Muxtar respublikanın ümumtəhsil məktəblərində I-XI sinif şagirdləri arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar edilib vaxtında müayinə və müalicəyə cəlb olunması üçün aparılan kütləvi diaskin sınağı başa çatıb.
Noyabrın 27-dən start götürən kütləvi müayinələrə 6 min 473 nəfər cəlb edilib. Diaskintestin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə rayon mərkəzi xəstəxanaları, şəhər, rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən ərazi prinsipi üzrə bir həkim və iki tibb bacısından ibarət xüsusi briqadalar yaradılıb.
Aparılan səhiyyə maarifi tədbirlərində bildirilib ki, vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlik olduğundan dünyada hər dəqiqə iki insanın həyatına son qoyur və əhalinin əməkqabiliyyətli hissəsini sıradan çıxarır.
Diaskintest yüksək həssas və spesifik preparat kimi insan orqanizminin yalnız patogen vərəm mikrobakteriyalarında olan xüsusi proteinlə tam tanış olduğunu göstərir. Mantu sınağında dəqiqlik 70 faizdirsə, diaskintestdə bu göstərici 98 faizdir. Bu testin bir fərqi də mantu sınağında rast gəlinən allergik reaksiyaların və yalançı müsbət nəticələrin olmamasıdır. Bir sözlə, diaskintest vərəmə yoluxmuş xəstələrin erkən aşkar olunması və yoluxmuş insanların müalicəsinin effektivliyini göstərən dəqiq sınaq üsuludur.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti