Dövlət qayğısının bariz nümunəsi olan Naxçıvan Muxtar Respublika Xəstəxanasında məhz bunların şahidi olduq
Qədim dövrlərdən bəri insanlar həmişə həkimlərə böyük ehtiram göstəriblər. Bəlkə də, bu, ona görədir ki, həmin peşə sahiblərində canıyanarlıq, əziyyət çəkənə yardım etmək, xəstəyə əlac tapmaq kimi ali xüsusiyyətlər vardır. Qədim hindistanlı müdriklər nahaq yerə demirdilər ki, “Atadan, anadan, müəllimdən və dostlardan qorxmaq olar, ancaq həkimin qarşısında qorxu hiss etməməlisən. Çünki o, xəstəyə həm ata, həm ana, həm dost, həm də ustaddır”. Əgər həkim xəstə üçün ən doğma, əziz insanları əvəz edə bilirsə, bu, onun peşəsinə vurğunluğundan irəli gəlir. Naxçıvan Muxtar Respublika Xəstəxanasında da həkimlərimiz bura müraciət edən xəstələrə məhz belə münasibət göstərir, onların dərdinə əlac tapır, necə deyərlər, sağlamlıqlarının keşiyində dayanırlar. Şahidi olduğum bir hadisə də belə qənaətə gəlməyimə səbəb oldu.
Ötən günlərdə yolum xəstəxanaya düşmüşdü. Məqsədim əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması naminə əsaslı şəkildə təmir edilən, yenidənqurma işləri aparılan xəstəxanada insanlara göstərilən tibbi xidmətin səviyyəsi barədə məqalə hazırlamaq idi. Həqiqətən də, dövlətimizin böyük diqqəti, qayğısı sayəsində xəstəxana yüksək standartlara cavab verən, qabaqcıl firmaların istehsalı olan ən müasir tibbi avadanlıqlarla, laboratoriya və müayinə cihazları ilə təmin olunub. Yəni dövlətimiz əhalinin sağlamlığının etibarlı qorunması üçün burada yüksək səviyyədə şərait yaradıb, bütün işləri tam həyata keçirib. Bəs həkimlərimiz necə, yaradılan bu şəraitdən səmərəli istifadə edərək müasirliyi ilə yanaşı həm də çox mürəkkəb funksiyaları ilə seçilən tibbi avadanlıqlardan təlimata uyğun istifadə edərək xəstələrə düzgün diaqnoz qoyulmasını həyata keçirə bilirlərmi? Axı həmin avadanlıqlarla işləmək üçün nəzəri biliklərlə yanaşı, əsaslı texniki biliklərə də yiyələnmək lazımdır.
Səhiyyə ocağına gəlirəm və araşdırmalarım nəticəsində müasir dövrün mürəkkəb tibbi avadanlıqlarından biri olduğunu öyrəndiyim Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinələrinin aparıldığı Şüa diaqnostika şöbəsinə doğru addımlayıram. Əvvəlcə onu deyim ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında müxtəlif şöbələrə müraciət etmək üçün xeyli sayda insanın olduğunu gördüm. Bu, bir baxıma yaxşı, digər tərəfdən isə mənfi haldır. Yaxşıdır, ona görə ki, insanlarımız hər şeydən dəyərli olan canlarını bizim həkimlərimizə əmanət edərək xəstəliklərinə xarici ölkələrdə deyil, məhz burada çarə arayırlar. Bu, onu göstərir ki, xəstələr yerli həkimlərimizə inanırlar, xəstəxanadakı müasir tibbi avadanlıqlarda müayinələrdən keçməyə can atırlar. Digər tərəfdən yeni-yeni xəstəliklərin ortaya çıxması, necə deyərlər, xəstəliklərin cavanlaşmasıdır. Dövrün bəlasıdır bu... Bəlkə də, payız mövsümü ilə əlaqədardır...
Bu düşüncələrdən məni Şüa diaqnostika şöbəsindən gələn səs-küy ayırır. Ehtimal edirəm ki, yəqin həkimlər xəstəni narazı salıblar, o da etirazını bildirir. Haqsız yerə tibb işçilərimizin qarasınca danışa-danışa sürətlə ora yaxınlaşıram və gördüyüm mənzərənin təsirindən yerimdəcə donub qalıram. Hay-küy salan qoca kişinin qolundan iki cavan oğlan bərk-bərk tutub müayinə otağına doğru aparmağa çalışırlar. O isə müqavimət göstərir və qışqıraraq deyir: “Ay bala, məndən əl çəkin! Ölməmişdən əvvəl məni o qaranlıq qutunun içinə salmaq istəyirsiniz? Getmirəm!” Məsələ aydın idi. Yaşlı kişi müasir texnologiyanın görünüşündən vahiməyə düşmüşdü. Nə etsin? Ömrünün böyük bir hissəsini dünyaya meydan oxuyan, ölkələri işğal edən dövlətdə yaşayan bu şəxs həmin supergücün var olduğu dövrdə də belə bir avadanlıq görməmişdi. Sözün düzü, son vaxtlara qədər mən də görməmişdim.
Vaxt var idi ki, televiziyada xarici ölkələrdəki tibb müəssisələrini, oradakı tibbi avadanlıqları görəndə heyrətlənirdik. Ağlımıza da gəlməzdi ki, 25 illik müstəqillik tarixi olan bir dövlət bu cür möcüzələrə imza atacaq, blokada vəziyyətində yaşayan bir diyarda belə yüksək səviyyəli tibb müəssisəsi yaradacaq, buranı ən müasir avadanlıqlarla təchiz edəcək...
... Səs-küyə müayinə otağından çıxan gülərüz, gənc həkim yaşlı kişi ilə söhbət etməyə başlamışdı. Bir az kənarda dayandığıma görə söhbətin nədən getdiyini eşitməsəm də, arada dayının “Yox əşşi!”, “Əla!” deməsindən belə başa düşdüm ki, kişi artıq yola gəlir. Bir neçə dəqiqədən sonra həmin xəstə əmin addımlarla MRT müayinəsi otağına getdi. Qapıdan içəri boylanarkən gördüyüm mənzərə heç də həmin ağsaqqalın dediyi kimi “qaranlıq qutu” deyildi. Əksinə, burada çox geniş və işıqlı, görkəmi ilə insanı heyrətə düşürən bir tibbi avadanlıq var idi...
Səbirlə müayinənin nəticəsini gözlədim. On dəqiqədən sonra xəstənin müayinəsi bitdi və o, müayinələrinin nəticələrini alaraq deyə-gülə oradan ayrıldı. Məhz bu məqamda yuxarıda qeyd etdiyim qədim hindistanlı müdriklərin sözləri yadıma düşdü.
Sonradan öyrəndim ki, xəstəni müayinə olunmağa razı salan radioloq-həkim Aminə xanımdır. O, 2004-cü ildə yüksək balla Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olub. Təhsil aldığı illərdə qabaqcıl, çalışqan tələbə kimi hörmət qazanıb. Əla qiymətlərlə oxumaqla yanaşı, ali məktəbin ictimai həyatında da fəallıq nümayiş etdirib. Fakültəni fərqlənmə diplomu ilə bitirdikdən sonra 2010-cu ildən qardaş Türkiyənin ən tanınmış xəstəxanalarından biri olan Kocaeli Eyitim və Araşdırma Xəstəxanasında 5 illik uzmanlıq proqramı çərçivəsində radiologiya sahəsi üzrə ixtisaslaşıb. Həmçinin Türkiyənin bir neçə xəstəxanasında da kurslarda, elmi konfranslarda iştirak edib, nəzəri və təcrübi biliklərini daha da artırıb.
Hippokrat andı içib diplom aldığı günü bir an belə unutmayan Aminə həkim dedi ki, həmin gün həkim məsuliyyətini ömürlük üzərimə götürdüyümü tam aydınlığı ilə dərk etdiyim gün idi:
– Baxın, Hippokrat 2500 il əvvəl yazdığı məşhur “And”ında da, digər əsərlərində də gənc həkimlərə örnək olaraq yazırdı ki, həkim xeyirxah, ədalətli, insanpərvər olmalı, xarici görkəmini unutmamalı, geyimi və davranışı sadə olmalıdır. Onun həkimdən tələb etdiyi humanizm isə mənsub olduğu sosial təbəqədən asılı olmayaraq, bütün xəstələrə xidmət edir. Bunlar sadə məsələlər deyil və biz həkimlərin şərəf borcumuz sayılır.
Müasir dövrdə radiologiya sahəsinin inkişafı barədə danışan Aminə həkim qeyd etdi ki, günümüzdə ən çox müraciət edilən şöbələrin başında Şüa diaqnostika şöbəsi dayanır. Çünki artıq elə bir xəstəlik yoxdur ki, radiologiyanın imkanlarından istifadə edərək onun diaqnostikasını aparmaq mümkün olmasın. Bu imkanlardan istifadə edərək vaxtilə çox çətin aşkarlanan xəstəliklərə daha dəqiq diaqnoz qoymaq artıq mümkündür. Hətta beyində olan törəmələrə biopsiya aparmadan radioloji müayinə metodları ilə düzgün, dəqiq diaqnoz qoymaq olar.
Yuxarıda qeyd etdiyim hadisəni xatırlatdıqda Aminə həkim bildirdi ki, bu müayinələr qapalı mühitdə aparıldığı üçün insanların bir çoxunda həyəcan hissi yaranır: “Bizdəki avadanlıq tibb elminin ən böyük nailiyyətlərindən biridir. Ən son modeldir, 2015-ci il istehsalıdır. Ancaq bəzi xəstələrimiz müayinələrin qapalı mühitdə, qaranlıq və hətta havasız olduğunu düşünərək çəkinirlər. Amma qətiyyən belə deyil. Xəstəxanamızda hazırda istifadə edilən MRT avadanlığı ən son buraxılış olduğu üçün çox genişdir, işıqlıdır, yüksək səviyyədə havalandırma sisteminə malikdir. Əvvəlki avadanlıqlarla müqayisədə bu avadanlıqda çəki məhdudiyyəti yoxdur. İstənilən çəkidə olan xəstə rahatlıqla müayinə oluna bilir. Hamilələrin, uşaqların MRT müayinəsindən keçməsi ilə bağlı hər hansı qadağa yoxdur. Amma müayinələrimiz həkim göndərişi ilə həyata keçirilir. Klinik göstəriş olmadan heç bir xəstənin müayinəsi düzgün deyil. Biz bu hallara ciddi diqqət edirik”.
Aminə Hüseynova əlavə etdi ki, MRT avadanlığının üstünlüyü şüalanmadan istifadə olunmaması, hətta ölçüsü bir neçə millimetr olan hüceyrənin təsvirini görmək imkanı verməsi, baş beyin və onurğa beyni, qaraciyər, mədəaltı vəzi, böyrəküstü vəzilər, kiçik çanaq orqanları və sair üzvlərin istənilən patologiyasını vaxtında aşkara çıxarmağa şərait yaratmasıdır.
Həqiqi həkimin peşəkarlığının gücünün təkcə erudisiyasının, bilik və bacarığının dərinliyində yox, həm də qəlbinin mərhəmətində olduğu fikrinə həkim-radioloq belə münasibət bildirdi:
– Çalışdığım Naxçıvan Muxtar Respublika Xəstəxanası bu gün xəstələrimizin ümid yeri, insanların şəfqət ünvanıdır. Qürurverici haldır ki, bu şəfa ocağının imkanları bu gün dünyanın ən müasir tibb müəssisələrinin meyarlarına uyğun gəlir. Dünya səhiyyəsinin bütün tələblərinə cavab verən xəstəxanada tibb sənayesinin son nailiyyətlərinə söykənən texniki vasitələr, kompüter müayinə avadanlığı və sistemləri var, xəstələrin rahatlığı üçün lazım olan hər cür şərait yaradılıb. Bu şəraiti bizə dövlətimiz yaradıb, rəhbərimizin diqqət və qayğısı sayəsində bütün bunlar biz həkimlərin, o cümlədən əhalinin istifadəsinə verilib. Dünyanın tanınmış təhsil ocaqlarında təcrübə keçmiş biz həkimlərin də borcu bu qabaqcıl səhiyyə ocağında bilik və bacarıqlarımızı peşəkarlıqla əhalinin sağlamlığının qorunmasına sərf etməkdir.
Sevindirici haldır ki, bu gün həkim-radioloq Aminə Hüseynova kimi düşünən həkimlərimiz kifayət qədərdir. Xüsusilə onların tibb sahəsində dünyanın qabaqcıl təcrübəsinə yiyələnməsi böyük əhəmiyyət kəsb edir. Həkimin də qeyd etdiyi kimi, məhz buna görədir ki, hətta Bakıdan və qonşu ölkələrdən Naxçıvana gəzinti məqsədilə gələnlər də xəstəxanada yaradılan şərait barədə eşidərək burada müayinələrdən keçirlər. Muxtar respublikadan xarici ölkələrə üz tutanların sayı da artıq minimuma enib.
Bəli, muxtar respublikamızın səhiyyə sistemində gördüyümüz yeniliklər, müasir innovasiyalar vətəndaşlarımıza nə qədər rahatlıq bəxş edir, məmnunluq, fərəh gətirir. Axı xoşbəxtlik, ilk növbədə, sağlamlıqdan başlayır.
Rauf Əliyev