22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.
Belə humanitar aksiyalardan biri Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin təşkilatçılığı ilə dekabrın 7-də Culfa Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilib. Mərkəzin qan bankının həkimi Məmmədəli Həsənov ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb. Qeyd olunub ki, müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qanıdır. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və bu, donor qanına tələbatı artırır. Müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qan itirmələrdə, xroniki qanazlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır. Bununla əlaqədar olan məsələlərin həllində qan donorluğunun, xüsusən təmənnasız donorluğun böyük əhəmiyyəti vardır. Xalqımızın donorluğa göstərdiyi rəğbət, insanpərvərlik, xeyirxahlıq və humanizm, həmrəylik bu işin təşkilinə böyük kömək edir. Muxtar respublikamızda da bu istiqamətdə tədbirlər ardıcıl olaraq həyata keçirilir.

Sonra xəstəxananın kollektivi “Sən də bir həyat ver” devizi altında könüllü qanvermə aksiyasına qoşulub. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Bir neçə saat davam edən aksiyada 33 nəfər könüllü olaraq qan verib. Donorlardan götürülən qanın qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda mərkəzin qan bankına təhvil verilib. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR