Muxtar respublika ərazisində uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar olunub vaxtında müayinə və müalicəyə cəlbi üçün I-XI sinif şagirdləri arasında kütləvi tuberkulin diaqnostikası – mantu sınağı davam etdirilir. Bunun üçün əvvəlcədən zəruri təşkilati tədbirlər görülüb.
Muxtar respublikanın tibb müəssisələrində çalışan həkim-pediatr və vaksinatorlar üçün seminar-məşğələ keçirilib. Tədbirin normal təşkili və başa çatdırılması üçün rayon mərkəzi xəstəxanaları tərəfindən əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan tibb işçilərinə lazımi təlimatlar verilib, söhbətlər aparılıb. Eyni zamanda şəhər və rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən məsul şəxslərin iştirakı ilə seminar keçirilib, rayon mərkəzi xəstəxanaları, eləcə də gigiyena və epidemiologiya mərkəzləri tərəfindən xidmət ərazilərində həmin sınağa cəlb ediləcək uşaqların siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə bir həkim və iki tibb işçisindən ibarət yaradılmış xüsusi briqadalar sınaq materialı ilə təchiz edilib.
Dekabrın əvvəllərindən başlanan tədbir artıq Naxçıvan şəhəri, Şahbuz və Sədərək rayonlarında yekunlaşdırılıb. Naxçıvan şəhərində 10 min 752 şagirddən 10 min 500, Şahbuz rayonunda 1510 şagirddən 1448, Sədərək rayonunda isə 630 şagirddən 614-ü sınağa cəlb edilib. Mantu sınağı digər rayonlarda mütəşəkkil şəkildə davam etdirilir. Belə ki, indiyədək 19 min 500 şagird tuberkulin diaqnostikasına cəlb olunub. Sınağın nəticələri 72 saat keçdikdən sonra qiymətləndirilir və bu haqda Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə, Ağciyər Xəstəlikləri Dispanserinə məlumat verilir. Nəticələr qiymətləndirilərkən şübhəli və müsbət reaksiyalı uşaqların Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində dərin ftiziatr müayinəsinə, lazım gələrsə, müalicəyə cəlb olunmaları təşkil ediləcək.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçi-pediatrı İbrahim Ağayev bildirir ki, bu mühüm kampaniya uşaqlarımızın sağlamlığının təminatında olduqca mühüm əhəmiyyət kəsb edir. Hər bir valideyn bu barədə məlumatlı olmalı və bilməlidir ki, mantu sınağı peyvənd deyil. Bu sınağın əsas vəzifəsi insan orqanizmində vərəm infeksiyasının erkən aşkar edilməsidir. Mantu sınağı bir çox hallarda 1 yaşından 18 yaşına kimi olan yaş qrupu arasında keçirilir.
Mantu sınağı insan orqanizmi üçün tam təhlükəsiz sayılır. Əgər uşaqda sınağın nəticəsi ilk dəfə müsbət olubsa, infiltratın ölçüləri kəskin böyüyübsə, uşaq mütləq ftiziatr müayinəsinə göndərilməlidir. Sınağın nəticəsi şübhəli olduqda da uşaq ftiziatr müayinəsindən keçməlidir. Əgər infiltratın ölçüləri çox böyükdürsə (17 millimetrdən böyük), inyeksiyanın yeri irinləyibsə, uşaqda limfatik düyünlər şişibsə, bu halda uşağı həm ftiziatr, həm allerqoloq müayinə etməlidir. Uşaqların sağlamlığı naminə hər bir valideyn bu tədbirə müsbət yanaşmalı və tibb işçiləri ilə bərabər bu kampaniyanın uğurla başa çatmasına kömək etməlidir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti