03 May 2024, Cümə

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalında keçirilən sertifikasiya imtahanlarının növbəti mərhələsində muxtar respublikanın səhiyyə müəssisələrində çalışan orta tibb işçiləri öz bilik və bacarıqlarını sınayıblar.
Muxtar respublikanın səhiyyə sistemində sertifikasiya imtahanları bu il kompüterə verilmiş proqrama uyğun aparılır. Bu məqsədlə xəstəxananın yeni binasında yerləşən elektron zaldan istifadə edilir. Elektron zalda server xidməti ilə birgə 31 kompüter qurulub. Kompüter proqrama uyğun olaraq ümumi sual bankından 2 müxtəlif variantda 60 test sualını və 5 klinik tapşırıq sualını seçir. Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsini təmin edir. Mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərlərində çalışmasına, tibb peşəsinin məsuliyyətini daha dərindən dərk etməsinə imkan yaradır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən suallar tərtib edilərək kompüterə yerləşdirilib. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 60 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə təqdim olunub, eyni zamanda yazılı olmaqla müsahibə mərhələsinin də sualları paylanılıb. Cavablandırma qaydaları izah edilib. Məxfiliyin gözlənilməsi məqsədilə müsahibə sual kartlarında imtahan verənin adı, soyadı yox, kod nömrəsi əksini tapıb. Üç saat davam edən imtahanın gedişinə imtahan-nəzarət komissiyası tərəfindən nəzarət olunub. İmtahan suallarının test hissəsi üzrə cavab kartlarının yoxlanması kompüterlə, klinik hissəsi üzrə cavabların qiymətləndirilməsi isə mütəxəssislərin iştirakı ilə aparılıb.
İmtahanlara cəlb olunan 92 tibb bacısından 83 nəfəri növbəti mərhələdə iştirak edib. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış 55 orta tibb işçisi sertifikasiyadan keçərək 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edib. 28 nəfər isə zəruri həddi keçə bilməyib. Sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə əldə edə bilməyən orta tibb işçiləri ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaqlar. Onlar altı ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR