22 Dekabr 2024, Bazar

Muxtar respublika ərazisində  uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar olunub vaxtında müayinə və müalicəyə cəlbi üçün  I - XI sinif şagirdləri arasında  kütləvi tuberkulin diaqnostikası – Mantu sınağı aparılıb. Bunun üçün əvvəlcədən zəruri təşkilati tədbirlər görülüb. 

Muxtar respublikanın tibb müəssisələrində çalışan həkim-pediatr və vaksinatorlar üçün seminar-məşğələ keçirilib. Orta məktəblərdə çalışan tibb işçilərinə lazımi təlimatlar verilib, onlarla söhbətlər aparılıb. Rayon mərkəzi xəstəxanaları, eləcə də gigiyena və epidemiologiya mərkəzləri tərəfindən xidmət ərazilərində Mantu sınağına cəlb ediləcək uşaqların siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə bir həkim və iki tibb işçisindən ibarət yaradılmış xüsusi briqadalar sınaq materialı ilə təchiz edilib.

Dekabr ayının əvvəlindən başlanan kampaniyaya muxtar respublika ərazisindəki tam orta məktəblərin 31 min 727 şagirdi cəlb olunub. Tuberkulin diaqnostikası Naxçıvan şəhəri, Culfa, Kəngərli və Sədərək rayonlarında daha mütəşəkkil keçirilib. Naxçıvan şəhərində 10 min 752 şagirddən 10 min 500, Culfa rayonunda 2 min 350 şagirddən 2 min 331, Kəngərli rayonunda 2 min 988 şagirddən 2 min 977, Sədərək rayonunda isə 672 şagirddən 626 nəfəri sınağa cəlb edilib. Mantu sınağı digər rayonlarda da uğurla aparılıb. Sınağın nəticələri 72 saat keçdikdən sonra qiymətləndirilib və bu haqda Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə, Ağciyər Xəstəlikləri Dispanserinə məlumat verilib. Şübhəli və müsbət reaksiyalı uşaqların Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində dərin ftiziatr müayinəsinə və müalicəyə cəlb olunmaları təşkil ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR