Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini fevral ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində fevral ayında Şərur rayon Arpaçay və Çəmənli kəndlərində feldşer-mama məntəqələri əhalinin istifadəsinə verilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə ilkin vərəm intoksikasiyasını təyin etmək üçün testlər, tibbi materiallar, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları gətirilib.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Kəngərli rayon təhsil müəssisələrində işləyən 20 nəfər qadının süd vəzində profilaktik müayinə aparılıb, 1 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət edilib.
Muxtar respublika ərazisində yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət sabit olub, xüsusi təhlükəli infeksiyalar qeydə alınmayıb. Muxtar respublika ərazisindəki idman müəssisələrində 7 min 100 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya tədbirləri aparılıb.
Muxtar respublikamızın səhiyyə sistemində kadrların bilik və bacarığının artırılması vacib məsələ kimi diqqət mərkəzində saxlanılıb. 4 həkim təcrübə keçmək üçün Bakı şəhərindəki tibb müəssisələrinə, 19 tibb bacısı Tibb Kollecində təkmilləşdirmə kursuna göndərilib.
Fevral ayında sertifikasiya imtahanında iştirak edən 72 orta tibb işçisindən 40 nəfəri uğurlu nəticə qazanıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının zalında “Botulizm xəstəliyi” mövzusunda konfrans keçirilib. Konfransda infeksionistlər, pediatrlar, terapevtlər, Naxçıvan Dövlət Universitetinin və Tibb Kollecinin tələbələri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi fevral ayı ərzində 3 nəfəri Bakı şəhər Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 16 nəfəri Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 21 nəfəri müxtəlif xəstəxanalara müalicəyə göndərib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti