Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə təşkilatçılığı ilə bu ilin aprel-noyabr aylarında “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016” keçirilir.
Martın 10-da start verilən müsabiqənin ilk seçim turuna 100-dən çox iştirakçı qatılmış, bu turda 51 nəfər fərqlənərək müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanmışdı.
Dünən Naxçıvan Dövlət Filarmoniyasının zalında ikinci seçim mərhələsi olmuşdur. İkinci seçimin ilk günündə Naxçıvan şəhəri üzrə 8, Babək rayonu üzrə 7, günün ikinci yarısında isə Culfa rayonundan 15 nəfər iştirak etmişdir. Seçim başlanmazdan əvvəl təşkilat komitəsinin üzvü, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev çıxış edərək müsabiqənin məqsəd və şərtləri haqqında bir daha məlumat vermiş və ilk seçimin nəticələrini elan etmişdir. Bildirilmişdir ki, ikinci seçimdən sonra növbəti mərhələdə 12 iştirakçının öz istedadını göstərməsi nəzərdə tutulur. O, müsabiqə iştirakçılarına bir daha uğurlar arzulamışdır.
Bu gün isə münsiflər heyəti ikinci seçim turunda Şahbuz rayonundan 8, Sədərək rayonundan 2, Ordubad rayonundan 4, Şərur rayonundan 3, Kəngərli rayonundan 4 nəfər iştirakçının ifalarını 10 ballıq sistem üzrə qiymətləndirəcəkdir.
Əli RZAYEV