23 Dekabr 2024, Bazar ertəsi

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Molla Nəsrəddin” jurnalının 110 illiyi münasibətilə “Molla Nəsrəddin – ədalətin carçısı” adlı elmi-nəzəri konfrans keçirilib. Konfransda “Naxçıvan” Universitetinin tələbələri iştirak ediblər.
Konfransı giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq tədbirin əhəmiyyətindən, “Molla Nəsrəddin” jurnalının fəaliyyəti və şərəfli tarixindən danışıb.
Tədbirdə kitabxananın şöbə müdiri Tamella Əsgərova “Molla Nəsrəddin – 110” mövzusunda məruzə edib. Qeyd olunub ki, “Molla Nəsrəddin” müsəlman Şərqində ilk satirik jurnal kimi fəaliyyətə başlayıb. Jurnalın birinci sayı 1906-cı il aprel ayının 20-də Tiflisdə çapdan çıxıb. Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilən “Molla Nəsrəddin” jurnalının həyat səhnəsinə qədəm qoyması və onun başında Cəlil Məmmədquluzadə kimi açıqfikirli bir ziyalının durması azadlıq dostlarını ürəkdən sevindirib. “Molla Nəsrəddin”in tarixi mübarizəsinin böyüklüyü onda idi ki, onun XX əsr Azərbaycan həyatının eybəcərliklərinə qarşı çevrilmiş bu amansız qəzəb və nifrətinin arxasında vətənə və xalqa böyük məhəbbət dolu bir ürək dayanmışdı. Bu, vətəni və xalqı hər cür ictimai rəzalətlərdən xilas etmək, onu müasir dünyanın qabaqcıl xalqları sırasına çıxarmaq arzusu ilə çırpınan ürək idi. Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir göstərib.
Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərovun “Molla Nəsrəddin və dünya ədəbiyyatı”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalovun “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” mövzularında çıxışları olub.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR