Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında bu gün
müasir tibbin imkanlarından geniş istifadə olunur
Mənalı ömür yaşamış Əziz Əliyev bir evə, ailəyə, bir ölkəyə sığmayan bəşəri bir şəxsiyyət, dünyanın bütün tərəqqipərvər xalqlarına eyni hörmət və məhəbbətlə yanaşan humanist insan kimi yaddaşlarda qalıb. Onun həyatının bütün mərhələləri xalqımıza, dövlətçiliyimizə xidmət nümunəsi olub.
“Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncam alimin respublikada səhiyyə sisteminin inkişafı istiqamətindəki fəaliyyətinə verilən yüksək qiymətdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ötən il noyabrın 21-də “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Tədbirlər planına əsasən yubiley tədbirləri keçirilir. Bundan əlavə, Naxçıvan şəhərində alimin adını daşıyan prospekt və Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası yenidən qurulur. Bütün bu tədbirlər həyatını elmin inkişafına həsr etmiş alimin əziz xatirəsinə dərin hörmət və ehtiramın ifadəsidir.
Naxçıvan şəhərinin ən görməli yerlərindən birində görkəmli dövlət və elm xadiminin adını daşıyan, gələcəyimiz olan uşaqların sağlamlığının keşiyində dayanan ünvana çevrilən Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası 1973-cü il iyulun 17-dən fəaliyyət göstərsə də, yalnız müstəqillik illərində məhsuldar dövrünü yaşamağa başlayıb. Mərkəzi Uşaq Xəstəxanası kimi 2006-cı ildə bir neçə tibb ocağının bazasında yaradılıb, binası yenidən qurularaq istifadəyə verilib, şəfa ocağı ən müasir avadanlıqlarla təchiz edilib, maddi-texniki bazası gücləndirilib.
Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimovla söhbətimiz zamanı dedi ki, bu gün səhiyyə ocağında səkkiz şöbə üzrə 91 həkim, 253 tibb bacısı, 57 sahə işçisi olmaqla, 300-dən çox tibb işçisi gələcəyimiz olan uşaqların sağlamlığının keşiyində dayanaraq səylə çalışırlar. 50 çarpayılıq xəstəxanada əməkdaşlar gün ərzində yüzlərlə uşağın müayinə və müalicəsini aparırlar. Hər cür şərait, tibbi personalın dərin bilik və bacarığı nəticəsində xəstəxana bu gün işini uğurla davam etdirir, müasir tibbi avadanlıqların imkanlarından istifadə olunur. Səhiyyə ocağında muxtar respublikanın balaca sakinlərinə keyfiyyətli tibbi xidmətin göstərilməsi, müxtəlif xəstəliklərin müalicəsi üçün hərtərəfli şəraitin yaradılması uşaqların muxtar respublikadan kənarda müalicə olunmaları zərurətini tamamilə aradan qaldırıb. Valideynlər öz xəstə uşaqlarını müalicə etdirmək üçün Bakıya və digər şəhərlərə üz tutmaq məcburiyyətində qalmırlar. Artıq bu səhiyyə ocağı müxtəlif xəstəliklərin müalicə olunmasına yenilikçi yanaşır, tibbi heyət öz bilik və bacarığını günü-gündən artırır.
Uşaqların və yeniyetmələrin sağlamlıqlarının qorunması baxımından Mərkəzi Uşaq Xəstəxanası tərəfindən həyata keçirilən profilaktik tədbirlərin də böyük əhəmiyyəti vardır. Bu məqsədlə hər ilin yaz və payız aylarında məktəblərdə tibbi müayinələr aparılır, bu şəfa ocağında təşkil olunan həkim briqadaları tərəfindən yerlərdə, eləcə də ucqar dağ və sərhəd kəndlərində müayinələr həyata keçirilir, uşaqlar cərrah, pediatr, LOR, stomatoloq, nevropatoloq, oftalmoloq, endokrinoloq, ortoped müayinəsindən keçirlər. Təbii ki, məqsəd uşaqlarda baş verə biləcək patologiyaları vaxtında aşkarlamaq və ağırlaşmaların qarşısını almaqdır. Daha sonra uşaqlar dispanser qeydiyyatına götürülür, müayinə və müalicəyə cəlb olunurlar. Effektiv müayinələrin aparılması üçün məktəblərdə lazımi şərait də yaradılıb. Müayinə zamanı sağlamlığında hər hansı problem aşkar edilən uşağın dərhal xəstəxanaya gətirilməsi də təmin edilib.
Xəstəxanada diqqətçəkən məqamlardan biri də gənc kadrlara tibbi heyətdə üstünlük verilməsidir. Sevindirici haldır ki, bu gün səhiyyə müəssisəsində çalışan heyətin əksəriyyəti muxtar respublikada fəaliyyət göstərən tibbi təhsil ocaqlarının məzunlarıdır. Bundan başqa, burada mütəmadi olaraq seminarlar, mühazirələr təşkil edilir. Xəstəxananın əsas vəzifələrindən biri də uşaqların sağlamlığının keşiyində durmaqla yanaşı, yoluxucu xəstəliklərin qarşısını almaq üçün qoruyucu profilaktik peyvəndlərin vaxtında aparılmasını təşkil etməkdir. Peyvəndləmə prosesinin xəstəxana tərəfindən yüksək səviyyədə aparılması uşaqların sağlam böyüməsinə təminat verir. Xəstəxana tərəfindən muxtar respublikada fəaliyyət göstərən pediatrlara metodik tövsiyələr verilir, pediatriyanın aktual məsələləri ilə əlaqədar seminarlar keçirilir. Onu da qeyd edək ki, 2009-cu ildən etibarən xəstəxanada uşaqlar üçün elektron sağlamlıq kartlarının açılmasına başlanılıb. Bu kartlarda muxtar respublikada doğulan uşaqların bütün inkişaf göstəriciləri və digər məlumatlar yer alır. Muxtar respublikadan dünyanın istənilən yerinə səyahət edən valideynlər uşağın səhhətində problemlər yaranacağı təqdirdə bu kartı istənilən səhiyyə ocağına təqdim edə və beləliklə də, müayinə və müalicənin sürətlə aparılmasına kömək edə bilərlər. Xəstəxana tərəfindən muxtar respublikada fəaliyyət göstərən fiziki imkanları məhdud uşaqların reabilitasiyası üzrə ixtisaslaşmış digər müəssisələr ilə də sıx əlaqə yaradılıb, bir çox işlər birgə əməkdaşlıq çərçivəsində görülür.
Xəstəxananın həkimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi Nəsib Nəbiyev söhbət zamanı bildirdi ki, uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə görülən işlərin, aparılan islahatların məntiqi davamı kimi uşaqlar icbari dispanserizasiyaya cəlb ediliblər. Bu tədbir uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsaslarını, uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirlərini müəyyən edən, bu sahədə yaranan münasibətləri tənzimləyən “Uşaqların icbari dispanserizasiyası haqqında” 5 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 10 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq aparılır. Ümumiyyətlə, son illər muxtar respublikamızda bu sahədə mühüm tədbirlər həyata keçirilib və keçirilməkdədir. Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər muxtar respublikada uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan verib. Həyata keçirilən bütün bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. İcbari dispanserizasiya zamanı valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların dispanserizasiyasına da böyük həssaslıqla yanaşılıb. Bu tədbirlərin uğurla həyata keçirilməsində Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının kollektivi fəal iştirak edib. Müəssisədə 0-17 yaş arası uşaqların adlı siyahısı hazırlanıb, pediatr, LOR-həkim, oftalmoloq, stomatoloqdan ibarət həkim briqadaları təşkil olunaraq ilkin dispanser müayinələrə başlanılıb. Bu müayinələr zamanı xəstə, xəstəliyə şübhəli və ya meyilli uşaqlar aşkar edilib. Sonrakı mərhələdə müayinələr zamanı ehtiyac olan hallarda xəstə uşaqların daha yüksəkixtisaslı mütəxəssis həkimlər (ftiziatr, kardioloq, nevropatoloq, dermatoloq, uroloq və sair) tərəfindən konsultasiyası, lazım olan hallarda isə stasionar müalicəsi təşkil olunub. Dispanser qeydiyyatına alınmış uşaqlara müşahidə kartları açılıb və onlar arasında mövcud təlimata uyğun müalicə-profilaktika tədbirləri həyata keçirilib. Dispanserizasiyanın uğurla aparılmasında valideynlərin, təhsil işçilərinin rolunu xüsusi qeyd etmək lazımdır. Onlar uşaqların müayinələrə cəlb olunmasında, xüsusi müayinələrdən keçirilməsində fəal iştirak ediblər. Əminliklə demək olar ki, valideynlər və digər qurumların əməkdaşları tibb işçilərinə çox yaxından köməklik göstərməklə gələcəyimiz olan uşaqların sağlamlığı üçün əllərindən gələni əsirgəmirlər. Çünki ulu öndərimizin dediyi kimi: “Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr XX əsrdə dünyanın məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar. Ona görə də uşaqların sağlamlığının təmin olunması və qorunması hər bir dövlət üçün çox böyük və müqəddəs vəzifədir”.
Azərbaycan Respublikasının Əməkdar həkimi Nizami Məmmədovla söhbətimiz zamanı bildirdi ki, ürəklərdə əbədi yuva quran şəxsiyyətlərdən biri, fədakar alim və görkəmli siyasi xadim olan Əziz Əliyev bir insan, vətəndaş kimi həkimə, həkimliyə böyük qiymət verirdi. İnsanın sağlamlığı, fiziki kamilliyi onun üçün həyatda ən əsas meyarlardan biri idi. Həkimlik onun gözlərində dünyanın çətinliklərindən qurtuluş vasitəsi idi. Hansı sahədə çətinliklər mövcud idisə, Əziz Əliyev oraya göndərilir və o, həmin yerdə işləri tənzimləyirdi. Bu gün Əziz Əliyevin adını daşıyan xəstəxanada çalışan hər bir insan bu işin nə qədər məsuliyyətli olduğunu başa düşür, bu böyük insan kimi yaşamağa, onun kimi çalışmağa səy göstərir.
Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi Yazgül Rzayeva bildirdi ki, 1930-cu ilin əvvəllərində Qarabağın indiki Xocavənd rayonunda qəflətən vəba xəstəliyi yayılmağa başlayır. Xəstəlik sürətlə artıb ətraf rayonlara da keçir. O zaman tibb sahəsində məsul vəzifədə olan Əziz Əliyev bütün səhiyyə ordusunu səfərbərliyə alır. Moskvadan akademik Lev Aleksandroviç gəlir. Amma epidemiya getdikcə daha da çoxalır. Təxribatçılar, daha doğrusu, erməni və ermənipərəst xislətli araqarışdıranlar vəziyyətdən istifadə edib gərginlik yaratmaq üçün ətrafı bürümüş vəba epidemiyası ilə bağlı əhali arasında dəhşətli şayiələr yayırdılar. Yalnız Əziz Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən sonra xəstəliyin qarşısı alınır. Bəli, Əziz Əliyevin yorulmaz fəaliyyəti minlərlə insanı ölümdən qurtarır. O, tibb sahəsində əsl xilaskar idi.
...1998-ci il may ayının 14-də görkəmli alim, ictimai xadim Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Yubiley tədbirində çıxış edən ümummilli liderimiz Heydər Əliyev alimin şəxsiyyətini yüksək qiymətləndirərək deyib: “Əziz Əliyev Azərbaycan xalqının görkəmli nümayəndələrindən biridir. O lap əvvəldən qeyri-adi insan idi. O həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı. Ancaq eyni zamanda onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Amma bunların hamısını aradan qaldırır və yolundan dönmürdü”.
Bəli, hər il yüzlərlə insan Əziz Əliyevin xatirəsini yad edir. Muxtar respublikada da onun əziz xatirəsi dərin hörmətlə yad edilir, yaşadılır. Əziz Əliyevin adını daşıyan, müqəddəs vəzifəni həyata keçirən xəstəxananın kollektivi üçün də öz işinə məhəbbət və məsuliyyətlə yanaşmada, istərsə də insan həyatına, sağlamlığına vicdani, munis dəyərlərlə xidmət etmədə Əziz Əliyev məfkurəsi parlaq bir örnəkdir. Vətəndaşlarımızın mənəvi və fiziki kamilliyinə, sağlam bədən və sağlam ruhla qurub-yaratmaq eşqinə dəyərli töhfə verən bir örnək...
Səbuhi Hüseynov