Muxtar respublikada müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, yüksəkixtisaslı həkim briqadalarının mütəmadi olaraq muxtar respublikaya gəlməsi də aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinə hərtərəfli şərait yaradır.
Hər il olduğu kimi, bu il də Bakı şəhərində yerləşən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 27 nəfərdən ibarət həkim briqadası dekabrın 23-26-da Ordubad Rayon Mərkəzi Xəstəxanasında əhalini tibbi müayinədən keçirmişdir. Müasir tibbi avadanlıqlarla təmin olunmuş xəstəxanada həkimlər üçün lazımi şərait yaradılmışdır. Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə yüksəkixtisaslı həkimlər aksiya müddətində 1310 rayon sakinini müayinə etmiş, 28 xəstədə müxtəlif cərrahi əməliyyatlar aparmışlar.
Xəbərlər şöbəsi