Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bildirib ki, YUNESKO-nun Abidələrin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə 1982-ci ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd insanların diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdir.
Nazir ümummilli lider Heydər Əliyevin Naxçıvanın tarixinin və qədim abidələrinin öyrənilməsi sahəsində həyata keçirdiyi tədbirlərdən və qəbul etdiyi qərarlardan danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu sahədə uğurlu nəticələr əldə edilib.
Bildirilib ki, bu gün Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Ali Məclis Sədrinin 2001-ci il aprelin 26-da imzaladığı “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamından sonra Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilib, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılıb. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilib, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanılıb. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il dekabrın 6-da imzaladığı Sərəncam isə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində yeni mərhələnin başlanğıcını qoyub. 2006-2014-cü illərdə muxtar respublikada aparılan araşdırmalar zamanı 1202 abidə qeydə alınaraq pasportlaşdırılıb. Ali Məclis Sədrinin 2006-cı ildə “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2009-cu ildə “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında”, 2010-cu ildə “Şahtaxtinskilər Muzeyinin yaradılması haqqında” və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2011-ci ildə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında”, 2012-ci ildə “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə “Gülüstan türbəsi”nin bərpası və tədqiq olunması haqqında” imzaladığı sərəncamlar da tariximizin və mədəni irsimizin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Naxçıvan abidələr diyarıdır” mövzusunda çıxışında muxtar respublika ərazisində mövcud olan qədim tarix və mədəniyyət abidələrindən danışıb. Alim eyni zamanda muxtar respublikada aparılan arxeoloji ekspedisiyalar və yeni tapıntılar haqqında fikirlərini də tədbir iştirakçıları ilə bölüşüb. Tapılan Neolit dövrünə aid arxeoloji abidələr Naxçıvanın çox qədim tarixinin göstəricisidir. Hər il ənənəvi olaraq xarici ölkə alimləri də bu arxeoloji qazıntılarda iştirak edirlər.
Sonra “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev “Əlincəqala – Azərbaycanın əyilməzlik simvolu” mövzusunda çıxış edib.
Tədbirin sonunda iştirakçılar tarix və mədəniyyət abidələrini əks etdirən rəsm, xalçaçılıq nümunələri, ağacişləmə, mis üzərində döymə işlərinə və kitab sərgisinə baxıblar. Muxtar respublikanın rayonlarında da Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub.
Əli RZAYEV