Ötən əsrin sonlarından yayılmış hepatit B xəstəliyi iltihabi xəstəlik olub qaraciyər hüceyrələrini zədələyən virus tərəfindən törədilir. Virusun insan orqanizminə müxtəlif yollarla daxil olduğunu nəzərə alaraq son illər bu xəstəliyin profilaktikası üçün bir çox tədbirlər həyata keçirilir. Bura xəstəlik haqqında məlumat verən materialların yayılması, əhali arasında səhiyyə maarifi işinin aparılması və digər tədbirlər aiddir. Xüsusən yeni doğulmuş uşaqlarda bu xəstəliyə qarşı immunitet yaratmaq üçün peyvəndlərin dəqiqliklə aparılması əvəzedilməzdir.
Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan tibb işçiləri həm obliqat, həm də risk qrupuna (xüsusilə ginekologiya, stomatologiya, cərrahiyyə, hemodializ, laboratoriya şöbələrinin işçiləri) daxil olduqları üçün onların hepatit B virusuna yoluxma ehtimalı daha çoxdur. Odur ki, bu təhlükəli virus infeksiyası ilə qarşılaşmamaq üçün tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılması məqsədilə rayon mərkəzi xəstəxanalarında üç, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının dörd orta tibb işçisindən (vaksinator daxil olmaqla) ibarət briqada yaradılıb. Aksiya həm rayon mərkəzi xəstəxanalarının, həm də Naxçıvan şəhərindəki tibb müəssisələrinin işçilərini əhatə edir.
Bu aksiya üç turdan ibarətdir. Bu ilin fevral və mart aylarında aparılan birinci və ikinci turda Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində 33, Naxçıvan Muxtar Respublika Xəstəxanasında 33, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 16, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında 22, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzində 17, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsində 6, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində 7, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində 8 nəfərə hepatit B vaksini vurulub. Vaksin alan bütün tibb işçilərinin qanı Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə laboratoriyasında hepatit B virusuna qarşı analiz olunub və həmin qan nümunələrinin hepatit B-yə görə seroloji diaqnostikası aparılıb.
Tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılmasının üçüncü turu isə ikincidən 6 ay sonrakı müddətdə həyata keçirilir. Artıq bir neçə gündür ki, bu aksiyaya start verilib. Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində keçirilən aksiyada Naxçıvan Şəhər Poliklinikasının briqadası tərəfindən 21 nəfər hepatit B vaksini ilə immunlaşdırılıb.
Xatırladaq ki, muxtar respublikada ilk dəfə belə aksiya 2007-ci ildə, ikinci dəfə isə 2012-ci ildə Naxçıvan şəhərindəki cərrahi, ginekoloji və stomatoloji xidmətlə məşğul olan tibb müəssisələrində həyata keçirilib. Həmin müddətdə cərrahların, ginekoloqların, stomatoloqların və digər tibb işçilərinin böyük bir qrupu hepatit B vaksini ilə peyvəndə cəlb olunub. 2007-ci ildə peyvənd alan tibb işçilərinin hamısı 2012-ci ildə revaksinasiya edilib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti