22 Dekabr 2024, Bazar

Bu gün Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlət qarşısında duran ən mühüm vəzifələrdəndir. Aparılan genişmiqyaslı islahatlar çərçivəsində səhiyyə ocaqları üçün yeni binalar tikilir, mövcud binalar yenidən qurularaq ən müasir tibbi avadanlıqlarla təchiz olunur. Bu tibbi avadanlıqlar insan sağlamlığının keşiyində dayanan səhiyyə işçilərinin işini asanlaşdırmaqla bərabər, əməliyyat zamanı yarana biləcək təhlükəli halların qarşısını almağa da kömək edir. Səhiyyə ocaqlarımız göstərilən dövlət qayğısı sayəsində günü-gündən yeni-yeni uğurlara imza atırlar.

Yaxın günlərdə muxtar respublika rəhbərinin göstərişi ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Ekstrakorporeal Membran Oksigenasiyası (ECMO) kimi insan həyatı üçün mühüm olan bir cihazla təmin olunub.
Bu barədə həmsöhbətimiz Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimi, ürək-damar cərrahiyyəsi uzmanı, ekstrakorporeal Membran Oksigenasiyası (ECMO) cihazı üzrə xüsusi kurs keçən kardiocərrah Cabir Gülmalıyevdir.
Həkim bildirir ki, ilk uğurlu ECMO 1971-ci ildə həkimlər J.Donald Hill və Maury Bramson tərəfindən Kaliforniyada tətbiq olunub. Mexaniki qan dövranı dəstək sistemlərindən biri olan ECMO istifadəsi texnologiyadakı inkişaf və istifadə təcrübəsində təkmilləşmə ilə birlikdə son illərdə ciddi inkişaf yolu keçib.

Azərbaycan Respublikasının az sayda səhiyyə mərkəzlərində mövcud olan ECMO cihazı ağciyər və ya ürək çatışmazlığı olan xəstələrdə başqa bir müalicə alternativi qalmadığı və ya uğursuz olduğu vəziyyətlərdə orqan zədələnməsinin qarşısını almaq üçün istifadə edilən müvəqqəti dəstək sistemidir. Bu aparatdan həyatı davam etdirmək üçün lazımi funksiyaları yerinə yetirə bilməyən ürək və ya ağciyər çatışmazlığı olan xəstələrə müvəqqəti dəstək məqsədilə istifadə edilir ki, bu da yarana biləcək orqan zədələnməsinin qarşısını alır. Cihazın işləmə mexanizmindən danışan həkim qeyd etdi ki, texniki olaraq qan venoz qan dövranından orqanizmin xaricinə çəkilir və oksigen artırılıb karbon-dioksid azaldılaraq, təkrar ya venoz qan dövranına, ya da arterial sistemə geri verilir. İşləmə prinsipi olaraq açıq ürək əməliyyatlarında gündəlik istifadə olunan süni ağciyər-ürək aparatının fərqli modifikasiyasıdır. Cihazın iki növü olduğunu deyən həkim bildirdi ki, venoarterial (VA) ECMO, həm oksigenverici, həm də qan dövranına mexaniki dəstək məqsədilə ürək və ağciyər çatışmazlığının birlikdə olduğu vəziyyətlərdə istifadə edilir. Venovenoz (VV) ECMO isə sadəcə, ağciyər çatışmazlığı olan vəziyyətlərdə oksigen alış-verişinə dəstək məqsədilə istifadə olunur. Qan venoz sistemdən çəkilib təmizləndikdən sonra təkrar venoz sistemə verilir. Ümumiyyətlə, ECMO-nun istifadəsində fizioloji olaraq məqsəd toxumalarda normal oksigen dövranını tənzimləmək və ağciyərlər istirahət edərkən karbon-dioksidi uzaqlaşdıraraq normal aerobik metabolizmaya şərait yaratmaqdır.
Cabir həkim onu da qeyd etdi ki, süni qan dövranı və ya ürək-ağciyər aparatı isə ürək cərahiyyəsi şöbələrində istifadə edilir. Bu cihazlar tam şəkildə insanın ürək və ağciyərinin fəaliyyətini əvəz edir, o cümlədən hemodinamikanı saxlayır və venoz qanın oksigenasiyasını təmin edir.
Həyat sevinc, xoşbəxtlik və çətinliklərlə birlikdə yaşanır. Bir çox dərd və çətinlik insanın qarşısına çıxa bilər. Ancaq bütün bu problemlər sağlamlıq qədər əhəmiyyətli deyil. Unutmayaq ki, cansağlığı insan üçün ən vacib nemətdir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR