Muxtar respublikamızın səhiyyə sistemində həyata keçirilən islahatların mühüm bir istiqaməti də əhaliyə göstərilən tibbi xidmətin əhatəsini genişləndirmək, bölgələrdə cərrahiyyə əməliyyatlarını təşkil etmək, müayinə və müalicə işlərini daha da yaxşılaşdırmaqdan ibarətdir. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılmış imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.
Culfa Rayon Mərkəzi Xəstəxanasında da bir sıra cərrahi əməliyyatların aparılması üçün lazımi şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri ötən şənbə günü bu səhiyyə müəssisəsində 31 cərrahiyyə əməliyyatı aparıb, əhaliyə tibbi xidmət göstəriblər.
Həkim cərrahlardan Abasət Hüseynəliyev, İsa Abdullayev, uroloq Nazim İbrahimov, anestezioloqlar Ənvər Şıxəliyev, Aidə Məmmədova və orta tibb işçiləri ambulator müayinələr zamanı 107 xəstəyə tövsiyələrini veriblər. Cərrahi müdaxiləyə ehtiyacı olan 31 nəfər üzərində uroloji, proktoloji qiqant yırtıq, öd kisəsi əməliyyatları aparılıb. Xəstəxanada ilk dəfə olaraq spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib. Culfa rayon Yaycı kənd sakini Mirzalı Cəfərov üzərində aparılan bu əməliyyat uğurla başa çatdırılıb, xəstə birgünlük müşahidədən sonra evinə buraxılıb. Ləkətağ kəndindən birinci qrup əlil Səbuhi Qasımov övladlarının başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.
Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqlardan istifadə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti