Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində keçirilən kollegiya iclasında “Şərq qapısı” qəzetinin 9 aprel 2016-cı il tarixli nömrəsində dərc olunan “Muxtar respublikamızda uşaq musiqi məktəblərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Təəssüf ki, həmin məktəblərin bəziləri bu şəraitdən düzgün istifadə edə bilmir” adlı məqalə müzakirə edilmişdir. Məqalədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Naxçıvan şəhər, Babək, Şahbuz və Kəngərli rayonlarının uşaq musiqi məktəblərində yaradılan şəraitdən düzgün istifadə edilməməsindən, tədrisin həyata keçirilməsində mövcud olan nöqsanlardan, müəllimlərin öz işinə biganə yanaşmasından bəhs olunurdu.
Kollegiya iclasında qeyd edilmişdir ki, nazirlik tərəfindən yaradılmış reyd briqadası mütəmadi olaraq məktəblərdə olmuş, əmək və iş intizamı ilə bağlı yoxlamalar aparmış, yoxlamaların nəticəsi kollegiya iclaslarında müzakirə edilmişdir. Həmçinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədrisin vəziyyəti ilə bağlı zona müşavirələri keçirilmiş, nöqsan və çatışmazlıqlar müzakirə edilmiş, onların həlli yolları araşdırılmış və aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.
Bildirilmişdir ki, yaradılan bu şəraitə, nazirlik tərəfindən həyata keçirilən məqsədyönlü işlərə baxmayaraq, hələ də bəzi məktəb direktorları işlərində dönüş yaratmamışlar. “Şərq qapısı” qəzetində çap olunan məqalədə də göstərilir ki, bəzi rayon mədəniyyət və turizm şöbələrinin müdirləri, məktəb direktorları işlərinə məsuliyyətsiz yanaşırlar. Onlar məktəbdə əmək və iş intizamı, müəllimlərin və şagirdlərin dərsə davamiyyəti, tədrisin səviyyəsinin yüksəldilməsi ilə bağlı konkret tədbirlər görməmiş, uşaq və gənclərin yaradıcılıq fəaliyyətinin artmasına, onların bu sahədə inkişafına biganə yanaşmışlar.
Nazirliyin kollegiyasının qərarına əsasən işdə yol verdiyi ciddi nöqsanlara görə Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Fəxrəddin Bağırov, Kəngərli rayonundakı Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin direktoru Yadigar Əliyev tutduğu vəzifədən azad edilmişdir.
Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin direktor əvəzi İntiqam Məmmədova və Kolanı Kənd Uşaq Musiqi Məktəbinin direktoru Akif Məmmədova axırıncı xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
İşində yol verdiyi nöqsanlara görə Babək Rayon Şıxmahmud Kənd Uşaq Musiqi Məktəbinin direktoru Orxan Rəsulluya töhmət elan edilmişdir.
Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən töhmət verilməsi nəzərə alınaraq kollegiyanın qərarına əsasən, Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sabiq İmanova nöqsanların aradan qaldırılması və görülən işlər haqqında nazirliyə 15 gün ərzində məlumat verilməsi tapşırılmışdır. Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ceyhun Fərəcova da işdə yol verdiyi nöqsanlara görə töhmət verilmişdir. Rayon mədəniyyət və turizm şöbələrinin müdirlərinə, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin direktorlarına əmək və iş intizamına, müəllim və şagirdlərin dərsə davamiyyətinə ciddi yanaşılması, qrup dərslərinin normalara uyğun aparılması barədə tapşırıqlar verilmişdir. Kollegiya iclasının qərarında qeyd edilir ki, görülmüş işlər haqqında bir aydan sonra nazirliyə yazılı arayış təqdim olunmalıdır.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova yekun vurmuşdur.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti