Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir.
Sertifikasiya imtahanlarının növbəti mərhələsində muxtar respublikanın səhiyyə müəssisələrində mama ixtisası üzrə çalışan orta tibb işçiləri on gün ərzində öz bilik və bacarıqlarını sınayıblar.
Muxtar respublikanın səhiyyə sistemində sertifikasiya imtahanları proqrama uyğun aparılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalından istifadə edilib. Elektron zalda server xidməti ilə birgə 31 kompüter qurulub. Kompüter proqrama uyğun olaraq ümumi sual bankından 2 müxtəlif variantda 60 test sualını və 5 klinik tapşırıq sualını seçir. Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsini təmin edir. Mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərlərində çalışmasına, tibb peşəsinin məsuliyyətini daha dərindən dərk etməsinə imkan yaradır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən suallar tərtib edilərək kompüterə yerləşdirilib. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 60 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə təqdim edilib, eyni zamanda yazılı olmaqla müsahibə mərhələsinin də sualları paylanılıb. Cavablandırma qaydaları izah edilib. Məxfiliyin gözlənilməsi məqsədilə müsahibə sual kartlarında imtahan verənin adı, soyadı yox, kod nömrəsi əksini tapıb. Üç saat davam edən imtahanın gedişinə imtahan-nəzarət komissiyası tərəfindən nəzarət olunub. İmtahan suallarının test hissəsi üzrə cavab kartlarının yoxlanması kompüterlə, klinik hissəsi üzrə cavabların qiymətləndirilməsi isə mütəxəssislərin iştirakı ilə aparılıb.
İmtahanlarda 156 orta tibb işçisi iştirak edib. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış 94 orta tibb işçisi sertifikasiyadan keçərək 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edib. 62 nəfər isə zəruri həddi keçə bilməyib. Sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə əldə edə bilməyən orta tibb işçiləri ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaqlar. Onlar altı ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti