Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov bildirib ki, səhiyyə sisteminin inkişafına dövlət qayğısının get-gedə artırılması, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yenidən qurulması digər sahələr kimi, endokrinologiyada da mühüm irəliləyişlərə şərait yaradıb. Əvvəllər fəaliyyət göstərən Endokrinoloji Dispanserin bazasında Naxçıvan Muxtar Respublika Xəstəxanasında Endokrinologiya şöbəsinin yaradılması səhiyyə islahatlarının tərkib hissələrindən biridir. Burada müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün də şərait yaradıb. Endokrinologiya şöbəsi tərəfindən şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların tətbiqi, xəstəliyin profilaktikasına dair maarifləndirici söhbətlərin aparılması, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Həkimlərin peşə bacarığının yüksəldilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Müasir müalicə metodlarının öyrənilməsi və tətbiqi üçün yüksəkixtisaslı mütəxəssislərin iş təcrübəsindən istifadə olunur. Bu gün inkişaf edən dünya səhiyyə sisteminin müasir nailiyyətlərinin öyrənilməsində, ondan faydalanmaqda elmi-praktik konfransların mühüm əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq bu işə daim diqqət yetirilir. Hər il Bakıdan gələn yüksəkixtisaslı həkimlər yerli həkimlərlə birgə bölgələrdə konsultativ söhbətlər, səhiyyə maarifi işi aparır, rayonlarda bu qəbildən olan xəstələrə baxış keçirir, onlara tibbi məsləhətlər verirlər.
Sonra Bakı şəhərində tibbi fəaliyyət göstərən endokrinoloji və metabolik xəstəliklər üzrə mütəxəssis, həkim Rövşən Həsənovun “Qalxanvarı vəz xəstəlikləri, diaqnostikası, müalicə taktikası” mövzusunda məruzəsi dinlənilib. Mütəxəssis şəkərli diabetin tipləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat verib. Bildirib ki, şəkərli diabet endokrin sistemin ən geniş yayılmış xəstəliklərindən biridir. Hər il qeydə alınan ölüm hallarının 5 faizi şəkərli diabet nəticəsində baş verir. Bu xəstəliklə mübarizə hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biridir.
Bildirilib ki, son illər ölkəmizdə onların müalicəsi, şəkərli diabetin profilaktikası istiqamətində mühüm tədbirlər görülüb. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun, 2006-2010-cu və 2011-2015-ci illəri əhatə edən “Şəkərli diabet üzrə Dövlət Proqramı” qəbul edilib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-endokrinoloqu Gülşən Həsənquliyeva tədbir iştirakçılarına məlumat verib ki, muxtar respublikamızda görülmüş tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təmin olunması işi xeyli yaxşılaşıb. 2007-ci ildə verilmiş qlükometr aparatları və test lövhələrindən ibarət özünənəzarət vasitələri yeniləri ilə əvəz olunub. Bu aparatlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Endokrinologiya şöbəsində qeydiyyatda duran hər bir xəstənin özünə ödənişsiz olaraq təqdim edilir. Eyni zamanda aparatla qanda şəkərin miqdarının təyin edilməsi qaydaları izah olunur.
Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün də şərait yaradıb. 2011-ci ildən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin laboratoriyasında şəkərli diabet xəstələri üçün qlükozalaşmış hemoqlobinin təyininin tətbiq olunması həmin xəstələrin qanında şəkərin miqdarına daha dəqiq nəzarət etməklə diabet əleyhinə dərman preparatlarının dozasının müəyyən edilməsini daha da asanlaşdırıb. Endokrinologiya şöbəsi tərəfindən şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların tətbiqi, xəstəliyin profilaktikasına dair maarifləndirici söhbətlərin aparılması, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə artıq beş ildən çoxdur ki, diabet məktəblərinin təlim, məşğələ və treninqləri təşkil olunur.
Muxtar respublikanın tibb müəssisələrində çalışan endokrinoloq, terapevt, pediatr, nevroloq, cərrah, ginekoloqların, rezident və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi və Naxçıvan Tibb Kolleci tələbələrinin iştirak etdiyi konfransda müzakirələr aparılıb, suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti