Aprelin 15-də Naxçıvan Dövlət Filarmoniyasında “Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Qəmbər Hüseynlinin rolu” mövzusunda AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar Təşkilatının, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Musiqi Kollecinin təşkilatçılığı ilə görkəmli bəstəkar Qəmbər Hüseynlinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 noyabr 2015-ci ildə “Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncamdan irəli gələn vəzifələrin muxtar respublikada da həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2 dekabr 2015-ci il tarixli Sərəncamla “Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nı təsdiq edib. Tədbirlər planında “Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Qəmbər Hüseynlinin rolu” mövzusunda konfransın keçirilməsi də öz əksini tapıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Bəstəkar Qəmbər Hüseynlinin həyat və yaradıcılığı”, Naxçıvan Musiqi Kollecinin direktoru Həsən Seyidov “Qəmbər Hüseynlinin Azərbaycan musiqisinin inkişafında rolu”, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov “Qəmbər Hüseynlinin Azərbaycan peşəkar musiqisində tutduğu mövqe”, Naxçıvan Dövlət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova “Qəmbər Hüseynlinin yaradıcılığının ümumi xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər.
Qeyd olunub ki, görkəmli bəstəkar Qəmbər Hüseynli qədim Gəncədə dünyaya göz açıb. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda o, Seyid Əzimin, Abbas Səhhətin, Sabirin, Aşıq Ələsgərin şeirlərini, xalq yaradıcılığımızın inciləri olan bayatıları bilirdi. Bir tərəfdən Gəncənin ədəbi-bədii mühiti, digər tərəfdən Gəncəyə yaxın olan Qarabağın musiqi dünyası onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərib. Bəstəkarın bəstələdiyi çoxsaylı mahnılar bu gün də dillər əzbəridir və respublikamızın tanınmış müğənnilərinin repertuarından düşmürlər.
Bildirilib ki, 1961-ci ildə dünyasını dəyişən, bu gün Gəncədə adına park, musiqi məktəbi, mahnı teatrı olan Qəmbər Hüseynli qısa ömründə əsl yaradıcılıq fədakarlığı göstərmiş bəstəkarlardandır desək, səhv etmərik. Onun əsərləri içərisində mahnı da, simli kvartet, fortepiano üçün pyeslər, teatr tamaşalarına musiqilər də var. Qəmbər Hüseynli o qədər uzun ömür yaşamasa da, öz əsərləri ilə gələcək nəsillərə həm də Vətən sevgisi, təbiətimizə, el-obamıza məhəbbət hissi dolu olan zəngin musiqisini yadigar qoyub.
Konfransın bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyası Qəmbər Hüseynlinin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.
Nərgiz İsmayılova