22 Dekabr 2024, Bazar

Rayon Mərkəzi Xəstəxanasından reportaj

Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı, müxtəlif profilli həkim heyəti müntəzəm olaraq muxtar respublikaya gəlir, paytaxt şəhərimizin səhiyyə müəssisələrində, rayon mərkəzlərindəki xəstəxanalarda humanitar aksiyalar təşkil olunur. Bu xeyirxah tədbir sakinlər tərəfindən böyük minnətdarlıq hissləri ilə qarşılanır. Növbəti humanitar aksiya dekabr ayının 23-26-da Ordubad rayonunda keçirilib.
Aksiyanın ikinci günü həmin xəstəxanada olduq. Öyrənirik ki, aksiyada klinik xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 25 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edir.
Məlumat üçün bildirək ki,Telman İbadov uzun müddət bu xəstəxananın baş həkimi vəzifəsində çalışıb. Necə deyərlər, rayon səhiyyəsinin dünənini də görüb, bu gününü də görür. Onun dedikləri:
– Əvvəlcə onu bildirim ki, hər dəfə Naxçıvana gələndə burada səhiyyənin bir qədər də inkişafının şahidi oluram. Daha dəqiq desəm, bu gün Naxçıvan səhiyyəsi özünün tərəqqi dövrünü yaşayır. Daha naxçıvanlılar hər hansı müayinə və ya müalicə üçün başqa yerlərə üz tutmurlar. Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərində də səhiyyənin inkişafı diqqət mərkəzindədir. Bu gün muxtar respublikanın hər bir rayon Mərkəzi Xəstəxanası öz fəaliyyətini yeni və müasir binalarda davam etdirir. Bildiyimə görə, həmin xəstəxana binalarının əksəriyyətinin açılışında ölkə Prezidenti cənab ­İlham Əliyev iştirak edib, əhaliyə yüksək səviyyədə səhiyyə xidməti göstərmək üçün öz tövsiyələrini verib. Muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər, təbii ki, bir həkim kimi məni sevindirir. Səhiyyə müəssisələrinin hər cür avadanlıqlarla təchiz olunaraq maddi-texniki bazalarının gücləndirilməsi, ixtisaslı kadr hazır­lığının diqqət mərkəzində saxlanılması bu günün reallıqlarıdır. Bir faktı nəzərinizə çatdırım. Bizim çalışdığımız xəstəxana ölkədə ən böyük səhiyyə müəssisələrindən biridir. Aksiya ərəfəsində mən Naxçıvan Muxtar Respublika Xəstəxanasında oldum. Burada gördüyüm avadanlıqlar tibbin son nailiyyətləridir və onların az qismi bizim xəstəxanada var. Naxçıvanlı ağxalatlıların bu texnologiyalardan mükəmməl istifadə etmələri diqqət mərkəzində saxlanılır, yerli həkimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə ciddi önəm verilir, biz də bu işdə öz köməyimizi əsirgəmirik. Ötən il ordubadlı bir həkim-laborant bizim xəstəxanada təcrübə keçib, gələn il 2 əməliyyat tibb bacısını da təcrübəyə cəlb edəcəyik. Məqsəd isə aydındır: insanlara yüksək səviyyədə səhiyyə xidməti göstərilsin. Bunun üçün həkimlərin yüksək peşəkarlığa malik olması vacib şərtlərdən biridir.

Baş həkim bildirir ki, aksiya çərçivəsində cərrahi, LOR, ginekoloji və uroloji sahələr üzrə cərrahi əməliyyatlar aparılır. Burada üzərində cərrahi əməliyyat aparılması mümkün olmayan xəstələr Bakıya dəvət edilir və pulsuz əməliyyat olunurlar.
Öyrənirik ki, heyətin tərkibində cərrahlardan Samir Aslanbəyli, Pənah Hüseynov, Toğrul Məhərrəmov, ginekoloq Zenfira İbadova, kardi­oloq Hüseynağa Sultanov, otolarinqoloq Könül Bayramova, nevropatoloq Qabil Bayramov, allerqoloq Almaz İsgəndərova, endo­krinoloq Tofiq Hacıyev və başqaları kimi öz ixtisasını dərindən bilən təcrübəli həkimlər var. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə tibbi xidmət göstərir.
Yüksəkixtisaslı heyət yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədirdi. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilirdi.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının həkimi İlham Seyidov deyir ki, insanların sağlamlığı keşiyində dayanan peşə sahibləri daim öyrənməyə can atmalıdırlar. Çünki digər sahələr kimi, səhiyyə sahəsində də hər gün yeniliklər baş verir, yeni tibbi avadanlıqlar istehsal edilir, müalicə üsulları meydana gəlir. Bu baxımdan Bakıdan gələn həmkarlarımızın təcrübələrindən yararlanmaq, yeni avadanlıqlarla işləmək vərdişlərini öyrənmək biz həkimlərin fəaliyyətində mühüm əhəmiyyət kəsb edir.
Telman İbadovla müayinə, müalicə və cərrahi əməliyyat aparılan palataları gəzirik. Vənənd kənd tam orta məktəbinin müəllimi Şahin Musazadə köhnə tanış kimi Telman həkimə yaxınlaşır, hal-əhval tutur, öz razılığını bildirir:
– Həkim heyətinin Ordubad rayonuna gəlməsi, burada humanitar aksiya keçirməsi bu gün səhiyyəmizdə gedən inkişaf və yeniliyin ifadəsi olmaqla, insana qayğının yüksək nümunəsidir. Bəzi xəstəliklər var ki, onların yerlərdə müalicəsi çətindir. Mərkəzdən gələn həkim heyətinin fəaliyyəti bu baxımdan təqdirəlayiqdir.
Aksiyada iştirak edən Ordubad rayonunun Tivi kənd sakini Aydın Dadaşov deyir ki, övladının cərrahi müdaxiləyə ehtiyacı var idi. Ordubad Rayon Mərkəzi Xəstəxanasında belə bir aksiya keçirilməsi onun əməliyyat olunmasına imkan verib. Aksiyanın ilk günü övladı üzərində cərrahi əməliyyat aparılıb. Palataya yerləşdirilən xəstə üçgünlük həkim nəzarətindən sonra evə buraxılacaq. Aydın Dadaşov belə xeyirxah aksiyaların təşkilatçılarına və icraçılarına minnətdarlığını bildirdi.
Ordubad şəhər sakinləri Həsənalı Möhsünov, Sürəyya Nağıyeva, Nəsirvaz kənd sakini Dilbər Həsənova və başqaları da onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirdilər.
Aksiyanın sonuncu günü rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elmar Zeynalovla əlaqə saxladıq. Öyrəndik ki, 1291 nəfər ambulator müayinə ilə əhatə olunub. Aztəminatlı ailələrdən olan 14 uşaq üzərində fimoz əməliyyatı aparılıb. Cərrahi müdaxiləyə ehtiyacı olan 14 nəfər üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evlərinə buraxılıblar. Aksiya zamanı pasiyentlər həmçinin hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar.
Daha bir aksiya uğurla başa çatdı və bu xeyirxah tədbiri ordubadlılar yüksək qiymətləndirdilər. Onlar gördülər ki, insana, onun sağlamlığına qayğı dövlətimizin prioritet vəzifələri sırasındadır. Bu vəzifələr son illər muxtar respublikamızda yüksək səviyyədə yerinə yetirilir.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR