Günümüzdə elə bir xəstəlik yoxdur ki, radiologiyadan istifadə edərək onun diaqnostikasını aparmaq mümkün olmasın. Bu gün radiologiyanın imkanlarından istifadə edərək vaxtilə çətin aşkarlanan xəstəliklərə daha dəqiq diaqnoz qoymaq mümkündür.
Bu barədə həmsöhbət olduğum Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimi Vasif Seyidov bildirdi ki, son illərin istehsalı olan tibbi avadanlıqların tətbiq olunması ilə xəstənin radiasiyaya məruzqalma müddəti əvvəlki dövrlərlə müqayisədə çox azalıb. Ona görə də bu müayinədən çəkinməyə ehtiyac yoxdur. Müayinələr yalnız həkim məsləhəti ilə aparılmalıdır. Bu isə xəstənin vəziyyəti ilə bağlıdır. Onkoloji xəstələrin müayinəsi məsələsində də xəstənin vəziyyəti nəzərə alınmalıdır. Zərurət olan yerdə, təbii ki, radiasiyanın miqdarı o qədər də əhəmiyyət kəsb etmir. Ancaq kiminsə bir yeri ağrıyırsa, dərhal radioloji müayinəyə üz tutması da doğru deyil.
Ultrasəslə müayinə mütəxəssisi radiologiyada, şüa diaqnostikasında hər müayinə metodunun özünəməxsus rolunun olduğunu vurğuladı. Bəzi orqan və toxumaları bu vasitə ilə də dəqiq görməyin mümkün olmadığını bildirdi. Belə ki, sümüklə əhatə olunmuş toxumalar, eləcə də beyin toxuması ultrasəs müayinəsi zamanı görünmür. Yalnız yeni doğulanlarda əmgək açıq olduğu üçün oradan beyin toxumasını görmək mümkün olur. Eləcə də mədə, bağırsaq kimi bəzi orqanlarda ultrasəs müayinəsi aparıb, dəqiq nəticə əldə etmək imkanları çox azdır. Çünki bu cür orqanlarda ultrasəs dalğaları udulduğundan tam görüntü almaq mümkün deyil.
Vasif Seyidov ultrasəs müayinəsinin zərərsiz olduğunu da vurğuladı. Bildirdi ki, bu müayinə, hətta hər saatdan bir də aparıla bilər. O, bunu belə izah etdi ki, istifadə etdiyimiz bir çox elektron cihazların ötürdüyü ultrasəs dalğalarını, demək olar ki, gündəlik qəbul edirik. Məsələn, mobil telefonun yaydığı dalğalar müayinə zamanı aldığımız şüadan daha çox olur. Ona görə də bu müayinə üsulundan hamilələrdə, yeni doğulanlarda çox geniş istifadə edilə bilər. Yeni doğulanlarda həm beyin, həm onurğa, həm də qarın boşluğu orqanlarının vəziyyətinin öyrənilməsində ultrasəs müayinəsi əvəzsizdir. Amma hamilələrdə bu müayinələr müəyyən mərhələlərdə aparılmalı, tez-tez təkrarlanmamalıdır.
Radioloq onu da xüsusi vurğuladı ki, ultrasəs müayinəsinin nəticəsinin dəqiqliyi onu aparan mütəxəssisin təcrübəsindən çox asılıdır.
Həkim digər bir müasir müayinə üsulundan da danışdı. Bildirdi ki, bu müayinədə incə və avtomatik iynələrlə qalxanvarı və süd vəzilərində, böyümüş limfa düyünlərində biopsiyaların aparılması da mümkündür. Bu isə xəstəliyin izləndiyi nahiyədən heç bir kəsik aparmadan həmin orqan toxumasından bir nümunə götürməklə oradakı xəstəlik haqqında məlumat almağa imkan verir.
Digər həmsöhbətimiz Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim-radioloqu İsmayıl Quliyev də kompüter tomoqrafiya müayinələri zamanı ötürülən radiasiyanın böyük ziyanları haqda deyilənlərin yanlış olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, əslində, texnologiyanın inkişafı sayəsində artıq bir neçə saniyə ərzində dəqiq görüntü almaq, çəkim müddətini də, radiasiyanın səviyyəsini də azaltmaq mümkündür.
İsmayıl həkim bütün bunlarla yanaşı, bu müayinələrin yumşaq toxumalar üçün həssaslığının çox da yüksək olmadığını da bildirdi. Radioloq qeyd etdi ki, qarın boşluğu orqanlarının cərrahi xəstəlikləri zamanı kompüter tomoqrafiya müayinəsi əvəzolunmazdır. Bu müayinə müəyyən orqanlarda, xüsusən ağciyər xəstəliklərinin aşkar edilməsində çox geniş istifadə olunur. İstər onkoloji, istərsə də digər xəstəliklər zamanı həmin metod yaxşı effekt verir.
Kontrast maddənin köməyi ilə aparılan kompüter tomoqrafiya müayinələri barədə danışan həkim dedi ki, bu maddə orqan və toxumalarda yayılaraq onları rənglə boyayır və daha yaxşı görüntü əldə etməyə imkan verir: – Xəstələr bəzən kontrast maddə qəbul etməkdən bir qədər ehtiyatlanırlar. Doğrudur, bu maddə veriləndən sonra xəstədə bəzi ağırlaşmalara da təsadüf edilir. Belə hallarla üzləşməmək üçün həmin maddədən istifadə olunmur. Amma nəzərə almaq lazımdır ki, bu maddə düzgün diaqnoz qoyulmasında mühüm rol oynayır. Bundan çəkinmək doğru olmaz.
Kontrast maddənin verilməsi zamanı orta və ağır dərəcədə rast gəlinən ağırlaşmalara gəlincə, xüsusi dərmanların köməyi ilə aparılan müdaxilələrlə bu halı aradan qaldırmaq mümkündür. Amma “kontrast nefropatiyası” adlanan bir hal da var ki, bu da kontrast maddəsi qəbul olunandan sonra bəzi xəstələrdə, xüsusilə də şəkərli diabetdən, xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanlarda baş verə, hətta 24-48 saat ərzində kəskin böyrək çatışmazlığına gətirib çıxara da bilər. Hərçənd ki, belə hallara çox az rast gəlinir və qarşısı alınır. Müalicə ilə xəstə 10-15 gün ərzində sağalır. Ona görə də risk faktoru olan insanlara müayinədən əvvəl “hidrotasiya” adlanan metod tətbiq olunmalıdır. Yəni həmin xəstə bir gün əvvəl çoxlu maye qəbul etməlidir. Belə olanda ağırlaşmanın qarşısını almaq mümkündür.
Şəkərli diabet xəstələrinin qəbul etdiyi bəzi dərmanlar da kontrast maddə ilə reaksiyaya girib müəyyən problemlər yarada bilər. Ona görə də kontrastlı tomoqrafiya müayinəsindən bir gün əvvəl və bir gün sonra həmin dərmanı içməmək lazımdır.
İsmayıl həkim onu da vurğuladı ki, hamilə və hamiləlik ehtimalı olan qadınlarda kompüter tomoqrafiya müayinəsinin aparılması qadağandır. Ən zəruri hallarda belə, onlara başqa müayinələr tətbiq olunmalıdır. Amma bilmədən müayinə aparılıbsa, ələlxüsus da bu, hamiləliyin ilk üç ayında baş veribsə, daha təhlükəli sayılır. Bu müayinə döldə anomaliyalar yarada, mikrosefaliya, onkoloji problemlər, leykoz və digər qan xəstəliklərinə səbəb ola bilər. Ona görə də həmin müayinə ilk üç ayda təsadüfən aparılıbsa, verilən doza hesablanmalıdır. Dozanın səviyyəsi yüksəkdirsə, hamiləliyi sonlandırmaq məsləhət görülməlidir.
Həkim onu da qeyd etdi ki, südverən ana kompüter tomoqrafiya müayinəsindən sonrakı 24 saat ərzində körpəyə süd verməməlidirlər. Bütün hallarda bu müayinə həkimin göstərişi ilə aparılmalıdır.
Maqnit rezonans tomoqrafiya müayinəsinin ziyanlarının olması barədə məlumatların da yanlış olduğunu deyən radioloq onu da bildirdi ki, bu müayinə qapalı mühitdə aparıldığı üçün insanların bir çoxunda qorxu, həyəcan hissi yaradır: – Bəzi xəstələr hətta bu müayinədən imtina edirlər. Belə xəstələrə açıq maqnit rezonans tomoqrafiya məsləhət görürük. Onların fərqi isə bundadır ki, açıq maqnit rezonans tomoqrafiyanın daha normal görüntü almaq imkanı qapalıya görə aşağı sayılır. Həm də bu zaman çəkim müddəti daha uzun olur.
Hamilələrin, uşaqların maqnit rezonans tomoqrafiya müayinəsindən keçməsi ilə əlaqədar hər hansı qadağa yoxdur və bu müayinə onlara da tətbiq olunur. Yumşaq toxumaların, dayaq-hərəkət sistemi, beyin toxuması müayinələri zamanı maqnit rezonans tomoqrafiya müayinəsinin üstünlükləri çoxdur.
Qeyd olunmalıdır ki, hər xəstəlikdə həmin müayinənin aparılması doğru deyil. Onun mənfi cəhəti dəmirə həssaslığıdır. Ürəyində kardiostimulyator olanlara bu müayinənin aparılması qadağandır. Ortopedik protezlərlə də bağlı qadağalar var. Amma son dövrlərdə hazırlanan protezlər müayinə üçün uyğun sayılır. Bununla belə, onlar da bəzən görüntünü poza, müayinə olunan sahənin üzərini örtə bilər. Amma son texnologiyaların bu halı da aradan qaldırmaq imkanları var.
Onu da qeyd edək ki, vaxtilə bu tibbi avadanlıqların heç biri muxtar respublikamızın səhiyyə müəssisələrində yox idi. Ötən illər ərzində bu sahənin inkişafı, səhiyyə ocaqlarımızın müasir tibbi avadanlıqlarla təchiz olunması son tibbi müayinə üsullarının tətbiqinə, xəstəliklərin vaxtında aşkarlanıb qarşısının alınmasına geniş imkanlar açıb. Artıq muxtar respublika sakinlərinin bir sıra mühüm müayinələrə görə digər yerlərə üz tutmalarına ehtiyac qalmayıb. Səhiyyə sahəsində uğurla aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər muxtar respublikamızda bu sahəni müasir inkişaf səviyyəsinə yüksəldib.
Ramiyyə ƏKBƏROVA