Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Cərrahiyyənin aktual problemləri” mövzusunda keçirilən konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov bildirib ki, muxtar respublikamızda səhiyyə sisteminin yenidən qurulması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılması insanların sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb. Cərrahiyyə sahəsində baş verən yeniliklər onu göstərir ki, muxtar respublikada bu sahənin inkişafına, ixtisaslı kadr potensialının artırılmasına lazımi diqqət yetirilir. Artıq muxtar respublikanın yerli kadrları müstəqil şəkildə xəstələr üzərində açıq ürək, angioqrafiya, laparoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları uğurla həyata keçirirlər.
Vurğulanıb ki, muxtar respublika səhiyyəsində həyata keçirilən ardıcıl digər tədbirlər – elmi-praktik seminarlar, konfranslar, təlim və treninqlər, həkim və orta tibb işçilərinin Bakı şəhərinin, Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına kurslara göndərilməsi, yüksəkixtisaslı mütəxəssislərlə həyata keçirilən mürəkkəb cərrahi əməliyyatlarda iştirakı, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb işçilərinin sertifikasiyası onların peşə bacarıqlarının artırılmasında xüsusi rol oynayır. Keçirilən konfrans da həmin tədbirlərin məntiqi davamıdır.
Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-cərrahları, tibb üzrə fəlsəfə doktorları Cəbi İsmayılov “Kəskin apendisitlərin diaqnostikasında USM-in rolu”, Adil Məmmədov “Dayaq-hərəkət aparatı yad cisimlərinin diaqnostikasında yeniliklərimiz”, Etibar Bababəyli “Kəskin bağırsaq keçməməzliyi, kliniki təcrübəmiz və müasir müalicə üsulları”, xəstəxananın həkim-rezidentləri Təbrizə Əliyeva “Disseminə olunmuş damardaxili laxtalanma sindromu”, Həbib Məmmədov “Qalxanabənzər vəzi xəstəliklərinin cərrahi müalicəsində müasir metodlar”, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim-cərrahı, tibb üzrə fəlsəfə doktoru İsa Abdullayev “Peritenitlərin ağırlıq dərəcəsinin və proqnozunun təyin edilməsi üsullarının müqayisəli təhlili” mövzularında məruzələr ediblər.
Konfransda videosüjetlər, cərrahiyyə prosesindən görüntülər nümayiş etdirilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Əli Ələsgərov tədbirə yekun vurub.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti