Naxçıvan Tibb Kollecində ixtisaslı tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsi məqsədi daşıyır. Burada Mamalıq işi, Müalicə işi, Tibb bacısının işi, Əczaçılıq işi, Ortopedik stomatologiya olmaqla, 27 qrupda orta ixtisaslı kadrlar hazırlanır.
Tələbələr müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanalarda praktik vərdişlərə yiyələnirlər. Kollecdə müxtəlif fənlər üzrə 8 kabinə, 6 elektron lövhəli otaq, 4550 kitab fonduna malik kitabxana, akt zalı, idman zalı, 3 laboratoriya, 2 kompüter otağı fəaliyyət göstərir. Yaradılmış şəraitdən səmərəli istifadə etməklə ixtisaslı kadr təminatına nail olmaq üçün hazırda ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin davamı olaraq Naxçıvan Tibb Kollecinin müxtəlif ixtisaslar üzrə tələbə və müəllim heyəti bu il oktyabr ayında Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Halidə Edip Mesleki və Teknik Anadolu Lisesinin Yıldırım Beyazit adına Yenimahalle Eyitim və Araştırma Xəstəxanasında bir aylıq təcrübə kursu keçib.
2 həkim və 10 tələbədən ibarət heyət araşdırma xəstəxanasının daxiliyyə və cərrahiyyə, təcili tibbi yardım üzrə bölmələrində, yenidoğulmuşlar, döş qəfəsi, yoluxucu xəstəliklər şöbələrində plastik və keysəriyyə əməliyyatlarını izləyib, doğuş palatalarında, genetik laboratoriyada iş prosesi ilə tanış olub, müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını öyrəniblər.
Tələbələr xəstəxananın tibb bacıları ilə birlikdə açıq ürək, kəskin apendisit, LOR, göz, keysəriyyə əməliyyatlarında, şəkərli diabet xəstələrində qanqrenli yaraların işlənməsində, müxtəlif manipulyasiyaların aparılmasında, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak edib, təcrübə mübadiləsi aparıblar. Heyət kursu başa vuraraq Naxçıvana qayıdıb.
Xatırladırıq ki, kollecin 4 həkim və 20 nəfərdən ibarət müəllim heyəti bu ilin avqust ayında Türkiyə Respublikası Ərzurum Atatürk Universitetinin xəstəxanasında təcrübə kursu keçib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti