23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası zamanı muxtar respublika ərazisində qeydə alınıb pasportlaşdırılan abidələrin tədqiqi bu il də davam etdirilməkdədir. Belə abidələrdən biri də Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən Qız qalası abidəsidir.

Qızqala Oğlanqalanın şimalında, onunla üzbəüz yerləşir. Deyilənə görə, bir vaxtlar Arpaçayın bir qolu Oğlanqala ilə Qızqala arasından axırmış. Oğlanqalada yaşayan hökmdarın oğlu və Qızqalada yaşayan hökmdarın qızı bir-birinə vurulubmuş. Gecələr Oğlanqaladan Qızqalaya bir yol açılarmış, sevgililər bu yolla gəlib Arpaçayın üzərində, ay işığında görüşərmişlər. Onlar and içib əhdü-peyman edirlər. Kim əhdinə xilaf çıxsaymış, odda yanacaqmış. Bir gün oğlan yuxuya qalır, qızın görüşünə gedə bilmir. Ertəsi günü o biri tayda toy səsi eşidir. Öyrənir ki, bu, onun nişanlısının toyudur. Oğlan özünü günahkar hesab edərək bir tonqal yandırıb özünü tonqala atır. Ancaq onun günahı olmadığından odda yanmır, bir ağ daşa çevrilərək qalanın üzərinə düşür.

Arxeoloqların apardığı araşdırmalar zamanı Oğlanqala və Qızqalanın Erkən Dəmir dövründə vahid dövlət halında birləşərək Urartu işğalçılarına qarşı mübarizə apardıqları müəyyən edilmişdir. Azərbaycan-ABŞ birgə arxeoloji ekspedisiyasının araşdırmaları zamanı müəyyən olunmuşdur ki, bu iki qalanın ətrafındakı 487 hektarlıq ərazi müdafiə divarları ilə əhatə olunmuşdur. Bununla belə qədim Şərqin ən güclü quldar dövlətlərindən biri olan Urartu ilə müqayisədə bu, heç də böyük ərazi deyildi. Urartululara qarşı mübarizə aparan və öz müstəqilliklərini qoruyan Oğlanqala və Qızqala sakinlərinin gücü nədə idi? Ötən ilki tədqiqatlar zamanı beynəlxalq arxeoloji ekspedisiyanın əsas məqsədlərindən biri bu suala cavab tapmaq idi. Araşdırmalar zamanı müəyyən edilmişdir ki, Arpaçayın sağ sahilində Qızqala yaxınlığında Dəmir dövrünə aid böyük yaşayış yeri olmuşdur. Bu yaşayış yerinin sahəsi 80 hektara yaxındır. Qızqalanın yaxınlığında yerləşən Erkən Dəmir dövrünə aid Sədərək yaşayış yerinin sahəsi 20 hektar, Xələc yaşayış yerinin sahəsi 5 hektar, Qalacıq yaşayış yerinin sahəsi 10 hektardan artıqdır. Araşdırmalar göstərir ki, Erkən Dəmir dövründə Naxçıvanda güclü tayfa ittifaqları məskunlaşmışdır. Bu tayfalar həmçinin Azərbaycanın Arazdan şimalda yerləşən tayfalar, xüsusilə Göyçə hövzəsindəki tayfalar ilə sıx ittifaqda olmuşlar. Bunun nəticəsidir ki, urartuluların sərhədi Araz çayı ilə məhdudlaşmışdır. Azərbaycanın Arazdan cənubdakı ərazilərində xeyli Urartu qalası olduğu halda, şimalda, xüsusilə də Naxçıvan ərazisində Urartu qalaları yoxdur. Urartu mixi yazılarında da bu haqda heç bir məlumata rast gəlinmir. Urartu dövlətinin tarixini və mədəniyyətini tədqiq edən B.B.Piotrovski demişdir ki, əgər mixi yazılar qonşular haqqında susursa, bu, sərhədlərdə gedən ağır döyüşlərdən və məğlubiyyətdən xəbər verir.
Bu haqda Naxçıvan tarixi çoxcildliyinin I cildində Urartu hökmdarı II Argiştinin Sisian yaxınlığında tapılmış kitabəsi haqqında belə məlumat verilir: “Mənim qarşıma ...Etiuni ölkə­sinin çarı gəldi, ölkəsinin vergisini mənə verdi...” Kitabənin mətni Göyçə gölü hövzəsində yaşayan Etiuni tayfa birliyinin Naxçıvan yaxınlığında yerləşdiyinə işarə edir və bu konfederasiyanın böyük ərazini əhatə etdiyini təsdiq edir. Kitabənin mətni həmçinin Etiuni konfederasiyasına daxil olan tayfaların xərac verməklə işğaldan yaxa qurtardığını, həmçinin onların urartululardan nisbi asılılığını göstərir”.
Ötən il Qızqalada aparılan tədqiqatlar Cənubi Qafqaz və Yaxın Şərq tarixinin bir sıra qaranlıq məsələlərinə aydınlıq gətirmişdir. Keçən il aparılan araşdırmalar zamanı Qızqalada böyük çoxtəbəqəli yaşayış yerinin olduğu müəyyən edilmişdir. Hazırda yaşayış yerinin Orta Tunc dövrü təbəqəsi tədqiq edilməkdədir. Orta Tunc dövrünə aid mədəni təbəqənin qalınlığı 2 metrdən artıqdır. Məlum olduğu kimi, Cənubi Qafqazın bir sıra regionlarındakı yaşayış yerlərində Orta Tunc dövrü təbəqəsi yoxdur. Orta Tunc dövrü təbəqəsinə Şərqi Anadolu abidələrində də rast gəlinməmişdir. Orta Tunc dövrünün yaşayış yerləri başlıca olaraq Naxçıvanda və Araz çayından cənubdakı ərazidədir. Bu isə Orta Tunc dövrünə aid Boyalı qablar mədəniyyətinin Naxçıvanda formalaşdığını göstərir.
Tədqiqat işləri həmçinin yaşayış yerinin yaxınlığında yerləşən nekropolda da davam etdirilməkdədir. Nekropoldakı kurqanların tədqiqi zamanı Boyalı qablar mədəniyyətinin erkən mərhələsinə aid maddi-mədəniyyət nümunələri aşkara çıxarılmışdır. Tədqiqat zamanı ortaya çıxan maraqlı məqamlardan biri də qəbirlərdə insan skeletinin aşkar olunmasıdır. Məlum olduğu kimi, Cənubi Qafqazda Orta Tunc dövrü qəbirlərindən insan skeleti aşkar olunmadığından bəzi tədqiqatçılar bu mədəniyyəti hind-arilərə aid etməyə cəhd etmişlər. Aşkar olunan yeni faktlar bu nəzəriyyənin tərəfdarlarına güclü zərbə olmaqla, Naxçıvanda formalaşan Orta Tunc dövrü mədəniyyətləri arasındakı varislik əlaqələrini müəyyən etməyə imkan verir.
Tədqiqatlar zamanı yeni aşkar olunan faktlardan biri də indiki Ermənistan ərazisində yayılan “Təzəkənd mədəniyyəti” ilə bağlıdır. Özünəməxsus keramika məmulatı ilə fərqlənən bu mədəniyyətin adını ermənilər dəyişdirərək “Karmirberd mədəniyyəti” adlandırmışlar. Lakin Yaycı nekropolundan və ötən il tədqiq edilən kurqanlardan tapılan boyalı qablar bu mədəniyyətin Naxçıvanda yaşayan tayfalarla bağlı olduğunu bir daha təsdiq edir. Şübhəsiz ki, gələcək tədqiqatlar bu məsələni daha da aydınlaşdırmağa imkan verəcəkdir.
Qalatipli yaşayış yerləri, oturaq əkinçilik mədəniyyətinin fasiləsizliyi və rəngarəngliyi ilə fərqlənən Naxçıvanın Orta Tunc dövrü mədəniyyəti dünya alimlərinin böyük marağına səbəb olmuşdur. Bu nailiyyətlər muxtar respublikada tariximizə, tarixi abidələrimizə və mədəni irsimizə diqqət və qayğının sayəsində əldə edilmişdir.

Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR