23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən rəsm sərgisi açılıb.
Sərgidə əksəriyyəti gənc­lərdən ibarət olan 12 rəssamın 20-dən çox əsəri nümayiş etdirilir.

Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, habelə Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar barədə danışıb.
Ülviyyə Həmzəyeva bildirib ki, ermənilər son iki əsrdə öz havadarlarının köməyi ilə xalqımıza qarşı davamlı olaraq soyqırımı siyasəti həyata keçiriblər. Məkrli və qaniçən erməni cəlladlarının 1918-ci ildə respublikamızda soydaşlarımızı qətlə yetirərək etnik təmizləmə siyasəti həyata keçirməsinin əsl mahiyyəti ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında açılıb.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vurğulayıb ki, Azərbaycan xalqı, bütün mütərəqqi bəşəriyyət bu amansız qətliamı heç zaman unutmayacaq. Bu faciənin bədii ədəbiyyat, kinofilmlər, musiqi və rəsm əsərlərində əks olunaraq gələcək nəsillərə, eyni zamanda dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər aparılır.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin baş fond mühafizi, sənətşünas Nizami Alıyev çıxışında deyib ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasəti qədim və əzəli Azərbaycan torpağı olan Naxçıvandan da yan keçməyib, azğınlaşmış ermənilər burada da qanlı faciələr törədiblər. Onlar Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə basqınlar edib, əhaliyə divan tutub, qadınları, uşaqları, qocaları belə, öldürüb, heç kimə rəhm etməyiblər.
Qeyd olunub ki, belə bir vaxtda Naxçıvan ərazisi Azərbaycan xalqının qəddar düşməni, Türkiyədə hərbi andına xəyanət etdiyinə görə cəzalandırılan Andranik Ozanyanın hücumlarına məruz qalıb. 1918-ci il iyul ayının 24-də Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən Andranik öz qoşunları ilə Culfa bölgəsinin Yaycı kəndi yaxınlığında Arazı keçərək Naxçıvan ərazisinə daxil olub. Həmin vaxt Yaycıda 2 min 500 nəfər qətlə yetirilib. Andranik qərbə doğru irəliləyərək Aza, Düylün, Dizə kəndlərinin əhalisini qılıncdan keçirib. Həmin vaxt ermənilər Gilançay və Əlincəçay vadilərində çoxlu kəndi dağıdıb viran qoyub, əhalinin əksəriyyətini vəhşicəsinə qətlə yetiriblər.
Sonra sərgiyə baxış olub.
Sərgi aprelin 1-dək davam edəcək.

Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR