Kəngərli Rayon Mərkəzi Xəstəxanasında əvvəllər istifadə olunmayan anesteziya – narkoz aparatının cari ilin fevral ayında işə salınması bir sıra cərrahi əməliyyatların aparılmasına imkan verib. Ötən şənbə günü burada 7 cərrahi əməliyyat aparılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən serqqapisi.az-a verilən məlumata görə səhiyyə müəssisəsinin həkim və orta tibb işçiləri əvvəlcə ambulator müayinələr aparıblar. Cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində uroloji, proktoloji qiqant yırtıq, öd kisəsi əməliyyatları icra olunub. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evlərinə buraxılıb.
Kəngərli rayonunun Qarabağlar kəndindən gəlmiş birinci qrup əlil Suğra Səfərova başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib. Digər xəstələr də yüksək səviyyədə göstərilən tibbi xidmətdən razı qaldıqlarını bildiriblər.
Cərrahi əməliyyatlar ilboyu şənbə və bazar günləri davam etdiriləcəkdir.