22 Dekabr 2024, Bazar

Sədərək Rayon Mərkəzi Xəstəxanasında bu amil diqqət mərkəzindədir

Sədərək kəndinin mərkəzində bu böyük yaşayış məntəqəsinin, demək olar ki, çox yerindən görünən bir bina ucalır. Buranın daimi sakinləri Hippokrat andı içmiş ağxalatlı peşə sahibləridir. İnsan sağlamlığının keşiyində duran bu insanlara öz vəzifələrini layiqincə yerinə yetirmək üçün binada hərtərəfli şərait yaradılıb. Xəstəxana binası 2010-cu il oktyabr ayının 5-də ölkə Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb: “Mən arzu edirəm ki, burada bütün işlər yüksək səviyyədə görülsün. Ümid edirəm ki, bu xəstəxanaya müraciət edənlərin sayı çox olmayacaqdır. Çünki insanlar sağlamdır. Gözəl təbiət, gözəl iqlim bu sağlamlığa çox müsbət təsir göstərir. Amma, əgər ehtiyac yaranarsa, əmin olmaq istəyirəm ki, bu xəstəxanada ən yüksək tibbi xidmət və qayğı göstəriləcəkdir”.
Xəstəxananın baş həkimi Kəmalə İbrahimova deyir ki, son illər muxtar respublikamızda nail olunmuş sosial-iqtisadi inkişafın bəhrələrini Sədərək rayonunda bütün sahələrdə görmək olar. Dövlətimizin sərhəd bölgəsinə göstərdiyi belə qayğı rayonun ümumi inkişafına böyük təsirini göstərir. Bu xəstəxana binası da sərhədçi həyatı yaşayan sədərəklilərə göstərilən həmin qayğının təcəssümüdür. Kollektivimiz də çalışır ki, tapşırılan vəzifənin öhdəsindən yüksək səviyyədə gəlsin. Görkəmli səhiyyə təşkilatçısı N.Semaşko deyirdi ki, insan ən qiymətli sərvətdir. Onun sağlamlığı keşiyində durmaq şərəfli bir işdir və bu vəzifənin öhdəsindən gələn insanlar yüksək qiymətə layiqdirlər.
Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olan səhiyyə ocağı 26 çarpayılıqdır. Müasir tibbi avadanlığın quraşdırıldığı xəstəxanada üç şöbə – Stasionar, Poliklinika və Təcili yardım şöbələri fəaliyyət göstərir.

Yaradılan imkanlardan səmərəli istifadənin nəticəsidir ki, xəstəxananın fəaliyyətindən razılıqla danışılır, sərhəd bölgəsinin sakinləri onların sağlamlığının keşiyində duran ağxalatlı peşə sahiblərinə min­nətdarlıq edirlər. Elə xəstəxananın foyesində görüşdüyümüz Tofiq Əsgərli qəzetdən gəldiyimizi bilib bizə yaxınlaşır, hal-əhval tutur, zarafatla deyir:
– Bir vaxtlar deyirdilər ki, heç kimin yolu xəstəxanaya düşməsin. Burada iki məna var: biri odur ki, xəstələnməyəsən. Onu bu gün də hamı istəyir ki, xəstələnməsin. İkincisi isə illər qabaq xəstəxanalarımızın nə vəziyyətdə olduğunu yaxşı xatır­layırıq. Necə deyərlər, sağlam adam həmin xəstəxanalara girəndə az qala xəstə çıxırdı. Bir də ki bu xəstəxanaya sağlam adamların gəlməsi də zəruridir. Çünki hər bir insan ildə bir-iki dəfə özünü müayinə etdirməlidir.
Baş həkim söhbətə qoşularaq bildirir ki, müntəzəm olaraq əhali arasında maarifləndirmə tədbirləri aparırıq. Xəstəxananın həkim briqadası bu işdə fəallıq göstərir. Məqsəd ondan ibarətdir ki, insanlar, ilk növbədə, özləri özlərinin həkimi olsunlar, müəyyən tibbi prosedurları bilsinlər, ilk tibbi yardım göstərməyi bacarsınlar.
Xəstəxananın 2016-cı ildəki fəaliyyəti barədə danışan Kəmalə İbrahimova deyir ki, il ərzində 187 xəstə stasionar müalicə alıb, onların 83-ü terapevtik müalicə olub. 6 cərrahiyyə əməliyyatı aparılıb. 47 uşaq dünyaya gəlib.
Baş həkimin sözlərinə görə, uşaqlara tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaq üçün kollektiv əlindən gələni əsirgəmir. 3540 uşaq dispanser qeydiyyatına götürülüb.
“Məktəblərlə sıx əlaqə saxlayır, müəllim və şagirdlər arasında həm də maarifləndirici tədbirlərə geniş yer veririk. Ötən il 1190 şagirdi profilaktik müayinədən keçirmişik”, – deyən Kəmalə İbrahimova onu da diqqətimizə çatdırdı ki, risk qrupuna daxil olan ürək-damar xəstəliklərindən əziyyət çəkən 50-55 yaşlı əhali arasında dispanserizasiya aparılıb, aprel ayından noyabr ayınadək 1186 nəfər tibbi müayinədən keçib, bu yaş qrupu arasında əhalinin qanında xolesterin yoxlanılıb.
Öyrəndik ki, Azərbaycan torpaqları uğrunda əlil olan 142 nəfər vətəndaş profilaktika məqsədilə tibbi müayinədən keçirilib.
Xəstəxanada qanvermə aksiyalarının təşkilinə də diqqət yetirilir. Ötən il könüllü olaraq 27 nəfərdən 10 litr qan götürülüb.
Virus C və B hepatitlərinə yoluxmanın qarşısının alınması məqsədilə ana və uşaqların, stomatoloji müalicə alan xəstələrin ekspres testlə yoxlanılması tədbirlər planına salınıb.
Xəstəxanada çalışan və mehriban bir ailəni xatırladan kollektiv üzvləri ilə həmsöhbət olduq. Stomatoloq Ərrəhman Nəcəfov bildirdi ki, həm həkim və tibb işçiləri, həm də Sədərək camaatı dövlətimizin bizə göstərdiyi qayğıdan xeyli razıdır. Bu gün Sədərək sakinlərinin müayinə və ya müalicədən ötrü qonşu Şərur rayonuna, ya da Naxçıvan şəhərinə getməyə ehtiyacları qalmayıb. Bunun üçün xəstəxanada hər cür şərait var. Kollektivimiz bu şəraitdən səmərəli istifadə edir, sədərəklilərin sağlamlığı keşiyində layiqincə dayanır.
Sədərək kənd sakini Məmmədəli Sultanov da sərhəd bölgəsinin sakinlərinə göstərilən tibbi xidmətin yaxşı səviyyədə qurulduğunu deyir.
Bu səhiyyə müəssisəsində gördüklərimizdən, həmsöhbət olduğumuz insanların dediklərindən belə qənaətə gəldik ki, xəstəxananın açılış mərasimində ölkə Prezidentinin dediyi sözlər kollektivin fəaliyyət pro­qramına çevrilib:
“Hər bir səhiyyə müəssisəsində yüksək səviyyəli tibbi xidmət göstərilməlidir. İnsanlar sağlam olmalıdır. İnsanlar, hər bir vətəndaş – mən dəfələrlə bunu qeyd etmişəm, bir də demək istəyirəm, – ildə bir dəfə müayinədən keçməlidir. İndi bunun üçün hər bir şərait vardır. Rayonun hər bir sakini ildə bir dəfə bu xəstəxanaya gəlməlidir, müayinədən keçməlidir, analizlərini verməlidir və bilməlidir ki, onun səhhəti, sağlamlığı hansı səviyyədədir... Bütün bunlar həm xəstəliyi vaxtında müəyyən etmək, eyni zamanda insanların sağlamlığı, sağlam həyat tərzi üçün lazımdır”.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR