22 Dekabr 2024, Bazar

Muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi ilbəil yüksəldilir. Səhiyyə infrastrukturunun yenilənməsi əhalinin sağlamlığının qorunması işində əsaslı dönüşə səbəb olub. Müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, yüksək­ixtisaslı həkim briqadalarının mütəmadi olaraq muxtar respublikaya gəlməsi də aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinə hərtərəfli şərait yaradır.
Bu sahədə yaranmış ənənə cari ilin ötən dövründə də uğurla davam etdirilib. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 21 nəfərdən ibarət ayrı-ayrı ixtisaslar üzrə həkim briqadası yanvar ayında Şərur rayonunda 2 min 504 nəfəri tibbi müayinədən keçirib, 75 nəfərdə əməliyyat aparıb.
Klinik Xəstəxananın 23 nəfərdən ibarət həkim heyəti may ayında Ordubad Rayon Mərkəzi Xəstəxanasında əhalinin kütləvi müayinə və müalicəsinə nail olaraq 3 min 587 nəfəri müayinə edib, 86 nəfərdə cərrahi əməliyyat aparıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası ilə qarşılıqlı əməkdaşlığı artıq ənənə halını alıb. Xəstəxananın Ürək və damar xəstəlikləri şöbəsinin müdiri, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, tibb elmləri doktoru Rəşad Mahmudovun rəhbərliyi ilə Naxçıvan Diaqnostika- Müalicə Mərkəzində təşkil olunan humanitar tibbi aksiyalar yüzlərlə xəstənin müayinə və müalicəsində mühüm rol oynayıb, eyni zamanda yerli həkimlərin açıq ürək əməliyyatlarında iştirakı onların bu sahədə mütəxəssis kimi yetişməsinə, belə cərrahi əməliyyatları müstəqil şəkildə icra etməsinə imkan verib. İlin xronikasına nəzər salaq: Mərkəzi Neftçilər Xəstəxanası Ürək və damar xəstəlikləri şöbəsinin yüksəkixtisaslı heyəti bu ilin ötən on ayında altı dəfə Naxçıvanda olub, Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsi ilə birgə 67 nəfərdə açıq ürək əməliyyatı aparıb, humanitar aksiya çərçivəsində 250 nəfəri tibbi müayinədən keçirib.
Fevral ayında keçirilən aksiyada Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloqları tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 22 nəfərdə müayinə, 6 nəfərdə əməliyyat, Azərbaycan Tibb Universitetinin uşaq cərrahı Allahverdi Musayev tərəfindən isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 5 nəfərdə plastik rekonstruktiv əməliyyatlar aparılıb.
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin tərkibində olan Uşaq Ürək Cərrahiyyə Mərkəzinin invaziv uşaq kardioloqu Elnur İmanov tərəfindən mart ayında Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 12 nəfərdə EXO kardio­qrafiya müayinəsi cari ildə icra olunan aksiyalardan biridir.
Tibbi aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın doğum günü münasibətilə aztəminatlı ailələrdən olan tələbələr və şagirdlər oftalmoloq müayinəsindən keçirilib, ehtiyacı olan 23 tələbəyə və 70 şagirdə pulsuz eynəklər verilib.
İyun ayında Azərbaycan Tibb Universitetinin uşaq cərrahı Allahverdi Musayev tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 15 nəfərdə müayinə, 3 nəfərdə plastik rekonstruktiv əməliyyatlar aparılıb.
Avqust ayında endokrinoloq Rövşən Həsənov Naxçıvan Muxtar Respublika Xəstəxanasında 60 nəfərdə müayinələr və müalicələr aparıb.
Aksiyalar zamanı yenidən öz səhhətinə qovuşan xəstələr belə tədbirləri əhalinin sağlamlığına göstərilən dövlət qayğısı kimi dəyərləndirir və bildirirlər ki, ölkəmiz ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra respublikamızda səhiyyə ocaqlarının inkişafına, tibbi xidmətin yüksəldilməsinə xüsusi diqqət yetirilməsi hər kəsin ürəyincədir. Bu gün müalicə aldığımız səhiyyə müəssisələrində bir ailə komandası kimi çalışan, əhaliyə tibbi xidmət göstərən kollektivlərin öz işlərinə məsuliyyətlə yanaşması, hədsiz diqqət göstərilməsi, təmizlik, səliqə-sahman, ürəkaçan sanitar-gigiyenik vəziyyət, mehriban münasibət, nəvaziş dediklərimizə əyani sübutdur.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR