Son illər dünyada qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların sayı nəzərəçarpacaq dərəcədə artıb. Hazırda dünya əhalisinin 2 milyard nəfərdən çoxu qaraciyər xəstəliklərindən əziyyət çəkir. MDB ölkələrində isə hər il 500 mindən 1 milyona qədər insan bu və ya digər qaraciyər patologiyası ilə ilk dəfə qeydiyyatdan keçir. Bütün bunları və qaraciyər xəstəlikləri ilə bağlı problemlərin aktuallığını nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərovla söhbət etdik. Müsahibimiz, ilk növbədə, qaraciyərin orqanizmdə rolu barədə məlumat verdi:
– Qaraciyər orqanizmdə yüzlərlə funksiyanı yerinə yetirir. Bunlardan ən mühümü isə filtr və baryer funksiyalarıdır. İnsan yaşadığı müddətdə onun orqanizmi ən müxtəlif toksiki təsirlərə məruz qalır. Zərərli maddələrlə “zənginləşən” qan sutka ərzində 400 dəfə qaraciyərdən keçir və məhz burada toksinlərdən təmizlənərək orqan və toxumalara qayıdır. Bir sözlə, qaraciyər bədənin sağlamlığını ömürboyu qoruyan əsas orqanlardan biridir. Görkəmli alim İbn Sina bildirirdi ki, “Qaraciyər sağlam olarsa, deməli, bütün orqanizm sağlam olar”.
– Muxtar respublikamızda qaraciyər xəstəliklərinin profilaktikası, müayinə və müalicəsi üçün hansı imkanlar var? Bu sahədə görülən tədbirlər nədən ibarətdir?
– Qeyd edim ki, müasir dövrdə Naxçıvan səhiyyəsi inkişaf edir, bu sahədə köklü dəyişikliklər baş verir. Muxtar respublikamızın bütün bölgələrində yeni tibb müəssisələri tikilib, mövcud səhiyyə ocaqları əsaslı təmir edilib və ən müasir avadanlıqlarla, cihazlarla təmin olunub. Bu iş indi də davam etdirilir. Səhiyyə işçiləri inkişaf etmiş tibb təhsili mərkəzlərində təcrübə keçirlər. Son illərin quruculuq ünvanlarından olan Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Yoluxucu Xəstəliklər Mərkəzində, Diaqnostika-Müalicə Mərkəzində müasir təbabətin ən son nailiyyətləri tətbiq edilir. Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, güclü maddi-texniki bazası və yüksək səviyyəli ixtisaslı kadrları olan səhiyyə müəssisələrimizdə digər xəstəliklərlə yanaşı, qaraciyər xəstəliklərinin də diaqnostika və müalicəsi üçün lazımi şərait mövcuddur.
Virus hepatitləri və onlarla əlaqədar xəstəliklərə görə profilaktika, skrininq tədbirlərinin gücləndirilməsi, B virusu hepatiti əleyhinə vaksinasiya ilə əhatə olunmanın genişləndirilməsi və bu peyvəndin milli immunizasiya proqramlarına inteqrasiyası, eləcə də hepatitə qarşı qlobal cavab tədbirlərinin əlaqələndirilməsi müasir dünya səhiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Muxtar respublikamızda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Ötən il dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə bu məsələ geniş müzakirə olunmuş və konkret tapşırıqlar verilmişdir. Həmin tapşırıqlara əsasən, müvafiq orqanların nümayəndələri gözəllik salonlarında, iaşə obyektlərində monitorinqlər keçirir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq sektorları hepatit xəstələri üçün test və reaktivlərin vaxtında sifariş verilməsi və alınmasına nəzarət edir, rayonlarda hepatitlərə görə aparılan müayinələrin nəticəsi haqqında məlumat verilir. Muxtar respublikada fəaliyyət göstərən orta məktəblərdə tədris prosesində hepatitlərə aid maarifləndirici dərslər təşkil olunur.
– Qaraciyər xəstəliklərinin profilaktikasında əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Oxuculara bu xəstəliyin ən geniş yayılmış formaları barədə məlumat verməyiniz yerinə düşərdi.
– Qaraciyərin xroniki xəstəlikləri arasında B və C virus mənşəli xroniki hepatitlər daha geniş yayılıb. Müəyyən olunub ki, xroniki infeksiyalaşmış xəstələrin 10-20 faizində qaraciyər sirrozu, 5 faizində hepatosellülyar karsinoma inkişaf edir. Son illər sürətlə yayılması ilə nəzəri cəlb edən digər bir xəstəlik qaraciyərin qeyri-alkoqol mənşəli piy xəstəliyidir. Adından da göründüyü kimi, bu patologiya spirtli içkilərin qəbulu ilə əlaqəli deyil. Əvvəllər bu xəstəlik qaraciyərin piyli distrofiyası kimi qəbul edilirdi və xoş gedişli hesab olunurdu. Son illərin müşahidələri isə göstərir ki, o, inkişaf etməyə meyillidir, getdikcə digər mərhələlərə – steatohepatitə və son nəticədə, qaraciyərin sirrozuna keçə bilir. Qaraciyərin qeyri-alkoqol mənşəli piy xəstəliyinin inkişaf etməsinin əsas səbəbləri piylənmə, şəkərli diabet və metabolik sindrom hesab olunur.
– Qaraciyərin xroniki xəstəliklərinin əsas əlamətləri hansılardır?
– Bu xəstəliklərin əsas xüsusiyyətləri onların əksər hallarda simptomsuz və ya az nəzərəçarpan simptomlarla müşahidə olunmasıdır. İlk dövrlər meydana çıxan əlamətlər spesifik olmur. Belə ki, çox zaman xəstədə qrip, zökəm xəstəliklərində olduğu kimi, zəiflik, əzginlik, yüngül hərarət, oynaqlarda ağrılar və sair müşahidə edilir. Qaraciyər xəstəlikləri üçün səciyyəvi olan əsas əlamətlər – sarılıq, dəridə damar “ulduzcuqları”, qarın boşluğunda mayenin toplanması və sair isə yalnız xəstəliyin inkişaf etmiş mərhələsində üzə çıxır. Bəzi məlumatlara görə, qaraciyərin xroniki xəstəlikləri olan şəxslərin 20-30 faizinin həkimə ilkin müraciəti qarın boşluğuna mayenin toplanması zamanı, yəni xəstəliyin axırıncı mərhələsində baş verir. Ona görə əhalinin bu xəstəliklər barəsində maarifləndirilməsinin böyük əhəmiyyəti var. Əgər bir şəxsdə yuxarıda sadaladığımız əlamətlər 20-30 gündən artıq davam edirsə, o, həkimə müraciət etməlidir. Bu zaman əlavə müayinələrlə xəstəlik aşkarlana bilər. Qaraciyərin xroniki xəstəliklərinin diaqnozu vaxtında qoyulmadıqda və vaxtında müalicə aparılmadıqda bu xəstəliklər müxtəlif ağırlaşmalara, o cümlədən həyat üçün kritik vəziyyətlərə səbəb olur.
– Bu xəstəliklər insanların həyat keyfiyyətinə necə təsir göstərir? Onların fəaliyyətini məhdudlaşdırırmı?
– Qaraciyər xəstəlikləri xroniki proqressivləşən (daim artmağa meyilli) gedişə malik olduğundan xəstələrin əmək qabiliyyətinin və həyat keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Ümumiyyətlə, bu xəstəliklərin müalicəsi həm də çox böyük xərc tələb edir. Belə ki, bir nəfər virus mənşəli hepatit xəstəsinin müalicəsinə 15 min ABŞ dollarından artıq vəsait lazımdır.
– Uşaqlarda qaraciyər xəstəliklərinin hansı formasına daha çox təsadüf edilir?
– Böyüklərdə rast gəlinən qaraciyər xəstəlikləri uşaqlarda da müşahidə olunur. Qan xəstəlikləri olan uşaqlarda qaraciyər xəstəliklərinə daha çox rast gəlinir və ağır gedişli ola bilir.
– Hamiləlik zamanı viruslu hepatitlər nə dərəcədə təhlükəlidir? İnfeksiyanın anadan uşağa keçməsinin profilaktikası məqsədilə hansı tədbirlər görülməlidir?
– Hamiləlik dövründə A, B, C hepatit virusları ilə yoluxma ümumi əhali arasında olan yoluxma səviyyəsindədir. Hepatit A virusu dölün inkişafına təsir etmir və anadan dölə keçmə təhlükəsi çox azdır. Bu virusa qarşı olan peyvənd və immunoqlobulin təhlükəsiz olduğuna görə hamilə qadınlara tövsiyə olunur. Hepatit B virusu yoluxmuş anadan vertikal mexanizm ilə dölə keçə bilər. Əgər ana hamiləliyin birinci 3 aylığında yoluxubsa, doğulan uşaqda virusa yoluxma riski 10 faiz təşkil edir. Ananın 3-cü aylığında yoluxması isə bu riski 80-90 faizə qədər qaldırır. Ona görə də hamilə qadınlarda hepatit B virusunun göstəriciləri müntəzəm şəkildə yoxlanılmalıdır. Əgər ananın qanında hepatit virus antigeni tapılırsa, yeni doğulan körpəyə hepatit B virusuna qarşı hiperimmun immunoqlobulin və B virusuna qarşı peyvənd (3 dozada) inyeksiya olunur. Ananın qanında antigen tapılmadıqda isə yeni doğulmuş uşağa ancaq peyvənd edilir. Hepatit C virusunun vertikal yolla dölə keçməsi ancaq ananın qanında virus göstəricisinin səviyyəsi yüksək olduğu zaman, yəni xroniki C hepatitinin kəskinləşmə dövründə baş verə bilər. Bu göstərici yüksək olduqda virusun dölə keçmə riski daha da artır. Bu zaman profilaktik tədbirlərin və immunoqlobulinlə müalicənin əhəmiyyəti yoxdur.
– Deməli, hepatit bizdən çox da uzaq deyil. Qaraciyər xəstəliklərindən qorunmaq üçün insanlara nə məsləhət görərdiniz?
– Bəli, hepatit sizin düşündüyünüzdən daha yaxındır. Ondan uzaq durmaq üçün insanlar sağlam həyat tərzi keçirməlidirlər: fiziki aktivliyə fikir verməli, qidada meyvə-tərəvəzə geniş yer ayırmalı, yüksəkkalorili qidaların (piyli, qızardılmış, qovurulmuş, şirin), spirtli içkilərin qəbulunu məhdudlaşdırmalıdırlar. Əhali düzgün qidalanma və gigiyena qaydaları ilə, virus hepatitlərinin qanla, digər yolla yoluxması, hamiləlik zamanı anadan uşağa ötürülməsi ilə bağlı maarifləndirilməlidir. Hepatit A və hepatit B viruslarına qarşı peyvənd etməklə bu xəstəliklərdən etibarlı qorunmaq mümkündür. Ölkəmizdə bu peyvəndlər var və uşaqlara uzun illərdir ki, dövlət hesabına pulsuz həyata keçirilir. Hepatit C virusuna qarşı peyvənd isə hələlik dünyada yoxdur. Hepatit B və hepatit C virusları ilə yoluxmuş xəstələrlə təmasda olanlar şəxsi gigiyena qaydalarına əməl etməli, xəstənin istifadə etdiyi kəsici alətlər (dırnaqtutan, qayçı, bıçaq), diş fırçası təcrid olunmalıdır. Qız uşaqlarının qulağına sırğa salınması üçün primitiv şəraitdə deşik açılması kimi adətlərə son qoyulmalıdır. Bir sözlə, hepatit B və hepatit C xəstəliklərinin uzunmüddətli olması, dərman preparatlarının orqanizmə toksiki təsiri, eyni zamanda psixoloji baxımdan çətinliyi nəzərə alınaraq hər bir insan bu viruslardan qorunmalıdır.
Müsahibəni apardı:
Hüseyn ƏSGƏROV