonunun Payız, Gərməçataq kənd­lərində feldşer-mama məntəqələri tikilərək və yenidən qurularaq istifadəyə verilmişdir. Duzdağ Fizioterapiya Mərkəzində yeraltı bölmədə əlavə palata yaradılmaqla çarpayı sayı 280-ə çatdırılmışdır. Bu il yanvarın 11-də isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidənqurmadan sonra istifadəyə verilməsi gələcəyimiz olan uşaqlara göstərilən tibbi xidmətin səviyyəsini daha da yüksəldəcəkdir.

Son illər müasir tibbi avadanlıqların alınıb gətirilməsi, müvafiq səhiyyə müəssisələrində qurulması tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində yeni mərhələyə çevrilmişdir. Qeyd edək ki, alınan bu tibbi avadanlıqlar dünyanın qabaqcıl ölkə­lərinin istehsalıdır.
Ötən il muxtar respublikanın səhiyyə sisteminin maddi-texniki bazası daha da gücləndirilmiş, fizioterapevtik müalicələr üçün avadanlıqlar alınaraq 51 kənd həkim ambulatoriyasında quraşdırılmışdır. Elektroterapiya və ultrasəslə, ultra­yüksəktezlikli cərəyanla müalicə aparatları, parafinəritmə qazanı, Solyusk lampası ilə müalicələr kənd­lərdə insanların hərtərəfli səhiyyə xidməti ilə təmin olunmasına şərait yaratmışdır. Ambulatoriyalarda yerləşdirilmiş fizioterapevtik avadanlıqların işlədilməsi ilə əlaqədar tibb bacılarının hazırlanması və aparatların işlədilməsi istiqamətində müəyyən işlər görülmüş, həmin səhiyyə müəssisələrində çalışan orta tibb işçiləri Naxçıvan Tibb Kollecində bir aylıq müvafiq kurs keçmiş, Naxçıvan Muxtar Respublika Xəstəxanasında isə praktik vərdiş­lərə yiyələnmişlər.
Qeyd edilməlidir ki, fizioterapevtik üsullar dərman qəbul etmədən çox təsirli və sınanmış müalicə üsullarıdır və bunun insan orqanizminə heç bir mənfi təsiri yoxdur. Hazırda kənd ambulatoriyalarında bu üsulla müalicələrə start verilib. Həmin səhiyyə müəssisələrindən biri də Culfa rayonunun Yaycı kənd həkim ambulatoriyasıdır. 6 min 549 nəfərə xidmət edən bu ambulatoriya əhaliyə xəstəxanadankənar həkim yardımı göstərən müalicə-profilaktika müəssisəsidir. Ambulatoriya ərazi sahə prinsipi üzrə – kənd sakinlərinə ixtisaslı stomatoloji, ginekoloji, pediatrik tibbi yardım göstərir.
Yeni ilin ilk günlərindən fəaliyyətə başlayan fizioterapiya kabinəsində hazırda 10 nəfər müalicə alır. Parafin müalicəsi bir neçə üsulla aparılır. Bu müalicə metodundan dayaq-­hərəkət aparatı, sinir sistemi, dəri – xüsusən sklerodermiya, pullu dəmrov, donvurma, çapıq xəstəliklərində istifadə olunur. Qeyd edək ki, açıq yaralar, hissi problemlər, kəskin iltihabi xəstəliklər, dəri infeksiyaları, lokal şişlər, ürəyin işemik xəstəlikləri, epilepsiya və digər xəstəliklər zamanı bu müalicə əks göstərişlidir.
Ambulatoriyada üçüncü tibbi prosedur alan Eyvaz Hüseynov başqa yerlərə getmədən öz doğma kəndində müalicə edildiyinə görə minnətdarlığını bildirərək bütün bunları əhalinin sağlamlığına yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirdi.
Ötən il noyabrın 21-də açılışı olmuş Ordubad rayonunun Üstüpü kənd həkim ambulatoriyasında da tibbi xidmətin nümunəvi təşkili diqqət mərkəzində saxlanılır. Ambulatoriyada 8 otaq – baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, mama, qeydiyyat otağı və əczaxana yerləşir. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, mikroskop və digər tibbi avadanlıqlar qoyulmuş, fizioterapiya kabinəsi yaradılmışdır. Kabinədə elektroterapiya və ultrasəslə, ultrayüksəktezlikli cərəyanla müalicə aparatları, parafin­əritmə qazanı və Solyusk lampası vardır. Bu müasir tibbi avadanlıqlar səhiyyə xidmətinin nümunəvi təşkilinə imkan verir. Fizioterapevtik müalicə üsullarından biri – elektroforez uğurla tətbiq olunur. Elektroforez prosesi zamanı elektrik yükü olan atomlar elektrik sahəsində hərəkət edir. Müxtəlif kimyəvi maddələr suda ionlara parçalanır və bu ionlar elektrik cərəyanı təsirindən hərəkət edərək insanın dərisindən, selikli qişalardan daxilə keçir, daha sonra isə qana və limfaya sorularaq müxtəlif orqanlara çatdırılır və müalicəvi təsir edir.
Fizioterapiya kabinəsi Babək rayonunun 2009-cu ildə istifadəyə verilmiş Sirab kənd ambulatoriyasında da yeni xidmət sahəsidir. Bu səhiyyə müəssisəsinin xidmətindən 4 minə qədər insan istifadə edir. Onlardan biri də kənd sakini Zenfira Səfərovadır. Ona elektroforez aparatı ilə xidmət göstərilməyə başlanandan sonra səhhətində müsbət dəyişikliklər baş verdiyini məmnunluqla ifadə etdi.
Tibb bacısı elektrostimulyasiyanın sinir travmaları, parezlər, insult qalıqları zamanı təyin olunduğunu bildirərək dedi ki, aparatın dalğası ağrı­kəsici təsirə malikdir, yerli qan dövranını yaxşılaşdırır, sinir sisteminə stimulyasiyaedici, ödəmazaldıcı təsirləri vardır. Belə aparatlar rayonun Didivar, Kərimbəyli, Şıxmahmud, Qahab, Güznüt, Çeşməbasar, Yarımca və Zeynəddin kənd ambulatoriyalarında da qurulmuşdur.
Naxçıvan şəhərinin Qaraçuq kənd həkim ambulatoriyası da son illərin quruculuq ünvanlarından biridir. İkimərtəbəli ambulatoriya 11 otaqdan ibarətdir. Burada baş həkim, ginekoloq, doğuş, pediatr, peyvənd, mama, tibb bacısı, qeydiyyat, müayinə, manipulyasiya otaqları, stomatoloji kabinə, palata və əczaxana vardır. Səhiyyə ocağında müasir avadanlıqlar və istilik sistemi quraşdırılmış, tibb işçilərinin səmərəli fəaliyyəti təmin olunmuşdur. Səhiyyə müəssisəsi Qaraçuq kəndi ilə yanaşı, Qaraxanbəyli və Bulqan kənd sakinlərinə də xidmət göstərir.
Ambulatoriyada yeni ilin ilk günlərindən fəaliyyətə başlayan fizioterapiya kabinəsinə gələnlərin sayı artmaqdadır. Burada aparılan ultrasəs müayinəsi zamanı ultrasəs dalğalarından müalicə məqsədilə istifadə edilir. Müalicə zamanı insan orqanizminə mexaniki, istilik və fiziki-kimyəvi amillər təsir edir. Fasiləli və akustik təsir nəticəsində toxumalarda vibrasiya və mikromasaj effekti yaranır. Ağrıkəsici, damargenişləndirici təsir göstərir.
Şərur rayonundakı Danyeri kənd həkim ambulatoriyasında baş həkim, ginekoloq, doğuş, pediatr, peyvənd, mama, tibb bacısı, qeydiyyat, müayinə, manipulyasiya otaqları, stomatoloji kabinə, palata və əczaxana vardır. İkimərtəbəli səhiyyə ocağında müasir avadanlıqlar və istilik sistemi quraşdırılmış, tibb işçilərinin səmərəli fəaliyyəti təmin olunmuşdur. Artıq burada fizioterapiya kabinəsi də fəaliyyət göstərir. 10-a yaxın xəstəyə fizioterapiya sahəsində geniş istifadə edilən elektroforez müalicəsi tətbiq olunub. Bu üsul fizioterapiya və farmakologiya sahələri arasında qalan müalicə vasitəsidir.
Kəngərli rayonunun Xok kəndi muxtar respublikanın böyük yaşayış məntəqələrindən biridir. Burada 5 mindən artıq sakin yaşayır. Kənddə əhalinin çoxluğu nəzərə alınaraq burada da həkim ambulatoriyası yaradılmış və müvafiq ştatlarla təmin olunmuşdur. Yaradılan şərait və mövcud tibbi heyət kənddə səhiyyə xidmətinin nümunəvi şəkildə qurulmasına imkan verir.
İkimərtəbəli və 11 otaqdan ibarət olan ambulatoriya lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuşdur. Hazırda burada 11 tibb işçisi sakinlərə xidmət göstərir. Onlar peyvənd işinin vaxtlı-vaxtında aparılmasına, səhiyyə maarifi işinin ardıcıl olaraq həyata keçirilməsinə diqqət yetirirlər. Fizioterapiya kabinəsində aparılan elektroforez proseduru 10 dəqiqədən 30 dəqiqəyə kimi davam edir. Müalicə kursu 10-20 seans olmaqla, göstərişə əsasən hər gün və ya günaşırı həyata keçirilir.
Hazırda Kəngərli rayonunun Qarabağlar, Şahtaxtı, Çalxanqala, Şahbuz rayonunun Kükü, Sələsüz, Nursu, Biçənək, Kolanı, Keçili və muxtar respublikanın digər kəndlərində, həmçinin Sədərək rayonunun Heydər­abad qəsəbəsində də fizioterapiya kabinələri əhalinin xidmətindədir.
Səhiyyə sistemində həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, əvvəllər muxtar respublika sakinləri müalicə üçün başqa ünvanlara, eləcə də xaricə üz tuturdularsa, bu gün artıq öz kəndlərində müasir aparatlar vasitəsilə keyfiyyətli müalicə alırlar. Görülən genişmiqyaslı işlər göstərir ki, muxtar respublikada səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir.

Hüseyn ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR