Hər il martın 24-də dünya ictimaiyyəti Beynəlxalq Vərəmlə Mübarizə Gününü qeyd edir. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1993-cü ildən başlayaraq keçirilən Beynəlxalq Vərəmlə Mübarizə Gününün məqsədi qlobal vərəm epidemiyası haqqında məlumatlılığı artırmaq və bu xəstəliyin aradan qaldırılması istiqamətində səyləri gücləndirməkdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş tədbirlərə start verilib. Həmin tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri Kəngərli Rayon Mərkəzi Xəstəxanasında elmi-praktik seminar keçirib.
Dispanserin baş həkimi İlqar Rzayev tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı barədə danışıb.
Dispanserin həkimi Məmmədəli Ələkbərovun çıxışı olub.
Seminarda ilk tibbi yardım müəssisələrinin vərəm xəstəliyinin erkən aşkarlanmasında və müalicəsində rolu, dərmanlara davamlı vərəm xəstəliyi, onun yaranma səbəbləri və qarşısının alınması yolları, Naxçıvan Muxtar Respublikasına gətirilmiş yeni immunoloji müayinə üsulu olan “Diaskin test” aparatının istifadə qaydaları, nəticənin qiymətləndirilməsi, üstünlükləri haqqında məlumat verilib. Bildirilib ki, vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlikdir. Lakin bu xəstəliyə qarşı mübarizəni davam etdirməklə müəyyən nəticələr əldə etmək mümkündür. Bunun üçün əhalinin vərəm xəstəliyi ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq, insanlar arasında maarifləndirmə işi aparmaq vacibdir.
Tədbirdə dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və onlara vərəmin profilaktikası barədə bukletlər paylanılıb.
Sonra Xok kənd tam orta məktəbinin II-III sinif şagirdlərindən Mantu sınağının nəticəsi həm müsbət, həm də mənfi olan 60 nəfər seçmə üsulu ilə müayinə olunub. Bu uşaqlardan 14 nəfərin Ağciyər Xəstəlikləri Dispanserində kompleks müayinələrdən keçməsi tövsiyə olunub.
Uşaqlarda vərəm intoksikasiyasının aşkar edilməsi taktikası kənd həkim ambulatoriyasının həkim, orta tibb işçiləri və məktəb tibb bacısına izah edilib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti