Tarixən diyarımızın yaşayış məntəqələrində qala qapıları, çeşmələr, meydanlar, məscidlər, bazarlar əhalinin sıx toplaşdığı məkanlar kimi yadda qalıb. Təsadüfi deyildir ki, bu gün şifahi xalq ədəbiyyatı nümunələrində “çeşmə başı”, “qala qapısı”, “bazar meydanı”, “məscid həyəti” və başqa bu kimi bir çox ifadəyə tez-tez rast gəlinir. Elə tarixin müxtəlif dönəmlərində tikilən hamamlar o yerin sakinləri üçün rahatlığın, təmizliyin, mənəvi istirahətin məkanları sayılmaqla bərabər, ünsiyyət qurmanın, maraqlı söhbətlərin, dünyanın gəldi-gedəri haqqında müzakirələrin də ünvanı olub. Müxtəlif xalqlarda olduğu kimi, bizim də folklorumuzda hamamla bağlı deyimlərin, atalar sözlərinin, mahnıların, şeirlərin olması bizdə hamam mədəniyyətinin qədim tarixi olduğunu göstərir.
Azərbaycanlı alim və tədqiqatçıların apardığı araşdırmalardan da məlum olur ki, ilk hamamların yaranması türkdilli xalqların formalaşması prosesinə təsadüf edir. Tarixçilərin əksər araşdırmalarına görə, ilk fərdi və ictimai hamamlar Şərq ölkələrinə, eləcə də Azərbaycana aid olub. Bəzi tarixi mənbələrə görə, hamam mədəniyyəti türklərin qədim əcdadlarından başlayıb. Məsələn, tarixi qaynaqlardan birində şumer xaqanı Bilqamısın xüsusi bir yerdə su ilə yuyunmasına dair məlumatlar var.
Naxçıvanda fərdi və ictimai hamamların əhatə etdiyi ərazilərin genişlənməsi İslam dininin yayılmasından sonra daha geniş vüsət alıb. Təmizlik İslam dinində müsəlmanlığın təməl prinsiplərindən olduğundan ibadət edən insanların suya, eləcə də fiziki cəhətdən paklanmağa ehtiyacı olması səbəbindən quyular, bulaqlar, kəhrizlər, eləcə də suya böyük tələbat olduğu hamamlar mühüm əhəmiyyət daşımağa başlayıb. Su quyularının və hamamların günümüzə çox az hissəsi gəlib çatsa da, bu gün Naxçıvan şəhərində, eləcə də bölgələrimizdə onlarla kəhriz vardır.
Sütunları və günbəzi olan qədim hamamlarda, adətən, bir neçə hücrələr inşa edilib. Həmin otaqlar ayrı-ayrılıqda paltarların soyunub-geyinilməsi, onların saxlanılması, yuyunma, müxtəlif dəri xəstəliklərinə görə təbii bitkilərdən hazırlanmış məlhəmlərin qoyulması məqsədinə xidmət edib. Vaxtilə Naxçıvan hamamlarında mövcud olan xidmətlərin arasında çimməkdən əlavə, müxtəlif yağlardan istifadə etməklə indi adı müasirləşdirilib masaj deyə tanıdılan ovxalama da olub. Bu iş üçün hamamlarda xalq təbabətindən yaxşı anlayan xüsusi adamlar ayrılıb. Hamama gələn insanlar ovxalamadan fiziki və psixoloji yorğunluğu aradan qaldırmaq, bədənin müxtəlif nahiyələrində qan dövranını yaxşılaşdırmaq üçün istifadə ediblər. Belə məkanlarda insanların saçını kəsən, onlara xına, vəsmə və başqa təbii boyalar qoyan bərbərlər çalışıblar. Yuyunandan sonra insanlar xüsusi ilıq havası olan otaqda tərlərini soyudub, çay içə-içə dincələ biliblər. Sanitar və gigiyenik funksiyalarıyla yanaşı, Naxçıvan hamamları məhəllə sakinlərinin toplaşıb yeni xəbərləri müzakirə etdikləri yer kimi də tarixə düşüb.
Şahtaxtı kəndində bir şamla isidilən hamamın sirri
Naxçıvanın müxtəlif yaşayış məntəqələrində tarixi ta qədimlərə gedib çatan hamamlar olub. Bunlar arasında elələri də olub ki, onlar haqqında əfsanələr, rəvayətlər dillər əzbərinə çevrilib. Onlardan biri də Kəngərli rayonunun Şahtaxtı kəndində yerləşən hamamdır. Kənd ağsaqqallarının dediyinə görə, bu hamam nə kömürlə, nə də odunla qızdırılıb. Bu hamamı qızdıran vur-tut bircə şam olub. Rəvayətlərə görə, əsrlər öncə Şahtaxtı kəndindən dini təhsil almaq istəyən bir gəncin yolu İsfahana düşür və orada olduğu müddətdə XVII əsrin ən məşhur din xadimlərindən biri, ensiklopedik bilikli alim, türk əsilli Şeyx Bəhaəddin Əl Amili (Şeyx Bəhai) ilə tanış olmaq imkanı qazanır. Şeyx fiqh, hədis, təfsir, kəlam, əqaid kimi sırf dini elmlərlə yanaşı, həm də dünyəvi elmlər sahəsində misilsiz məharət sahibi olub. Onun hesab, həndəsə, astronomiya, coğrafiya sahələrində dəyərli araşdırmaları bütün Şərq aləmini öz ziyasına qərq edib. Şeyx Bəhai həm də nüfuzlu dövlət xadimi Səfəvi hökmdarı Şah Abbasın sevimli vəziri olub. Onun dünyanı heyrətləndirən ixtiralarından olan, alimə böyük şöhrət gətirən və haqqında əfsanələr danışılan daha bir əsəri – İsfahandakı şam ilə isidilən hamam Şahtaxtıdan dini təhsil üçün yola düşən adamı daha çox maraqlandırır. Hamamın zirzəmisinə heç kim buraxılmır, ancaq həmin adam işçi kimi bir müddət cüzi bir miqdarda pul qarşılığında hamamda çalışmağa başlayır və imkan tapıb bu hamamın sirrini öyrənə bilir. Bundan bir müddət sonra həmin şəxs Şahtaxtına qayıdıb ruhani fəaliyyətlə məşğul olur, eyni zamanda İsfahanda gördüyü hamamın eynisini tikdirir. Çox keçmir ki, bu hamamın şan-şöhrəti ətrafa yayılır, qonşu ölkələrdən belə, bircə şamla yanan bu hamamın sirrini açmaq üçün gəlirlər.
Əslində, bu hamamın işləməsinin sirri bircə şamın işığında gizlədilib
Nisbətən yaşlı kənd sakinləri ilə söhbətlərimizdə müxtəlif fərziyyələr irəli sürüldü. Onların dediyinə görə, həmin ruhani guya hamamın su anbarının (buna xəznə deyirlər) altında adi bir şam qoyubmuş və bu şam gecə-gündüz yanaraq bütün xəznədəki suyu qızdırırmış. Ancaq bu hamamın sirrini açmaq üçün bizə İsfahanda Şeyx Bəhainin tikdirdiyi hamamın tarixçəsinə qısa nəzər salmaq kifayət edir. Alimlərin araşdırmaları nəticəsində hamamın fəaliyyət mexanizminin sirri, demək olar ki, tamamilə açılıb. Şeyx Bəhai suyu isitmək üçün şamın cüzi istiliyindən deyil, üzvi gübrələrdən yaranan yanar qazlardan istifadə edibmiş. Üzvi gübrələrdə gedən təbii proses nəticəsində tullantılardan metan qazı və kükürd oksidi ayrılırmış. Həmin qazlar saxsı borular vasitəsilə hamamın altındakı xüsusi fəzaya nəql edilir və burada yandırılırmış. Üstəlik, Şeyx Bəhai qazanxananı və suyu ötürən boruları aşağı əyarlı da olsa, qızıldan hazırlayıbmış. Metalların içində qızılın ən yüksək istilikkeçirmə qabiliyyətinə malik olması hamamın isidilməsində az enerji istifadəsinə səbəb olurmuş. Orada yanan şam isə hamamın isidilməsinin sirrini gizlətmək, bu möcüzəni görmək üçün gələnlərin sayını artırmaq üçünmüş. Çox güman ki, Şaxtaxtıdakı hamamda da eyni prinsip tətbiq olunmuş, əsl həqiqət şam işığında gizlədilmişdi.
Kənddə fəaliyyət göstərən Şahtaxtinskilərin ev-muzeyinin direktoru Ramiz Şükürov ilə söhbət zamanı dedi ki, hаmаmın XIX əsrin II yаrısındа İsа Sultаn Şаhtахtlının bаbаsı İsа Sultаn tərəfindən tikdirildiyi haqda məlumatlar olsa da, hamam binasını arxitektura quruluşuna görə daha qədim tarixi abidələr sırasına daxil etmək olar. Çox güman ki, hamam İsа Sultаn tərəfindən bərpa edildiyi üçün onu XIX əsrə aid edirlər.
Burada apardığımız müşahidələr zamanı gördük ki, hаmаm düzbucаqlı formаdа, 20х10,5х6,4 metr ölçüdədir. Ümumi sаhəsi 210 m² olаn hаmаmın soyunmа, yuyunmа zаllаrı, onlаrа birləşdirilən köməkçi otаqlаr və ocаqхаnа üç sfеrik günbəzlə örtülüb. Su mənbəyinin yüksəkdə yеrləşməsi hаmаmın su еhtiyаcını аsаnlаşdırıb. Soyunmа və yuyunmа zаlı bir-biri ilə kiçik tаmburlаr vаsitəsilə birləşir. Onlаrdаn birbаşа yuyunmа zаlınа birləşik kiçik otаğа giriş vаr. İsti və soyuq sulu hovuzlаr dа yuyunmа zаlınа bitişikdir. Kеçmişdə хəznənin su еhtiyаcı sахsı borulаr vаsitəsilə ödənilirmiş. Хəznə binаnın cənub tərəfindədir. Yuyunmа zаlı və onа birləşik otаqlаrın аltındаn isti hаvаnın kаnаllаrı kеçir. Kаnаlın bir ucu ocаğа, digər ucu isə bаcаyа birləşdirilib. Bаcаlаrdаn biri ocаğın üstündə, digər ikisi isə yuyunmа və soyunmа zаllаrının üzərindədir. Hаmаmın işlədiyi son dövrlərdə buranı isitmək üçün sаmаndаn istifаdə еdilib. Kənd sаkinləri ilə söhbətlərdən belə məlum oldu ki, hаmаmı 2-3 bаğ sаmаnı yаndırаrаq isidərmişlər. Sаmаn tеz yаnıb qurtаrmаsın dеyə bаcаnın аğzını tıхаrmışlаr. Bu üsullа əlаvə yаnаcаqdаn istifаdə еtmədən hаmаm 2-3 gün fəаliyyət göstərərmiş. Kеçən əsrin ortаlаrındаn hаmаmı mаzutlа qızdırmаğа bаşlаyıblаr.
Hаmаm özünün ilkin quruluşunu və funksionаl хüsusiyyətlərini indi də qoruyub sахlаyıb. Bir çoх hаmаmlаrdаn fərqli olаrаq, Şаhtахtı hаmаmı yаrım yеrаltı hаmаm sаyılır. Hаmаmın kəndin mərkəzində yеrləşdirilməsinin bir nеçə səbəbi vаr. Kənd sаkinlərinin sözlərinə görə, kеçmişdə bu hаmаm həm də kənd sаkinlərinin istirаhət yеri olub. Burаdа pəhləvаnlаr gücünü sınаyıb, хаlq tаmаşаlаrı göstərilib.
P.S. Son illərdə tarixi abidələrimizin bərpasına xüsusi diqqət yetirilir, onlara yeni həyat verilir. Bu tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin Dədə Qorqud meydanında yerləşən XVIII əsrə aid İsmayılxan hamamı, Ordubad rayonundakı qədim Şərq hamamı bərpa olunub. Ötən ilin sonlarında Naxçıvan şəhərinin “Əlincə” məhəlləsində Şərq hamamının istifadəyə verilməsi bu baxımdan milli ənənələrə bağlılığın növbəti nümunəsi kimi qiymətləndirilir. Şərq hamamının istifadəyə verilməsi Naxçıvan şəhərinin Şərq özünəməxsusluğundakı yerini tamlığı ilə doldurmaqla yanaşı, şəhərimizin milli ənənələrə sadiqliyini də bir daha göstərmiş oldu. Əminliklə demək olar ki, Şeyx Bəhai hamamının əkizi ilə də tarixçilərimiz, mühəndislərimiz maraqlanacaq, bu bənzərsiz sənət nümunəsinin yenidən həyata vəsiqə almasında öz sözlərini deyəcəklər.
Səbuhi Hüseynov