23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində görkəmli bəstəkar Qəmbər Hüseynlinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbir bəstəkarın həyat və yaradıcılığını əks etdirən videoslaydın nümayişi ilə başlanıb.
Sonra ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Qəmbər Hüseynlinin Azərbaycanın musiqi mədəniyyətindəki xidmətlərindən danışıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 noyabr 2015-ci ildə “Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncamdan irəli gələn vəzifələrin muxtar respublikada da həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2 dekabr 2015-ci il tarixli Sərəncamla “Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nı təsdiq edib.
Sonra Musiqişünaslıq kafedrasının müdiri, dosent İnara Məhərrəmovanın “Qəmbər Hüseynlinin həyat və yaradıcılığı” mövzusunda məruzəsi dinlənilib.
Vurğulanıb ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayıb. 1927-ci ildə Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul edilib. 1929-cu ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub. 1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər Hüseynli pedaqoji təhsilini Bakıda davam etdirib. İki il müddətində Bakı Musiqi Texnikumunda, tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alıb. Çox keçmir ki, o, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə “Tellər oynadı” romans-mahnısını bəstələyir və bu gözəl vokal əsəri ilə istedadlı bəstəkar olacağını təsdiqləyir. Gənc bəstəkar 1951-ci ildə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinə daxil olub və 1954-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. Görkəmli bəstəkarın yaradıcı­lığında mahnı və romans mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və sair əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil. Bəstəkarın 1948-ci ildə bəstələdiyi “Cücələrim” mahnısı bütün dünyada geniş yayılaraq əsl sənət incisinə çevrilib.
Tədbir görkəmli bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam etdirilib.

Nərmin Cabbarova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR