Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində ustad dərslərinin keçilməsi davam etdirilir.
Dünən Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçilib.
Ustad dərsləri başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova muxtar respublikanın bütün uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində keçilən ustad dərslərinin məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, məqsəd bu sahədə çalışan müəllimlərə və istedadlı şagirdlərə musiqinin incəliklərini öyrətməkdən, onların nəzəri və praktik təcrübəsinin artırılmasına köməklik göstərməkdən ibarətdir.
Sonra muxtar respublikanın tanınmış müəllim və musiqiçilərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Rəna Cəfərova (fortepiano ixtisası üzrə), Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev (tar ixtisası üzrə), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əbülfət Babayev (kamança ixtisası üzrə), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Məmmədov (nəfəsli musiqi alətləri ixtisası üzrə) müəllim və şagirdlərə ustad dərsi keçib, onları maraqlandıran sualları cavablandırıblar.
Əli RZAYEV