Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini mart ayında da davam etdirib, səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası həmişəki kimi diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində ötən ay Şərur Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir, yenidənqurmadan sonra əhalinin istifadəsinə verilib, burada kompüter-tomoqrafiya aparatı quraşdırılıb.
Səhiyyədə gedən islahatlara uyğun olaraq Şərur rayon Ələkli və Culfa rayon Dizə kənd həkim ambulatoriyaları feldşer-mama məntəqəsi ilə əvəz edilib, Ordubad rayon Məzrə kənd feldşer-mama məntəqəsinin fəaliyyəti dayandırılıb, Şərur rayon Ərəbyengicə kənd həkim ambulatoriyasının ştat strukturunda dəyişikliklər edilib.
Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi və Qlobal Fond tərəfindən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsinə HİV, hepatit B, C və sifilis testləri, reaktiv və tibbi materiallar və 18 nəfər xəstədə ARV terapiya aparmaq üçün dərman preparatları, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə genexpert cihazı (vərəm çöplərinin ilkin təyini) üçün reaktivlər, tibbi materiallar və şprislər gətirilib.
Mart ayı ərzində tanınmış kardioloq Rəşad Mahmudovun iştirakı ilə Azərbaycan Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri şöbəsi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsinin heyəti ilə birgə 4 nəfərdə açıq ürək əməliyyatı aparıb.
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası Kəngərli Rayon Mərkəzi Xəstəxanasında və Xok kəndində, Culfa Rayon Mərkəzi Xəstəxanasında və Göydərə kəndində, Naxçıvan şəhərinin Tumbul kəndində, Ordubad rayonunun Gilançay və Baş Dizə kəndlərində 24 mart – Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş elmi-praktik seminarlar keçirib. Diaskintest preparatından səmərəli istifadə edilməsi haqqında həkimlərə və orta tibb işçilərinə tapşırıqlar verilib.
Türkiyə Respublikası Ankara Koru Xəstəxanasının baş həkimi Həsən Bilirin rəhbərliyi ilə həkim heyəti Naxçıvan Muxtar Respublika Xəstəxanasında konfrans və seminarlarda iştirak edib, xəstələri müayinədən keçirib.
Muxtar respublikamızın səhiyyə sistemində kadrların bilik və bacarığının artırılması vacib məsələ kimi diqqət mərkəzində saxlanılıb. Mart ayında keçirilən orta tibb işçilərinin sertifikasiya imtahanında 42 orta tibb işçisi iştirak edib, onlardan 25 nəfəri uğurlu nəticə qazanıb.
Bir həkim Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində fəaliyyət göstərən Gleneagles Xəstəxanasında USM üzrə təkmilləşdirmə, 2 həkim Bakı şəhərinin tibb müəssisələrində iş yerində təcrübə kurslarına göndərilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi mart ayı ərzində 19 nəfəri Bakı şəhərinin Şağan qəsəbəsində fəaliyyət göstərən Əlillərin Müalicə Pansionatına, 26 nəfəri Mərdəkan qəsəbəsindəki Müharibə və Əmək Veteranları Pansionatına, 11 nəfəri müxtəlif xəstəxanalara müalicəyə göndərib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti