Ötən şənbə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin və Azərbaycan İmplantoloq İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Stomatoloji praktikada multi-dissiplinar yanaşma” mövzusunda elmi-praktik simpozium keçirilib.
Simpozium başlanmazdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Elmi-praktik simpoziumu giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, insan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Muxtar respublikamızda səhiyyə sisteminin yenidən qurulması, müasir dünya standartlarına uyğunlaşdırılması bu xidməti keyfiyyətcə daha da yaxşılaşdırıb, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması, sağlamlığa mənfi təsir edən amillərin aradan qaldırılması, ana və uşaqların, ahıl vətəndaşların sağlamlığının qorunması işində əsaslı dönüş yaradılıb. Stomatologiya sahəsində baş verən yeniliklər onu göstərir ki, muxtar respublikada bu sahənin inkişafına, ixtisaslı kadr potensialının artırılmasına lazımi diqqət yetirilir. Kəndlərdə tikilib istifadəyə verilən həkim ambulatoriyalarının hər birində müasir stomatoloji kabinələrin yaradılması da bu mənada xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxışında bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində Stomatologiya ixtisasının açılması bu sahədə ixtisaslı kadrların hazırlanmasında xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetinin Türkiyə universitetləri ilə stomatologiya sahəsində də əlaqələri ilbəil genişlənir. Bu universitetlərlə aparılan tələbə mübadiləsinin kadrların yetişdirilməsinə müsbət təsiri vardır.
Tədbirdə Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, Bakı şəhərində fəaliyyət göstərən “İmplandent” klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov ənənəvi Naxçıvan simpoziumları və onların əhəmiyyəti barədə danışıb, “Gündəlik stomatoloji praktikada implantasiyanın zəruri yeri” mövzusunda məruzə edib.
Sonra Samsun 19 May Universitetinin doktorantları Elçin Abbasovun “Diş həkimliyində metalsız keramikalar və dişyonma metodları”, Taha Özyürəkin “Kök kanal morfologiyası və endodontik girişin əhəmiyyəti”, Naxçıvan Dövlət Universitetinin Əczaçılıq və stomatologiya kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərovun “İmplantasiya əməliyyatını asanlaşdıran amillər”, Sankt-Peterburq Hərbi Tibb Akademiyasının doktorantı Gündüz Yaqubovun “Odontogen kistalar və onların müalicəsində klassik və innovativ metodlar” və Culfa rayonunun Əbrəqunus kənd həkim ambulatoriyasının həkim-stomatoloqu Rəşad Xəlilovun “Erkən ortodonik müdaxilələr, gündəlik praktikada rast gəlinən qüsurların breketlərlə müalicəsi” mövzularında məruzələri dinlənilib.
Simpoziumda video-süjetlər, implantasiya prosesindən görüntülər nümayiş etdirilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına bukletlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti