Muxtar respublikada elmin inkişafına göstərilən diqqət və qayğı sanballı tədqiqatların aparılmasına, müxtəlif sahələri əhatə edən yeni kitabların ərsəyə gəlməsinə geniş imkanlar yaradıb. Bu prosesdə muxtar respublikanın səhiyyə işçiləri də fəallıq göstərir, elmi araşdırmalar aparır və təcrübi biliklərini ümumiləşdirərək kitab halında nəşr etdirirlər.
Həkim-pediatr, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi, Azərbaycan Respublikasının Əməkdar həkimi Rəhim Rəhimovun bu yaxınlarda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə çap olunmuş “50 sual 50 cavab” adlı kitabı da bu qəbildəndir.
Kitab xəstəxananın tibbi heyətinin praktik fəaliyyətinə uyğun, gündəlik müşahidələri, valideynlər tərəfindən onlara ünvanlanan suallara cavab əsasında tərtib edilib. Səhiyyə maarifi xarakteri daşıyan kitabda həkiməqədərki mərhələdə valideynlərin bilməli olduqları müalicə üsulları öz əksini tapıb. Qeyd olunub ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. Planetimizin əhalisinin üçdə birini təşkil edən uşaqlarımızın necə tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən hər bir ölkənin gələcəyi asılıdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 19 sentyabr 2016-cı il tarixli qərarı ilə çap olunmuş kitab hər bir valideyn üçün faydalı məlumat qaynağıdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti