23 Dekabr 2024, Bazar ertəsi

Ölkə Prezidenti cənab İlham Əliyev 25 noyabr 2015-ci ildə “Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci il 2 dekabr tarixli Sərəncamı ilə “Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əla­qədar Tədbirlər Planı” nı təsdiq etmişdir. Tədbirlər planında muxtar respublikamızda Qəmbər Hüseynlinin 100 illik yubileyi ilə bağlı AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar Təşkilatı, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Musiqi Kolleci və kütləvi informasiya vasitələri tərəfindən bir sıra tədbirlərin və işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

1916-cı il aprelin 16-da qədim Gəncədə dünyaya göz açan Qəmbər Hüseynli qısa həyat və yaradıcılıq yolu keçsə də, həyatın sərt sınaqları ilə qarşılaşsa da, milli musiqi sənətimizə təkrarsız və özünəməxsus çalarlar gətirmiş, öz əsərləri ilə qəlbləri fəth edə bilmişdir. Muğam və el havalarını, aşıq musiqisini, Azərbaycan poeziyasını dərindən mənimsəyən bəstəkar həm də fitri istedadı sayəsində gözəl mahnılar və romanslar müəllifi kimi tanınmışdır.

Mahnı incəsənətin, musiqinin ən geniş yayılmış növü kimi qiymətləndirilir. Mahnılarda, nəğmələrdə insanların arzu və idealları, incə və ülvi hissləri tərənnüm olunur. Qəmbər Hüseynli də professional musiqi tariximizə məhz mahnı bəstəkarı kimi daxil olmuş, bütün yaradıcılığı boyu bu janra sadiq qalmış, vokal əsərləri ilə musiqimizə töhfələr vermişdir.
Müasirləri və bəstəkarın irsinin araşdırıcıları qeyd edirlər ki, Qəmbər Hüseynli mahnı yaradıcılığında həmişə estetik prinsipləri diqqətdə saxlayırdı. Sözün gözəlliyini, təsir qüvvəsini gözəl musiqi ilə vəhdətdə təqdim etmək bəstəkarı daim düşündürən sənət məsələlərindən idi. Bəstəkar özü də qeyd edirdi ki, musiqi ilk notlardan dinləyicidə gözəllik duyğusu oyatmırsa, qəlbdə həyəcan yaratmırsa, bəstəkarlıq etməyə dəyməz. Yüksək zövq, musiqi ilə bərabər, sözə də tələbkar olmaq onun əsas sənət prinsiplərindən idi. Buna görə də Qəmbər Hüseynlinin mahnıları və romansları bu gün də sevilə-sevilə dinlənilir. Bəstəkar həm klassik, həm də çağdaş Azərbaycan poeziyasının tanınmış şairlərinin şeirlərinə dəyərli musiqilər bəstələmişdir. Onun onlarla şairimizin sözlərinə yazdığı mahnılar və romanslar bu gün də müğənnilərimiz tərəfindən sevilə-sevilə ifa olunur.
Qəmbər Hüseynli yaradıcılığında məhəbbət lirikasının öz yeri vardır. Onun lirikası insanın ülvi duyğularının tərcümanıdır. Bəstəkarın bütün mahnılarında sözlə musiqinin sıx vəhdəti, melodiyaların şairanəliyi, ürəyəyatımlı­lığı, zərifliyi və axıcılığı diqqəti cəlb edir. Onun əsərlərində melodiya mahnının sanki canını təşkil edir. Yüksək ilham, harmoniya və orkestrləşdirmə onun yaradıcılıq yolunun düsturudur.
Bəstəkarın hələ 23 yaşında Cəfər Cabbarlının sözlərinə yazdığı “Tellər oynadı” romansı musiqi aləminə yeni istedadın gəldiyindən xəbər verirdi.
Qəmbər Hüseynlinin mahnı yaradıcılığının inciləri sayılan “İlk məhəbbət”, “Gülə-gülə”, “Ay işığında”, “Dağlar”, “Qonşuda qız sevənin”, “Yar yanında günahkaram”, “Gecələr uzanaydı”, “Düşür yadıma”, “Nə vaxta qaldı”, “Sənsən”, “Ceyran”, “Dolanım başına”, “Tel nazik”, “Söz olur”, uşaqlar üçün yazdığı “Salam, doğma məktəb”, “Qaranquşla söhbət”, “Dovşanım”, “Uşaq və buz”, “İdmançılar mahnısı”, dillər əzbəri olan və dünyanın 100-dən çox ölkəsində səslənmiş “Cücələrim” nəğməsi musiqimizdə mahnı janrının qızıl fonduna daxil olmuş sənət əsərləridir. Dünyanı qarış-qarış dolaşan “Cücələrim” mahnısı haqqında böyük bəstəkar Fikrət Əmirov demişdir: “Əgər Qəmbər Hüseynli ömrü ərzində tək bircə “Cücələrim” i yazsaydı, yenə kifayət edərdi ki, onu musiqi sənətimizin korifeyi kimi tanısınlar və sevsinlər”.
Bəstəkarın mahnılarını tanınmış Azərbaycan müğənniləri Şövkət Ələkbərova, Lütfiyar İmanov, Mirzə Babayev, Sara Qədimova, Əbülfət Əliyev, Fatma Mehrəliyeva, Gülağa Məmmədov, Rübabə Muradova, Nərminə Məmmədova, Məmməd Salmanov, Rahilə Həsənova və başqa müğənnilər özünəməxsus şəkildə ifa etmişlər. Bu gün də Qəmbər Hüseynlinin mahnıları Nuriyyə Hüseynova, Gülyaz Məmmədova, Eytiram Hüseyinov, Nəzakət Teymurova, Təyyar Bayramov, Sabir Əliyev, Aytən Məhərrəm­ova, Firuz Səxavət, Şahnaz Haşımova, Sədaqət Ulduz, Bəyimxanım Mirzəyeva, İlahə Əfəndiyeva, Ayşən Mehdiyeva və başqaları tərəfindən sevilə-sevilə oxunur. Bəstəkarın bir sıra mahnıları İran və Türkiyə müğənniləri tərəfindən də sənətkarlıqla ifa edilməkdədir.
Onun musiqi əsərləri içərisində müxtəlif janrlarda yazılmış musiqilərə də rast gəlmək mümkündür. Qəmbər Hüseynli hələ çox gənc ikən Gəncədə yaşayarkən Hüseyn Cavidin “Şeyx Sənan”, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, Cəfər Cabbarlının “Almas”, “Solğun çiçəklər”, Zeynal Xəlilin “Qatır Məmməd” və başqa əsərlərə musiqi bəstələmişdir. Sonralar isə bəstəkar tanınmış şair Mirmehdi Seyidzadənin “Qızılquş” poeması əsasında opera yazmışdır.
Tədqiqatçılar Qəmbər Hüseynlinin yaradıcılığından çox yazsalar da, bəzən bəstəkarın ömür yolunun çətinliklərindən, əziyyətlərindən az söhbət açırlar. O, hələ çox gənc ikən Stalin repressiyasının acılarını yaşamışdır. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi görkəmli şairlərimizin haqsız yerə məhvinə dözə bilməyən gənc Qəmbərin etirazı onun da həbsinə səbəb olmuşdu. 1943-cü ildə həbs edilən bəstəkara 10 il həbs cəzası vermişdilər. Lakin həbsxanada özünü yaxşı apardığı, həm də burada məhkumlardan ibarət ansambl yaratdığı üçün onu 1947-ci ildə həbsdən azad etmişlər. Xalq şairimiz Bəxtiyar Vahabzadə ilə bu illərdə tanış olan bəstəkar sonralar dostunun şeirlərinə musiqi bəstələmişdir. Bəxtiyar Vahabzadə isə bəstəkarın və özünün hansı qorxuların, əzab-əziyyətlərin şahid olduğunu, repressiya illərinin məşəqqətlərini 1988-ci ildə yazdığı “İki qorxu” poemasında sənətkarlıqla təsvir etmişdir. Görkəmli bəstəkar Qəmbər Hüseynlinin xatirəsinə həsr edilən poema poeziyamızda gözəl mahnılar müəllifinə həsr edilmiş ilk irihəcmli əsər kimi də qiymətləndirilə bilər:

Mənim dostum idi, mahnılarından
Torpaq ətri gələn bəstəkar Qəmbər.
Dillərdə gəzərdi bizim bir zaman
Qoşa yazdığımız şirin nəğmələr...
Şeiri dönə-dönə o, oxuyardı,
Sözün nəğməsinə dalar, uyardı.
Sonra dindirərdi astadan tarı,
Muğam naxışları, muğam xalları
Süzülüb axardı barmaqlarından
Külçə götürərdi söz dağlarından,
Alardı ilhamı sözdən, şeirdən,
Sənət meydanında çapan bəstəkar
Muğamdan nəğməyə keçərdi birdən
Şeirin nəğməsini tapan bəstəkar.

“İki qorxu” poemasında bəstəkarın həmin illərdəki ağır güzəranına işarə edilir, onun həbsi ilə bağlı səbəblərdən poetik dillə bəhs olunur. Bəxtiyar Vahabzadənin “İki qorxu” poeması şairin şəxsi dostluğu nəticəsində meydana çıxan əsər, bəstəkarla bağlı olan həyat hekayəsi kimi maraqla oxunur.
Qəmbər Hüseynli yaradıcılığı haqqında danışarkən ədəbiyyat, mədəniyyət, incəsənət tariximizdə qısa ömür yaşamış Mikayıl Müşfiq, Ərtoğrol Cavid, Asəf Zeynallı, Ülvi Rəcəb və başqa neçə-neçə sənətkarımız yada düşür. Onlar o qədər uzun ömür yaşamasalar da, öz həyat və yaradıcılıqları ilə insanlara sevinc, həyatsevərlik duyğuları bəxş etməyi bacaran şəxsiyyətlər kimi, xalqımızın sevimli sənətkarları kimi tanınırlar. Öz yaradıcılıqları ilə ölümə qalib gələn sənətkarlar həmişə xatırlanır və sevilir. Qəmbər Hüseynli də öz musiqisi və əyilməz ömür yolu ilə daim xatırlanacaq, onun mahnıları seviləcəkdir.
Qəmbər Hüseynlinin həmkarı, dostu, Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun unudulmaz sənətkar haqqında dediyi sözlər bir daha yada düşür: “Əsrlər ötüb keçəcək, amma xalqımız səni heç vaxt unutmayacaq. Hər dəfə “Nədən oldu”, “Sənsən”, “Söz olur”, “Sonalar kimi”, “İlk məhəbbət”, “Dolanım başına”, “Yar yanında günahkaram”, ümumiyyətlə, 100-dən çox mahnıların, romansların səslənəndə sənin parlaq obrazın, nurlu çöhrən gözlər önündə canlanacaq. Sənin “Ay işığında” mahnının xoş sədasından vətəni yalnız Şuşa olan xarı bülbül çiçəyi də titrəyir, elə bil ki, dil açıb danışmaq istəyir. Qardaş, sənətkar ölmür, sadəcə olaraq, dünyasını dəyişir”...

Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR