Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində “Vərəmin aşkarlanması, profilaktikası və kimyaterapiyası” mövzusunda praktik təlim öz işinə başlayıb. Təlim Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda səhiyyənin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanda gedən səhiyyə islahatlarına dəstək vermək, müasir yanaşma və təcrübəni tətbiq etməkdir. Bu təlim “Azərbaycanda səhiyyənin gücləndirilməsi” layihəsinin vərəm üzrə baş məsləhətçisi, tibb üzrə fəlsəfə doktoru Aleksandr Dmitriyeviç Pasiçnikov və Elmi-Tədqiqar Ağciyər Xəstəlikləri İnstitutunun elmi işlər üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru İradə Axundova tərəfindən aparılır.
Muxtar respublikamızda bu təlimin keçirilməsində məqsəd isə Naxçıvanda vərəm xəstələrinin aşkarlanmasında, müalicəsində və profilaktikası sahəsində beynəlxalq təcrübə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş klinik protokollar üzrə tövsiyələrin həkimlərə praktik olaraq çatdırılmasıdır. Muxtar respublikada fəaliyyət göstərən həkim-ftiziatrların iştirak etdiyi təlimdə əldə edilmiş bilik və bacarıqları bilavasitə tətbiq etmək üçün praktik məşğələlər də aparılır.
Təlimin ilk sessiyasında “Vərəmlə mübarizədə əsas prinsiplər”, “Vərəmin aşkarlanma strategiyası”, “Risk qruplarının müəyyən edilməsi prinsipləri”, “İnfeksion nəzarətin əsasları”, “Vərəmin müalicəsində standart kimyəvi terapiya sxemləri” və digər mövzularda məruzələr oxunub, müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti