23 Dekabr 2024, Bazar ertəsi

Xalçalar firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün qədim ixtiralardan biri olmaqla yanaşı, əsrlər boyunca həm də incəsənətin ən yaxşı növlərindən sayılmışdır. Mənbələrdə qeyd edilir ki, Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Xalçalar haqqında müxtəlif əfsanələr, atalar sözləri, tapmacalar və digər hikmətli kəlamlar deyilmişdir. “Xalını xovuna sığallarlar”, “Xalça salan özü oturar”, “Xalçalı gəl, xalçalı get” kimi atalar sözləri bu sənət növünün dəyərindən soraq verir. Bu, bir daha sübut edir ki, xalçalar insan həyatında, sadəcə, bir aksesuar deyil. Necə ki şairlər, yazıçılar kitab yazırlar, orada öz fikirlərini şərh edib gələcək nəsillərə ərməğan edirlər, toxucular da belədir. Yəni toxucular da estetik zövqlərini xalçalarda əks etdirməklə bərabər, öz dövrlərinin ümumi mənzərəsini, o dövrün tarixini, bədii, siyasi tələblərini toxuduqları xalçalarda əks etdirirlər. Xalçaların üzərindəki naxışlarda bizə tarix ərməğan edilmişdir. Diqqətlə baxdıqda görərik ki, naxışlar bizimlə danışır, söhbət edir. Gəlin birlikdə bu əsrarəngiz tarixə səyahət edək. Bunun üçün, ilk olaraq, Naxçıvan xalçalarına baxaq. Məlumat üçün bildirək ki, X əsrə aid “Hüdud əl-aləm” (“Dünyanın sərhədləri”) əsərində naməlum müəllif Naxçıvanın zili toxunuşlu xalıları haqqında məlumat vermiş, bu xalıların şöhrətindən danışmışdır. 

 Naxçıvan xalçaları, əsasən, Şahbuzda, Kolanıda, Şərurda, Culfa və Ordubadda toxunurdu. Tədqiqatçılar Naxçıvan xalçalarını bədii və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölürlər.

Birinci qrupa müxtəlif dövrlərdə Naxçıvan ustaları tərəfindən yaradılan həndəsi naxışları olan xalçalar daxildir. Əsrlər boyunca onlar bədii nöqteyi-nəzərdən mükəmməlləşmiş, çalarları daha da gözəlləşmişdir. Xalçaların təsviri çox orijinaldır. Orta sahə zərif zolaqlardan ibarətdir. Qeyd edilməlidir ki, zolaq naxışları qədim zamanlardan Naxçıvan incəsənəti üçün səciyyəvidir.
Naxçıvan xalçalarının ikinci qrupuna XVII-XVIII əsrlərdə toxunan böyük xalılar daxildir. Belə xalıların bir neçəsi İstanbulda Türk və İslam Əsərləri Muzeyində saxlanılır. Naxçıvan xalçalarının sehrinə düşən, onun ilmələrinin dilini öyrənən Gülnarə Qəmbərova Naxçıvan xalçaları üzərində salınmış naxışların rəmzi mənalarını araşdırmışdır. Onun “Naxçıvan xalçaları üzərində salınmış naxışların rəmzi mənaları” məqaləsində oxuyuruq: “Naxçıvan xalçalarının formalaşması, müxtəlif kompozisiya və çeşnilərinin yaranması prosesi bir neçə mənbədən qaynaqlanmışdır. Bunların ən əsası və zaman baxımından ilkini heyvandarlıqla məşğul olub yarıköçəri həyat tərzi sürən əhalinin toxuduğu xalçalardır. Əsrlər boyu həyat tərzlərinin və təsərrüfat fəaliyyətlərinin nisbətən sabit, dəyişməz qaldığından bu mühitdə hazır­lanan məmulatların bədii xüsusiyyətləri, naxış və naxış kompozisiyaları, çeşniləri çox səthi dəyişikliklərə məruz qalmışdır. Damğa, totem və nişan xarakterli naxış və təsvirlərin mücərrəd, ümumiləşdirilmiş forması belə tipli xalçaların əsas bəzək ünsürlərini təşkil edir. Bu xarakterli təsvirlərə Naxçıvanın Ordubad rayonu ərazisində dövrümüzə qədər qalmış Gəmiqaya təsvirlərində (e.ə. IV-II minillik) də rast gəlirik. Bu üslublu xalçaların naxış motivlərinin sayı məhdud, ifa tərzi isə xeyli sxematik və həndəsidir. Bu tip xalça kompozisiyalarının bədii təsir gücünü artırmaq məqsədilə eyni naxış element­ləri kompozisiyada ritmik tərzdə bir neçə dəfə təkrarlanır”.
Qeyd edək ki, bu gün Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyası içərisində 264 xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab nümayiş etdirilir. İndi bu mədəniyyət ocağında Naxçıvan qrupuna aid 109 xalça nümunəsi mövcuddur.
Muzeyin bələdçisi Səadət Vəliyeva xalçalarda yer alan bir çox motivin mənası barədə danışaraq deyir ki, zili üzərində olan kvadrat naxışlar evin sahəsinə, rombvarı naxışlar isə qadın və qadının həyat yoluna bənzədilir. Xalçanın kənar hissələrində isə ana ilahəsi, mollabaşı adlanan təsvirlər var. Bəzi xalçalarda yer alan yarpaq təsvirləri balığa bənzəyir və xalça da bu səbəbdən balıq çeşnisi adlanır. Maral təsvirləri gənc­liyin, cavanlığın simvolu sayılır, xalçalarda təsvir olunan qızılgüllər isə cənnətin və sevginin rəmzidir.
Muzeydəki xalçalarda diqqətimizi çəkən əsas məqamlardan biri də xalçalarda romb naxışı və ortasında yer alan dörd ünsür təsviridir. Bu süjetli motiv, həqiqətən də, çox maraqlıdır. Qeyd edək ki, dörd rəqəminin dünyanın dörd səmtinin üfüqi simvolu olması əski türk yazılı abidələrində də qeyd olunmuşdur. “Gültəkin” və “Bilgə” xaqan abidələrində bildirilir ki, məkan anlamında dünyanın irəli-geri, sağ-sol olmaqla, dörd səmti vardır. Türklər də xaqanlıq yaratmaq üçün yürüşlərini məhz bu istiqamətlərə ediblər. Bəzi mənbələrə görə, dördlük – havanı (yel), suyu, torpağı, odu (istiliyi) bildirir. Yəni mövcudata dair nə varsa, onların canında bu dörd ünsür yer almışdır.
Xalçalarımızda hansı aşağıdakı simvolları müşahidə etmək olar?
Gül-çiçək və yarpaq naxışları. Naxçıvanda toxunan bir çox xalça üzərində ahənglə qurulmuş nəbati ornamentlərdə budaqlar əsas ana xətti, onların üzərində yerləşən gül-çiçək və yarpaqlar isə əlavə ünsürləri təşkil edir. Gül-çiçək, budaq, ağac ünsürlərinin birləşməsindən əmələ gələn ornamentlər xalça üzərində nisbətən səthi üslubda verilsə də, burada dövrün ənənəvi nəbati bəzəklərindən olan sərv, nar, ərik ağaclarının, lalə, qızılgül, qərənfil, nərgiz və sair güllərin təsvirlərini asanlıqla seçmək olur.
Lalə. Gül qönçəsini, ilahi eşqi simvolizə edir.
Səkkizguşəli ulduz (Septogram).
Səkkizguşəli ulduz Səlcuq mədəniyyət və sənətinin təməl fiqurlarından biridir. Kvadratla dairə arasında bir forma olan səkkizbucaqlı (oktagen) yerlə göy arasındakı əlaqənin keçid mərhələsini də simvollaşdırır. Günəş şüaları dünyaya, təxminən, 8 dəqiqəyə gəlir və bu baxımdan 8 rəqəmi kosmik tarazlığı da ifadə etməkdədir. Ordubadın Tivi kəndində 1930-cu ildə toxunan xalçada və muxtariyyətin şərəfinə toxunan xalçada səkkizguşəli ulduza rast gəlinir.
Üçbucaq. Bütün həndəsi formaların arasında ən mükəmməl olanıdır. Bundan başqa, üçbucaq “möhkəmlik”, “dəyişməzlik” və “dayanıqlılıq” anlayışlarını da ifadə edir. Müasir elmə görə Tanrı, insan və kainat üçlüyü bir üçbucağın küncləri kimi möhkəm əlaqəyə malikdir. Təpə nöqtəsi yuxarıya baxan üçbucaq göyün, aşağıya baxan üçbucaq isə yerin simvolu sayılır. Bunların iç-içə keçməsi səmavi möcüzələrin yer üzündə ortaya çıxmasını ifadə edir.
Qarmaq. Evin sahəsinə, bolluğa, bərəkətə işarədir.
Ordubad toxucularının əl işlərində ən çox romb, çiçək, eninə düz xətlər, Culfa rayonunda dördbucaqlar, heyvan motivləri yer almaqdadır.
Həyat ağacı. Türk inancında müqəddəs sayılan həyat ağacı Naxçıvan xalçalarında əsas təsvirlərdən biridir. Ümumiyyətlə, ağac, bitki aləmi ilə ruhsal vəhdət, insanın, nəslin, soyun, icmanın nəbatatla bağlılığı türklər qədər heç bir xalqda mövcud deyil. Ağac, bitki, göylük, nəbatat türk mədəniyyətinin mühüm anlayışlarıdır. Ağac simvolu türk şamançılığının, əsatir və folklorunun, etno­qrafiyasının, xalq sənətinin özəyini təşkil edir. Buna görə də türk mifoloji sistemlərinin tədqiqində ağac simvolunun təfsiri xüsusilə vacibdir. Altay yaradılış dastanlarında Ay və Günəşlə əhatə olunmuş doqquz budaqlı şaman ağacı, Abakan türklərində Dəmirdağda bitən yeddi budaqlı qayın ağacı təsvir olunur. Oğuz epik ənənəsində səmavi nurdan zahı olan ağacdan ilk insanların, o cümlədən mifik qəhrəman Buğu Təkinin doğulması epizodu yayılmışdır. Mifoloji qəhrəman Oğuzun ağac oğuşundan tapdığı qız (Yer yiyəsinin qızı) Göy xan, Dağ xan, Dəniz xanı dünyaya gətirir. Həyat ağacının çeşidli şəkil dəyişmələrindən olan Qaba ağac – nəsil ağacı türk folklorunda geniş intişar tapıb. “Kitabi-Dədə Qorqud”un poetik frazeologiyasında rast gəldiyimiz “Qaba ağac” ifadəsi, şübhəsiz ki, oğuz-qıpçaq xalqlarının əsatiri olan həyat ağacı ilə bağlıdır. Qaba ağacın kökləri yeraltı dünya və keçmiş, budaqları səma və gələcək anlamındadır: “Başı ala baxar olsam, başsız ağac! Dibi ala baxar olsam, dibsiz ağac!”
Ağacın quruması nəslin, soyun ölümü, ağacın canlılığı isə əksinə, dirilik, həyat deməkdir: “Qaba ağacın qurumuşdu, yaşardı axır”. Qorqud Atanın alqışlarından ən sayqılısı “qaba ağacın kəsilməsin”dir.
Heyvan motivləri. Bolluğu, bərəkəti, gücü simvolizə edir.
Quş motivi. Yerlə göyün əlaqəsini, intizarı,müqəddəsliyi ifadə edir.
Əjdaha motivi. Naxçıvan xalçalarında bu motivlə çox qarşılaşırıq. Əjdaha hava və suyun sahibi olan mifoloji varlıqdır.
Ayı. Muzeydə yer alan süjetli xalça üzərində təsvir edilən ayını xatırladan naxışın yuxarısı boz qurda, aşağısı ayıya bənzədilir. Boz qurd bildiyimiz kimi, türk, monqol və Altay mifologiyasında müqəddəs heyvandır. Oğuz türklərində boz qurd insanı təhlükədən xilas edən və qaranlıqda yol göstərən heyvandır. Süjetli xalçada yer alan ayıların (bozqurd) əhatə etdiyi insan və əhatədən kənarda qalan insan fiqurları çox maraqlıdır.
Dəvə. Naxçıvan Dövlət Xalça Muzeyində 2013-cü ildə toxunan şəddanın üzərində yer alan dəvə karvanı motivləri daim dövr edən əbədi həyatı simvolizə edir.
1950-ci ildə Sədərək rayonunun Kərki kəndində toxunan xalçada isə havada qanad açmış qartal, qoç təsvirləri son dərəcə maraqlıdır.
Bundan başqa, muzeydə yubileylər münasibətilə toxunan xalçalara da rast gəldik. Əminik ki, muxtariyyətin şərəfinə toxunan xalçalar gələcək nəsillərə firavanlıq simvolu kimi çoxlu mesajlar verəcək. 1984-cü ildə toxunan, Naxçıvanın 60 illiyinə həsr olunan xalçada bu torpağın vizit kartları sayılan “Möminə xatın” türbəsi, “Qarabağlar” türbəsi, “Aza körpüsü”, “Gülüstan” türbəsi təsvir olunmuşdur.
1914-cü ildə Maxta kəndində toxunan bir xalçada isə məişət mövzusu, yazın gəlişi təsvir edilmişdir. Xalçanın kənarlarında dahi şair Hafiz Şirazinin şeirlərindən bir bənd yazılmışdır. Muzeydə yer alan 1906-cı ildə Qarabağlar kəndində toxunan xovlu xalça Şərqin məşhur sənətkarı Firdovsinin “Şahnamə” dastanının motivləri əsasında toxunmuşdur. Rüstəm Zal və Söhrab təsviri ilə yanaşı, xalçada həyat ağacı təsviri də yer almışdır.
Sənətkarlıq nümunələri üzərində yer alan naxışlar yalnız gözəllik məqsədilə deyil, həmçinin gələcək nəsillərə bir çox düşüncəni yadigar qoymaq baxımından əhəmiyyətlidir. Bu naxışlar keçmişin bizimlə ünsiyyətidir. Deyilə bilməyən bir çox məqsəd bu yolla gələcəyə ötürülmüşdür. Bir çox sənətkarlıq nümunəsi kimi, xalçalar da tariximizin sirli şahidləridir.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR