Muxtar respublika əhalisinin sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkar olunması, profilaktikası və dispanserizasiya işinin yaxşılaşdırılması üçün ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin kütləvi tibbi müayinəsi davam etdirilir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin xüsusi tədbirlər planı hazırlanıb, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası LOR üzrə həkiminin rəhbərliyi ilə müxtəlif səhiyyə müəssisələrinin ftiziatr, rentgenoloq, terapevt, nevropatoloq, stomatoloq, dermatoveneroloq, oftalmoloqlarından ibarət həkim komissiyası yaradılıb. Yeni dərs ilində profilaktik tibbi yoxlamalara oktyabr ayından start verilib. 570 tələbə müayinədən keçirilib, 37 miopiya, 7 dişdaşı, 15 burun-qulaq-boğaz, dəri-zöhrəvi xəstəliyi aşkar edilib, onların daşıyıcıları olan tələbələrin müalicəsi üçün tibbi göstəriş verilib.
Noyabrın 17-də Naxçıvan Dövlət Universitetində keçirilən dördüncü aksiyada isə 240 tələbə tibbi müayinələrlə əhatə olunub. Narahatlıq doğuran ciddi xəstəlik halları müşahidə edilməyib. Xatırladaq ki, profilaktik tibbi yoxlamalar ötən dərs ilində də uğurla aparılıb, aksiyanın əvvəlindən 2220 tələbə tibbi müayinələrə cəlb olunub, dispanserizasiya tədbirləri həyata keçirilib.
Növbəti kütləvi mərhələdə isə profilaktik tibbi yoxlamalar çərçivəsində tələbələr Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində flüoroqrafik müayinədən keçəcəklər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti