22 Dekabr 2024, Bazar

Növbəti yazıma başlamaq üçün bəzi Kitabları vərəqləyirəm. “Yüksək əqidə” kitabında maraqlı bir Şərq məsəli ilə qarşılaşıram. “Yaxşı həkim yalnız yaxşı həkimdirsə, ondan yaxşı həkim olmaz. ...Cəmiyyətin ən şairanə və gülərüzlü şəxsiyyətləri olmaqla onlar həvəsləndirir, fərəhləndirir və nəcibləşdirirlər”. Həqiqətən də, gözəl deyimdir. Hamımıza məlum olan faktdır ki, həkimin hansısa tibbi avadanlıqlar vasitəsilə müayinəsindən öncə onun davranışı, baxışı, sözü-söhbəti qarşısındakı insanın sağalmasına səbəb olmalıdır; insanlara xoş olan nələrisə xatırlatmalıdır; insanlarda inam yaratmalıdır. Elə böyük şəfa ocaqlarının orta əsrlərdə məşhur təbiblərin və müqəddəslərin adı ilə bağlanılması ənənəsi də buradan meydana çıxmışdı. Orta əsrlərdə dövrünün görkəmli tibb alimləri olmuş şəxslərin yaşadıqları mənzillərin və yaxud məzarlarının sonrakı tarixi dövrlərdə müqəddəs ocaq və ziyarətgahlara çevrilməsi ilə bağlı təkcə ölkəmizdə onlarla fakt mövcuddur.

İnsan kimi həyat yoluna, tibb sahəsi mütəxəssisi kimi peşə fəaliyyətinə, alim kimi elmi əsərlərinə dərin bələd olan insanların – Zərifə xanım Əliyevanın müasirlərinin də bu gözəl insanı xarakterizə edərkən önə çəkdikləri ən mühüm cəhətlərdən biri budur. Onun davranışı, mehribanlığı çalışdığı tibb ocaqlarına üz tutan xəstələr üçün bir müalicə olub. Elə bu səbəbdəndir ki, bu gün ölkəmizin bir neçə ən böyük şəfa ocaqları, tibbi elmi-tədqiqat mərkəzləri məhz görkəmli alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Bu məkanlar içərisində isə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının xüsusi yeri var. Ambulatoriyadan ən müasir tələblərə cavab verən poliklinikaya qədər inkişaf yolu keçmiş bu şəfa ocağının tarixi XX əsrin 20-ci illərindən başlayır. Məlum olduğu kimi, 1920-ci ilin iyul ayının 28-də Naxçıvanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk tədbirlərdən biri kimi inqilab komitəsinin dekreti ilə səhiyyə komissarlığı yaradılmışdır. Elə həmin ildə də Naxçıvan Şəhər Xəstəxanası açılmışdır. Səhiyyə xidmətinə, ilk növbədə, diqqət yetirilməsinə səbəb 1918-1920-ci illərdə erməni quldur dəstələri tərəfindən törədilən qırğınlar, aclıq və səfalət nəticəsində sürətlə yayılmaqda olan yoluxucu xəstəliklərin qarşısını almaq olmuşdur. 1921-ci ildə Naxçıvan Şəhər Xəstəxanasının nəzdində 5 ştatdan ibarət Naxçıvan Şəhər Ambulatoriyası yaradılmışdır. 1930-cu ildən isə ambulatoriya şəhər xəstəxanasının nəzdində mərkəzi poliklinikaya çevrilmişdir. 1972-ci ildən poliklinika şəhər xəstəxanasından ayrılaraq Naxçıvan Şəhər Poliklinikası adı ilə sərbəst fəaliyyətə başlayır. O zaman Naxçıvan Şəhər Poliklinikası bir vaxtlar Araz-Türk Respublikası hökumətinin fəaliyyət göstərdiyi, hazırda isə Cəmşid Naxçıvanskinin ev-muzeyinin yerləşdiyi binada fəaliyyətini davam etdirir. 1986-cı ildə uşaq bağçası üçün tikilən binada yenidənqurma işləri aparıldıqdan sonra bina poliklinikanın istifadəsinə verilir. 1990-cı ildən poliklinika görkəmli akademik Zərifə xanım Əliyevanın adını daşıyır. 1999-cu ildə artıq fəaliyyətini kifayət qədər genişləndirmiş poliklinikanın binası əsaslı şəkildə təmir olunur, poliklinikanın foyesində isə tanınmış heykəltəraş Ömər Eldarovun sənət əsəri olan akademik Zərifə Əliyevanın büstü qoyulur. O zaman Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyində iştirak edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev poliklinikada yaradılan muzeyin və büstün açılışı mərasimində şəxsən iştirak edir. 

2012-ci il uzun illər ərzində insanlara xidmət edən bu səhiyyə müəssisəsinin tarixinə ən əlamətdar illərdən biri kimi düşmüşdür. Belə ki, muxtar respublikamızın quruculuq xəritəsinə yeni bir ünvan daxil olmuşdur. Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası üçün müasir standartlara cavab verən yeni bina istifadəyə verilmişdir. Binanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən iştirak etməsini və Naxçıvanda həyata keçirilən işləri yüksək səviyyədə qiymətləndirməsini, bu səhiyyə ocağının kollektivi ilə səmimi söhbətini poliklinikanın kollektivi indi xoş xatirə kimi xatırlayır.
Bu gün 66 min 214 nəfər 18 yaşdan yuxarı Naxçıvan şəhərinin sakinlərinə ixtisaslı tibbi xidmət göstərən poliklinikanın altımərtəbəli binasında yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradılmışdır. Foyedə akademik Zərifə xanım Əliyevanın büstü qoyulmuş, həyat və fəaliyyətini əks etdirən maraqlı fotolar, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında söylədikləri fikirlər yer almışdır. Bu guşədə olan Zərifə xanım Əliyeva haqqında kitablar da böyük maraq doğurur.
Binanın zirzəmi qatı ilə birlikdə beş mərtəbəsində poliklinika yerləşir. Poliklinikada iki terapiya, cərrahiyyə, rentgen, laboratoriya, ümumilikdə, beş şöbə fəaliyyət göstərir. Burada oftalmoloq, nevroloji, ginekoloji, fizioterapiya, stomatoloji, kardioloji, revmatoloji, ultrasəslə müayinə, LOR, travmatoloji, yoluxucu xəstəliklər, profilaktik müayinə və herontoloji kabinetlər vardır. Poliklinikanın binasında aptek, bufet, iclas zalı və sinif otaqları da yaradılmışdır.
Poliklinikada hazırda 30 həkim, 56 tibb işçisi insanların sağlamlığının qayğısına qalır. Bu səhiyyə müəssisəsinin kollektivi poliklinika ilə yanaşı, evlərdə də tibbi xidmət işini təşkil edir. Poliklinikanın kollektivi əhali arasında səhiyyə maarifi işinin aparılmasını da diqqətdə saxlayır. Səhiyyə müəssisəsində Naxçıvan şəhərində yaşayan 1941-1945-ci illər müharibəsi əlillərinə, Azərbaycan Vətən müharibəsi əlillərinə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, ahılyaşlı vətəndaşlara, I və II qrup əlillərə xüsusi diqqət və qayğı göstərilir. Poliklinikanın baş həkimi Xuraman Hacızadə deyir ki, səhiyyə ocağının xidmətindən istifadə edən vətəndaşlar müalicə ilə yanaşı, pulsuz dərmanlarla da təchiz edilirlər. Kollektiv əhalinin sağlamlığının qorunması üçün əlindən gələni əsirgəmir. Hər bir tibb işçisi görkəmli bir şəxsiyyətin, dünya səviyyəli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan bu səhiyyə ocağında çalışması ilə qürur duyur və bunun məsuliyyətini dərk edir.
Həqiqətən də, düşündükdə bir daha əmin olursan ki, burada çalışan insanlar böyük məsuliyyət daşıyırlar. Çünki poliklinikaya üz tutan insanlar təkcə müasir tibbi avadanlıqlarla təchiz edilmiş yaraşıqlı binaya deyil, həm də o böyük adın – ZƏRİFƏ ƏLİYEVA adının şəfa işığına üz tuturlar. Həkim adının böyüklüyünə üz tuturlar. Elə görkəmli akademik Zərifə xanım Əliyevanın öz sözləri ilə desək: “Müalicə və diaqnostikanın texniki təminatı nə qədər mükəmməlləşsə də, həmişə olduğu kimi, insan sağlamlığı keşiyində duran canlı həkim əsas yeri tutur. Təbabət gündən-günə inkişaf edir, o, dəyişməyə, yeniləşməyə bilməz, yeganə dəyişməyən həkimin qarşısında duran yüksək mənəvi etik, peşəkarlıq tələbləridir”.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR