Şaxtalı havalarda insanlar bəzi sağalması çətin olan xəstəliklərə tutulurlar. Qrip xəstəliyi bu sırada öndə gedir. Bəs asanlıqla yoluxub gec sağaldığımız bu tip xəstəliklərdən necə qorunmalı, onlara qarşı hansı tədbirləri görməliyik? Mövzu ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkimi Məmmədəli Ələkbərov ilə həmsöhbət olub, bu xəstəliklərin yoluxma yolları, profilaktikası və sair barədə məlumat aldıq:
– Havanın temperaturunun birdən-birə dəyişməsi nəticəsində bəzi xəstəliklər yaranır ki, bunlara da mövsümlə əlaqədar törəyən xəstəliklər deyilir. İlin bu aylarında bronxit, pnevmoniya, qrip və sair kimi soyuqdəymə xəstəliklərinə rast gəlmək olar. Hava tədricən dəyişdiyi zaman insanlar buna uyğunlaşır ki, bu da sadaladığımız mövsümi xəstəliklərə yoluxanların sayını aşağı salır. Əks halda, yəni havaların kəskin şəkildə dəyişməsi, xüsusilə də immuniteti zəif olan insanlarda xəstəliyə yaxalanmaq riskini daha da artırır.
İnsanlar sadaladığımız bu xəstəliklərdən daha çox qripə yoluxurlar. Buna soyuqdəymə də deyirlər. Laboratoriya şəraitində bu xəstəliyin törədiciləri, yəni viruslar tapılmayıbsa, o, sadəcə, kəskin respirator virus infeksiyasıdır. Qrip yuxarı tənəffüs yollarının selikli qişasını zədələyən intoksikasiya əlamətləri ilə keçən iltihablı xəstəlik kimi çox geniş yayılıb. Xəstəliyin özünün gizli vaxtı olur ki, buna da tibdə inkubasiya dövrü deyilir. Bu dövr qrip virusları orqanizmə düşdükdən sonra onun ilk əlamətlərinin meydana çıxmasına qədər olan zaman kəsiyidir. İnkubasiya dövrü orqanizmdən asılı olaraq 3 saatdan 3-4 günə qədər davam edə bilər. Deməli, xəstəliyin gizli keçdiyi bir neçə gün ərzində insan qripə yoluxduğundan xəbərsiz olur. Xəstəlik əksər hallarda hava damcı yolu ilə keçir. Yəni xəstəliyin yayıcıları xəstəliyə tutulmuş insanlardır. Həmin insanlar asqırdıqda, ya da öskürdükdə bu viruslar 3 metr məsafəyə qədər yayılır. Beləliklə, onlarla eyni otaqda, ya da yaxınlıqda olan insanların həmin xəstəliyə tutulma ehtimalı daha çoxdur. Viruslar sağlam insanların yuxarı tənəffüs yollarına, yəni burun boşluğuna düşərək orada selikli qişada çoxalaraq xəstəlik yaradırlar. Xəstəlik 95 faiz hallarda bu yolla keçir.
Qrip təmas yolu ilə də keçə bilər. Belə ki, xəstəliyə tutulmuş şəxs avtobusda tutacaqlara, qapının dəstəyinə və sair kimi ictimaiyyətin istifadə etdiyi yerlərə toxunduqdan sonra sağlam adamın da həmin yerə əlini vurması ilə viruslar onun əlinə nüfuz edir.
Məmmədəli həkimin sözlərinə görə, 1-5 yaşa qədər olan uşaqlar xəstəliyə daha tez yoluxurlar. Buna səbəb isə onların orqanizmində müdafiə sisteminin hələ tam şəkildə formalaşmaması, immunitetlərinin zəif olmasıdır.
Qrip 7-10 gün davam edən xəstəlikdir. Halsızlıq, oynaqlarda ağrı, hərarətin qalxması, quru öskürək, boğazda udqunma zamanı ağrı və qıcıqlıq, hətta bir çox hallarda göz ətrafında ağrıların olması onun ilk əlamətləridir. Bu əlamətlər 3-4 günə qədər davam edir, sonra bu əlamətlər nisbətən keçir və qripin sağalma dövrü başlayır.
Məmmədəli Ələkbərov deyir ki, qripin əsas əlamətlərindən biri hərarətin olmasıdır. Bu zaman bədən temperaturu 37,5-dən 38-39 dərəcəyə qədər qalxa bilər. Valideynlər bilməlidirlər ki, uşaqlarda hərarət qalxdığı zaman onu müxtəlif dərmanlardan istifadə edərək aşağı salmaq lazımdır. Hərarətin qalxmasının 3 dərəcəsi var – mülayim, orta və güclü. Normal bədən temperaturu 37 dərəcə hesab edilir. Ancaq 38 dərəcəni də normal saymaq olar. O, hərarətin qalxmasının orta dərəcəsi kimi müəyyənləşdirilir. Xəstəlik zamanı bu dərəcədə hərarəti aşağı salmağa tələsmək lazım deyil. Çünki hərarətin qalxması orqanizmin müdafiə reaksiyasıdır. Yəni orqanizm həmin infeksiyaya qarşı qüvvələrini səfərbər edir. Onu aşağı salmağa səy göstərildiyi zaman qripin törətdiyi virusa qarşı immunitet əmələ gəlir. Hərarət 38-38,5 dərəcədən yuxarı olduğu zaman artıq hökmən tədbir görülməlidir.
Qripə yoluxan zaman mütləq həkimə müraciət edilməlidir. Bəzi insanlar ona yüngül xəstəlik kimi baxır, qripin öz-özünə keçəcəyini düşünərək ev şəraitində ondan qurtulmağa çalışırlar. Lakin o heç də düşündüyümüz qədər asan bir xəstəlik deyil. Onun ağırlaşma halları da ola bilər. Buna görə də yalnız həkimin məsləhət gördüyü dərmanlardan istifadə edilməlidir. Xəstəliyə tutulduqda 5 gündən az olmamaqla yataq rejimi məsləhət görülür. Çünki qrip yoluxucu xəstəlikdir. Xəstə işlədiyi, təhsil aldığı kollektivdə bunu sürətlə yaya bilər. Xüsusilə də xəstə uşaqların bağçalara getməsi düzgün deyil. Əksər hallarda isə xəstəliyə yoluxduqdan bir neçə gün sonra hərarət aşağı düşür və xəstə özünü sağalmış kimi hiss edir. 2-3 gündən sonra yenidən xəstənin halı pisləşir və hərarət yüksəlir. Bu isə ağırlaşmanın xəbərçisidir. Qripin ağırlaşmaları bunlar ola bilər: pnevmoniya, yəni ağciyərlərin iltihabı xəstəliyi, ottitlər, yəni qulağın iltihabı. Daha ağırlaşması və nadir təsadüf olunan xəstəliyi meningitdir. Bu, beyin qişalarının iltihabı xəstəliyidir.
Bir çox xəstələr müraciət edərək bu xəstəliyə qarşı peyvəndin olub-olmaması ilə maraqlanırlar. Bəli, qrip xəstəliyinə qarşı peyvənd var, lakin xəstəliyin törədiciləri çox olduğuna görə peyvənd vurula bilmir. Xəstəliyə qarşı simptomatik müalicə aparılır. Yəni burun tutulubsa, burun damcılardan, hərarət qalxıbsa, müxtəlif hərarət endirici dərmanlardan istifadə edilməlidir. Uşaqlara 14 yaşına qədər hərarət zamanı geniş istifadə olunan aspirin verilməməlidir. Onlar həkim məsləhəti ilə siroplardan istifadə etməlidirlər.
Digər bir məsələ isə antibiotiklərdir. Qeyd edək ki, antibiotiklər viruslara təsir etmir. Buna görə də xəstəlik ağırlaşmadığı dövrlərdə antibiotiklərdən istifadə edilməsi məsləhət görülmür. İstisna olaraq hamilə qadınlarda və uşaqlarda xəstəlik ağırlaşdığı zaman profilaktik məqsədlə həkim məsləhəti ilə onlardan istifadə edilə bilər. Digər hallarda simptomatik müalicə aparılmalıdır.
Məmmədəli həkimin sözlərinə görə, xəstəlik zamanı çoxlu maye qəbul edilməlidir ki, orqanizmdə olan zərərli maddələr xaric olunsun. Orqanizmi möhkəmləndirmək üçün tərkibində C vitamini olan ərzaqların qəbulu da vacibdir. Ən əsası da mövsümə uyğun geyinməli, əynimizi isti saxlamalı, otağımızın havasını tez-tez dəyişməliyik. Çünki viruslar Günəşin ultrabənövşəyi şüaları altında tez məhv olurlar. Sağlam vaxtlarda qeyri-iş günlərində sarımsaq yemək də bu xəstəliyin yaranmasının qarşısını alır. Çünki sarımsaq təbii antibiotikdir.
Son olaraq hər birimiz özümüzü bu xəstəliklərdən qorumalı, yoluxduğumuz zaman isə onlara sıradan bir xəstəlik kimi yanaşmayıb həkimə müraciət etməli, onun məsləhəti ilə müalicə olunmalıyıq.
Mövsümlə əlaqədar havaların soyuq keçməsinə baxmayaraq, hava şəraiti ilə mübarizə apararaq xəstəliklərdən yayına bilərik. Unutmayaq, insan özü-özünün həkimi olmalıdır!
Fatma Babayeva