YUNESKO-nun Abidələrin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur.
Tаriх və mədəniyyət аbidələrinin qоrunmаsını bütün ölkə vətəndаşlаrının əsаs vəzifələrindən hesab edən ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq bu sahəyə böyük diqqət göstərmişdir. Müstəqillik dövründə isə ümummilli lidеrimiz bu sahədə kompleks tədbirlər həyata keçirmiş, tarixi-mədəni irsimiz elmi şəkildə öyrənilməyə başlanılmışdır. 1998-ci il аprеlin 10-dа “Tаriх və mədəniyyət аbidələrinin qоrunmаsı hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun qəbul оlunması bu sahədə qanunvericilik bazasının yaradılmasına, həyata keçirilən tədbirlərin daha geniş miqyas almasına və yüzlərlə tarixi abidəyə yenidən həyat verilməsinə səbəb olmuşdur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirərək tarix və mədəniyyət abidələrinin bərpasına diqqət və qayğı göstərir. Son illər bu sahədə işlər daha da genişləndirilmiş, abidələrimizin bir çoxu YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmışdır. Ölkə başçısının 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq olunması da tarixi abidələrin qorunması, bərpası, öyrənilməsi və təbliği istiqamətində görülən işlərin davamıdır.
Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngindir. Bu аbidələr nəinki Аzərbаycаn tаriхini öyrənmək, həmçinin Cənubi Qаfqаz və Yахın Şərqdə bаş vеrən tаriхi-mədəni prоsеsləri izləmək bахımındаn оlduqcа əhəmiyyətlidir. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək demişdir: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.
Muxtar respublikanın zəngin tarixi-mədəni və dini abidələrinin öyrənilməsi, tədqiqi və təbliğinə xüsusi diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2001-ci ildə “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncam imzalamış və buna uyğun olaraq Azərbaycan alimlərindən ibarət ekspedisiya yaradılmışdır. 2005-ci ildə isə Gəmiqаyа аbidəsinə yеni beynəlxalq еlmi еkspеdisiyа cəlb edilmişdir. Ekspеdisiyаların apardığı uğurlu tədqiqat işi nəticəsində Gəmiqаyа haqqında onlarla monoqrafiya, yüzlərlə elmi məqalə yazılaraq bu аbidənin ilk insan məskəni olduğu sübuta yetirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamından sonra muxtar respublikada bu sahəyə diqqət daha da artırılmış, tarix və mədəniyyət abidələri qeydiyyata alınaraq pasportlaşdırılmışdır. Tarix və mədəniyyət abidələrinin, o cümlədən arxeoloji abidələrin tədqiqi Azərbaycan tarixinin bir sıra mühüm məsələlərinə yenidən nəzər salmağa imkan vermiş, tariximizin qaranlıq səhifələri üzə çıxarılmışdır.
Muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması ilə yanaşı, onların bərpası da diqqət mərkəzində saxlanılır. Son illər Möminə xatın türbəsi konservasiya edilmiş, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılmış, Yusif Küseyiroğlu və Nuh türbələri, Naxçıvan şəhərindəki və Şərur rayonundakı imamzadələr, muxtar respublika ərazisindəki “Buzxana” abidələri, “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı bərpa olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında”, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” sərəncamları tarixi-mədəni irsimizin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
“Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamı Naxçıvanın tarixi abidələrinin qorunması və kompleks şəkildə öyrənilməsinə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Artıq Naxçıvanın bənzərsiz və özünəməxsus müdafiə istehkamı olan Əlincəqalada bərpa işləri başa çatdırılmış, giriş qapıları, bürclər, qala divarları, qədim yaşayış yerləri, hovuzlar, səngər və mühafizə yerləri əvvəlki tarixi görkəmi saxlanılmaqla bərpa olunmuşdur. Burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin yaradılması isə qala müdafiəçilərinin yaşayışı və qəhrəmanlıq tarixinin öyrənilməsinə öz töhfəsini verəcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 8 oktyabr tarixli Sərəncamına əsasən, hazırda Culfa rayonu ərazisindəki Gülüstan tarixi abidəsinin bərpası davam etdirilir.
Son illər muxtar respublikada tarixi abidələrin bərpası və təbliği istiqamətində aparılan məqsədyönlü işlər dünya ictimaiyyətinin də Naxçıvanın zəngin abidələrinə marağını artırmış, bu qədim diyarın 5 minillik şəhər tarixi beynəlxalq ekspedisiyaların da diqqətini cəlb etmişdir. 2006-cı ildən başlayaraq Naxçıvanda ondan artıq arxeoloji ekspedisiya fəaliyyət göstərir ki, onların ikisi beynəlxalq ekspedisiyadır. Beynəlxalq ekspedisiyaların fəaliyyəti Azərbaycan, o cümlədən Naxçıvan abidələri haqqında həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyətə malikdir. Son illər I Kültəpə, Ovçular təpəsi, Duzdağ, Qızqala və Oğlanqala abidələrində aparılan tədqiqatlar Naxçıvan tarixi ilə bağlı yeni elmi məlumatları aşkara çıxarmışdır.
Tarixi abidələrin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində görülən işlər artıq öz bəhrəsini verir. Bunun nəticəsidir ki, Naxçıvan bu gün dünyada ilkin yaşayış məskənlərindən biri kimi qəbul edilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularında beynəlxalq simpoziumların keçirilməsi mühüm əhəmiyyətə malik olmuşdur. Muxtar respublikanın tarixi yerlərinə ekspedisiyalar təşkil olunmuş, alimlərimiz xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına və folkloruna dair tədqiqatlar aparmış, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələr nəşr edilmişdir. Bir sözlə, beşminillik tarixə malik Naxçıvan şəhər mədəniyyəti əsas tədqiqat mövzusuna çevrilmişdir. Bu tədqiqatların nəticəsi və elmi sübutu olaraq “Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr olunması yalnız Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Son illər çap olunan “Naxçıvan tarixi atlası”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan tarixi” çoxcildliyi və digər kitablar da Naxçıvanın tarixi, bu qədim diyardakı abidələrin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbələrdir.
Abidələrin bərpası və təbliği tarixi keçmişimizin öyrənilməsi, mədəni irsimizin qorunması ilə yanaşı, turizmin inkişafına da mühüm töhfələr verir. Naxçıvanın tarixi abidələri öyrənildikcə, dünya ictimaiyyətinə çatdırıldıqca muxtar respublikanın turizm potensialı da durmadan artır, hər il minlərlə turist bu diyarın zəngin abidələrinin sorağına gəlir. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər üzrə tanışlıq turizminin ən ideal məkanlarındandır. Muxtar respublikada tarixi abidələrin bərpası, geniş tədqiqi və təbliği turistlər tərəfindən rəğbətlə qarşılanır. Naxçıvanda səfərdə olan qonaqlar öz vətənlərinə döndükdən sonra muxtar respublikanın tarixi-mədəni abidələri haqqında məqalələr yazır, öz təəssüratlarını həmvətənləri və dünya ictimaiyyəti ilə bölüşürlər.
Tarixi abidələr xalqımızın keçmişini, mədəni irsini və həyat tərzini özündə yaşadır. Buna görə də tarixi və mədəni irsi qorumaq hər birimizin vətəndaşlıq borcudur.
Vəli BAXŞƏLİYEV
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü