2016-cı ilin birinci rübündə muxtar respublikada mədəni-kütləvi tədbirlərin əhatə dairəsi genişlənmişdir. İlin əvvəlindən başlayaraq əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmiş, tamaşa və filmlər nümayiş etdirilmiş, 40-dan çox kitab və foto sərgiləri təşkil olunmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Naxçıvan şəhərində və rayonlarda 7 konsert vermiş, “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi”nin seçim turu başa çatmışdır.
Muxtar respublikada təhsilin yeni texnologiyalar, müasir tələblər əsasında inkişafına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Sərəncamın icrası diqqətdə saxlanılmış, muzeylərlə 200-dən çox təhsil müəssisəsi arasında 8 distant dərs, o cümlədən muzeylərdə hərbi-vətənpərvərlik mövzusunda 123 açıq dərs keçilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamının icrası məqsədilə tərtib olunmuş qrafik əsasında muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin kollektivləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri muzeyləri ziyarət etmiş, ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikaya gələn qonaqların muzeylərlə tanışlığı təmin edilmişdir. Muzey bələdçilərinin bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə diqqət artırılmış, muzey işi ilə bağlı 2 dəyirmi masa keçirilmişdir.
Muxtar respublikada kitabxanaçılıq işinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada elektron kitabxanalar yaradılmış, şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də kitabxanaçılıq işinin müasir tələblər əsasında təşkili təmin edilmiş, fondlar yeni kitablarla zənginləşdirilmişdir. Bu sahədə işlər 2016-cı ilin ötən dövründə də davam etdirilmiş, kitabxanalara 161 adda 3 min 602 nüsxə ədəbiyyat daxil edilmişdir. Kitabxanaçılar yaradılan şəraitdən istifadə edərək gənclərin mütaliəyə marağının artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Bu ildən başlayaraq təşkil olunan “Nağıl günləri” və “Mütaliə günləri” layihələri də bu məqsədə xidmət edir. Rüb ərzində muxtar respublikanın bir sıra kitabxanaları tərəfindən “Mütaliə günləri” layihəsi çərçivəsində 12, “Nağıl günləri” başlığı altında isə məktəbəqədər tərbiyə müəssisələrində 35 tədbir keçirilmiş, “Müasir gənclik və mütaliə mədəniyyəti” adlı dəyirmi masa təşkil olunmuşdur. “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində isə əlamətdar və tarixi günlərlə bağlı Naxçıvan şəhərində və rayonlarda 10 bədii və sənədli film nümayiş etdirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tanınmış yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyasının ilk tamaşası olmuş, Naxçıvan Dövlət Kukla və Uşaq teatrlarında müxtəlif tamaşalar səhnələşdirilmişdir. Ötən dövrdə xalq teatrları 7 tamaşa göstərmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə bağlı tədbirlər də davam etdirilmiş, muzeylərdə 3 açıq və 1 ustad dərs, eləcə də 1 kitab müzakirəsi keçirilmişdir. Həmçinin Naxçıvan Dövlət Universitetində Mədəniyyət və Turizm Nazirliyinin hamiliyinə verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrlə görüşlər keçirilmiş, “Naxçıvan Muxtar Respublikasının turizm-rekreasiya ehtiyatları” mövzusunda konfrans təşkil olunmuşdur.
Reklam işinin düzgün təşkili turistlərin cəlb olunması baxımından mühüm amildir. 2016-cı ildə bu amil diqqət mərkəzində saxlanılmış, 7 adda müxtəlif reklam-informasiya materialı nəşr etdirilmiş, muxtar respublikanın turizm potensialının təbliğinə diqqət artırılmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqların icrasına başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti