Təəssüf ki, həmin məktəblərin bəziləri bu şəraitdən düzgün istifadə edə bilmir
Musiqi mədəniyyətinin inkişafının tələb olunan səviyyədə təmin edilməsində istedadlı kadrların yetişdirilməsi ən vacib məsələlərdən biridir. Musiqi sahəsində ilkin addımlar sonradan professional sənətin bünövrəsinə çevrilir. Bu cəhətdən muxtar respublikada uşaqlara ilkin musiqi təhsili verən uşaq musiqi məktəblərinin üzərinə mühüm vəzifələr düşür. Çünki uşağın sonradan musiqini özünə peşə seçməsi və professional musiqiçi kimi yetişməsi məhz ilk musiqi müəllimindən, geniş mənada isə musiqi məktəbində təhsilin səviyyəsindən, tədrisin ixtisas və nəzəri fənlər baxımından kompleks şəkildə öyrədilməsindən çox asılıdır. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda təkcə Naxçıvan şəhərində deyil, rayon mərkəzlərində və kəndlərdə də uşaq musiqi məktəbləri üçün yeni binalar tikilir və ya əsaslı təmir olunur, yüksək maddi-texniki baza yaradılır. Məqsəd isə ondan ibarətdir ki, yuxarıda deyildiyi kimi, muxtar respublikada musiqi mədəniyyəti inkişaf etsin, istedadlı gənclər aşkara çıxarılsın, müvafiq sahə üzrə kadr potensialı formalaşsın.
Bəs bu məktəblərin kollektivləri necə, yaradılan şəraitdən düzgün istifadə edə bilirmi? Onlar qarşılarına qoyulan vəzifələrin öhdəsindən necə gəlirlər? Təəssüflər olsun ki, bəzi uşaq musiqi müəssisələrində bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ bilmirlər. Elə bu səbəbdən də gələcəyin ustad sənətkarlarının yetişdirilməsi işində vacib və ilkin mərhələ olan bəzi uşaq musiqi məktəblərinin fəaliyyətləri çox ciddi nöqsanlarla müşahidə edilir. Elə götürək Babək rayonunun Şıxmahmud Kənd Uşaq Musiqi Məktəbini. Müşahidələrimiz zamanı gördük ki, burada tədris çox aşağı səviyyədədir. Məktəbdə olduğumuz zaman cədvəl üzrə 30-a yaxın dərs olduğu halda, iki nəfər müəllimdən başqa heç bir müəllim dərs keçmirdi. Bu məktəb üçün 2008-ci ilin noyabr ayında yeni bina tikilib istifadəyə verilib, burada müasir şərait yaradılıb.
Təəssüf ki, Şıxmahmud Kənd Uşaq Musiqi Məktəbinin müəllim kollektivi bu şəraitdən düzgün istifadə etmək barədə düşünmək belə, istəmir. Məktəb kollektivinə xatırladırıq ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu məktəbin müəllimləri qarşısında ciddi vəzifələr qoyub: “Azərbaycan mədəniyyətinin, musiqisinin inkişaf etdirilməsində, xalq mahnılarımızın, folklorumuzun yaşadılmasında musiqi məktəblərinin xüsusi əhəmiyyəti vardır. Ona görə də yeni məktəblər açılır, musiqi məktəbləri üçün yaxşı şəraiti olan binalar tikilir. Bu sahədə çalışan müəllimlərimizin dərs yükü imkan verir ki, onlar musiqi tədrisi ilə lazımi səviyyədə məşğul ola bilsinlər. Uşaqlar öyrəndikləri musiqi alətlərini yaxşı ifa etməli, müəllimlərimiz isə onlara yaxşı musiqi təhsili verməlidirlər”. Ancaq təəssüf ki...
Naxçıvan şəhərinin Əliabad qəsəbəsində fəaliyyət göstərən uşaq musiqi məktəbində də müəllimləri tapa bilmədik. Cədvəl üzrə dərsləri olan Tərlalə Cəfərovanın, Sahibə Məmmədovanın, Afət Şahməmmədovanın işlərinə bu cür münasibəti düşündürücüdür.
Şahbuz Rayon Kolanı Kənd Uşaq Musiqi Məktəbində cədvəl üzrə dərslərdə iştirak etmək istədiyimizi bildirəndə cədvəlin olmadığını dedilər. Bəs dərslər nəyə əsasən keçirilir? sualımız cavabsız qaldı. Nəsimi Təhməzov və Şirin Şirinzadənin dərsləri olduğu halda, məktəb kollektivi səfərbər olub bu iki müəllimi tapa bilmədi. Fortepiano müəllimi Vüsal Ağaliyev isə, deyəsən, boş sinfə dərs keçirdi. Cədvəl üzrə dərsi olduğu halda, öz işinə biganə yanaşan direktor Akif Məmmədovun rəhbərlik etdiyi məktəbdə dərslərin boş keçməsi bizi təəccübləndirmədi. Çünki əmək intizamına, vəzifə borcuna ilk olaraq direktor əməl etməli, müəllimlərə nümunə olmalıdır. Direktordan uşaqların nə üçün dərsə gəlmədiklərini soruşduqda isə sualımız cavabsız qaldı. Əgər məktəb direktoru öz dərsinə belə yanaşırsa, məktəb müəllimlərindən necə nizam-intizam tələb edə bilər?
Düşündük ki, Şahbuz Şəhər Uşaq Musiqi Məktəbində vəziyyət yaxşı olar. Çünki ən azından bura rayon mərkəzidir. Amma təəssüf ki, burada vəziyyət daha acınacaqlı idi. Həmin gün 25-ə yaxın müəllimin dərsi olan məktəbdə bir neçə dərsdə iştirak etmək istədik. Nərminə Baxşəliyeva, Həsən Səfərov, Aytən Həsənli, Nahidə Mehdiyevanın dərsləri olduğu halda, dərslərin keçildiyini görmədik. İstər-istəməz düşünürsən: müəllim elə bir simadır ki, onun yetişdirdiyi şagird gələcəkdə cəmiyyətin bir üzvü olacaq. Gələcəyimizə belə münasibət göstərən müəllimə müəllim demək olarmı? Bəs həmin məktəbə rəhbərlik edən direktor necə? O, bu vəzifəyə layiqdirmi? Bəs onda Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyi hara baxır? Onun hər iki məktəbdə müşahidə etdiyimiz nöqsanlardan xəbəri varmı? Xəbəri varsa, niyə indiyə kimi heç bir tədbir görülməyib? Xəbəri yoxdursa...
Kəngərli rayonunun Çalxanqala Kənd Uşaq Musiqi Məktəbi də nöqsanlardan xali deyil. Bəxtiyar Hümbətovun, İntiqam Rzayevin dərsində heç bir şagird görmədik. Müəllimlərdən İntiqam Rzayevin dərsində iki şagird görəndə sevindik. Aydın oldu ki, bu iki şagird başqa qrupun uşaqlarıdır. Məktəbdə “yoxlama var” həyəcan təbili çalındığına görə məktəb kollektivi kişmiş oyunu oynamaq niyyətinə düşüb.
Məgər bu müəllimlər dövlətdən əməkhaqqı almırlarmı? Alırlarsa, nə üçün öz işlərinə bu qədər soyuq, biganə və laqeyd münasibət bəsləyirlər? Bu məktəblərdə çalışan müəllimlərin öz övladlarına bu cür münasibət göstərilərsə, onlar buna necə reaksiya verərlər?
Yaradılan şəraitdən düzgün istifadə edən məktəblərimiz də var. Onlardan Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbinin, Cəhri Kənd Uşaq Musiqi Məktəbinin, Naxçıvan şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin adlarını çəkə bilərik. Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin adını isə xüsusi qeyd etməliyik. Elə biz məktəbdə olarkən bir qaynarlıq hökm sürürdü. Ümumiyyətlə, məktəbdə yaradıcılıq və öyrətmək ab-havasını hiss etmək çətin deyildi. Məhz ona görədir ki, bu məktəb keçirilən müsabiqələrdə uğurlu nəticələr əldə edir.
Əziz oxucular! Müşahidə apardığımız uşaq musiqi məktəblərinin hamısı maddi-texniki bazaları gücləndirilmiş təhsil ocaqlarıdır. Ali Məclisin Sədri uşaq musiqi məktəblərinin birinin açılışında demişdir ki, musiqi məktəblərinin yaradılmasında əsas məqsəd uşaqların asudə vaxtının səmərəli təşkilindən, musiqi duyumu və qabiliyyəti olan uşaqların üzə çıxarılmasından, milli musiqimizin gələcək nəsillərə çatdırılmasından ibarətdir. Bu gün musiqi məktəblərinin müəllim və şagirdləri yaradılan şəraitdən düzgün istifadə etməli, ölkəmizin musiqi mədəniyyətinin inkişafına öz töhfələrini verməlidirlər. Musiqi məktəblərində milli musiqimizin şagirdlərə hərtərəfli öyrədilməsi imkan verəcəkdir ki, onlar gələcəkdə musiqi mədəniyyətimizin, milli dəyərlərimizin daşıyıcılarına çevrilsinlər. Ona görə də musiqi məktəblərində təhsil alan şagirdlərə gələcəyin qurucusu, milli dəyərlərimizin, mədəniyyətimizin daşıyıcısı kimi baxılmalıdır. Hər bir şagirdlə fərdi qaydada məşğul olunmalı, istedadı olan gənclər üzə çıxarılmalıdır.
Ancaq görünür ki, qarşıya qoyulan bu ciddi vəzifələri bəzi musiqi məktəblərinin kollektivləri dərk etmirlər. Ona görə də bu məktəblərdə tədrisin keyfiyyəti çox aşağı səviyyədədir. Bu da onunla bağlıdır ki, həmin məktəblərdə əmək intizamına, ümumiyyətlə, fikir verilmir. Düzdür, Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı müxtəlif tədbirlər həyata keçirir. Fevral ayında nazirlik tərəfindən musiqi məktəblərində tədris işinin təşkili ilə bağlı zona müşavirələri keçirilib. Məktəblərdəki şagird kontingentinin komplektləşdirilməsinin düzgün aparılmadığı, bəzi məktəblərdə ixtisas dərslərinin zəif keçildiyi, qrup dərslərində vəziyyətin qənaətbəxş olmadığı dəfələrlə qeyd edilib. Amma keçirilən tədbirlər heç bir nəticə verməyib.
P.S. Bu gün muxtar respublikamızda fəaliyyət göstərən böyük musiqi kollektivləri istedadlı və ixtisaslı kadrların yolunu gözləyirlər. Əgər bu kadrlar belə yetişdirilirsə, onların gözləməsi əbəsdir. Unutmaq olmaz ki, hər yeni nəsil möhkəm təməl üzərində qurulan sənət xəzinəsinə əlavələr edir, yeniliklər gətirir. Bu təbii və gözlənilən prosesin axarında sarsılmaz qüvvə olan gənclik durur. Məhz buna görə də istedadlı uşaqlara keyfiyyətli ilkin musiqi təhsili verilərsə, onlar gələcəkdə belə kollektivlərdə öz sözlərini deyəcək, muxtar respublikada musiqi mədəniyyətinin inkişafına töhfələrini verəcəklər.
Ancaq uşaq musiqi məktəbləri öz fəaliyyətlərini belə davam etdirməsələr…
Sara Əzimova