29 Dekabr 2024, Bazar

Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən Koru Xəstəxanasının yüksəkixtisaslı həkimlərinin bir qrupu Naxçıvan Muxtar Respublikasına gəlib. Səfərdə məqsəd səhiyyə və tibbi təhsil sahələrində qarşılıqlı əlaqələr yaratmaq və müasir tibbi biliklərin tətbiqi üçün təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
Türkiyəli qonaqların iştirakı ilə martın 28-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında elmi-praktik konfrans keçirilib. Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov son illər səhiyyə sahəsində qardaş ölkə ilə əlaqələrin inkişafından danışıb, bu əlaqələrin səhiyyə işçilərinin tibbi bilik və bacarıqlarının yüksəldilməsində mühüm əhəmiyyətindən bəhs edib. Nazir Koru Xəstəxanası və universiteti ilə də belə əlaqələrin yaradılması, naxçıvanlı həkimlərin, tibb təhsili alan tələbələrin bu səhiyyə müəssisəsində təkmilləşdirmə və ixtisas­artırma kurslarına göndərilməsi üçün danışıqlar aparıldığını bildirib.

Qeyd olunub ki, belə əlaqələr zamanı səhiyyənin təşkili və aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların keçirilməsi, eləcə də ali tibb mütəxəssislərinin davamlı professional təhsili sahəsində müasir metodik və elmi-praktik informasiyaların mübadiləsi nəzərdə tutulur.
Koru Xəstəxanası idarə heyətinin sədri, urologiya üzrə mütəxəssis, professor Hasan Biri rəhbərlik etdiyi xəstəxana haqqında məlumat verib. Qeyd edib ki, xəstəxana və onun nəzdindəki universitetdə müasir tələblərə cavab verən şərait, ən yüksək səviyyəli elektron cihaz və avadanlıqlarla təminat, tədrisdə qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təcrübə keçən həkimlərin peşə vərdişlərinə yiyələnməsini, müasir endoskopik, mini-invaziv laparoskopik cərrahi metodları mənimsəmələrini təmin edir. Burada tədris prosesi ilə yanaşı, tibbi və bioloji elmlər sahəsində yeni biliklərin əldə edilməsi, perspektiv tibbi texnologiyaların işlənməsi və hazırlanmasına yönəlmiş kompleks fundamental və tətbiqi elmi tədqiqatlar da aparılır, qabaqcıl müalicə, diaqnostika və profilaktika üsulları aktiv tətbiq edilir.
Sonra Koru Xəstəxanasının həkimi Ali Özon “Hepatit viruslarının profilaktikası, yoluxma yolları və əks-epidemik tədbirlərin gücləndirilməsi”, xəstəxananın medikal direktoru, ümumi cərrah uzmanı Bahadır Ege “Kolorektal xərçəng – yoğun bağırsaq xərçəngi” mövzularında məruzələr ediblər.
Konfransda videosüjetlər, müayinə və cərrahiyyə proseslərindən görüntülər nümayiş etdirilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR